Paris türkcə danışdı, ağladı...

Paris türkcə danışdı, ağladı...
10 may 2018
# 17:53

Kulis.az siyasi elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidlinin “Paris türkcə danışdı, ağladı...” yazısını təqdim edir.

Doğrusunu yazsam, ən çox oxuduğum və sevdiyim böyük filosofların, alim və sərkərdələrin vətəni, inqilablar şəhəri Paris heç vaxt mənim üçün cəlbedici olmayıb. Fransaya, Parisə qarşı içimdə bir qırğınlıq olub. Səbəbi ilk Avropa səyahətimi gözümdə qoyan bir hadisə də ola bilər, bu şəhərə böyük ümidlərlə pənah gətirən Cümhuriyyət öndərlərimizə biganəliyi, onları aclıq və səfalət içində torpağa gömməsi də...

Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə Parisə, UNESCO-nun mənzil-qərargahında təşkil olunacaq “Mənəvi yenilənmə və mədəni miras: keçmişdən gələcəyə türk dili” Forumuna gedəndə də Eyfel qülləsi ilə üz-üz dayanmayanadək Parisi hiss etmədim.

Əslində böyük öndərlərimizin ruhunun dolaşdığı Paris şəhəri də, torpağı da bizim üçün müqəddəsdir. Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan bəyin Əlimərdan bəy Topçubaşovun məzarı üzərində söylədiyi kimi, Paris həm də bir türk şəhəridir. Çünki o, Əlimərdan bəy Topçubaşovun, Ceyhun Hacıbəylinin və türk dünyasının müxtəlif yerlərindən gələn onlarla istiqlal fədaimizin canlı bədənini qucaqlayıb, torpaqlaşdırıb özünə qatıb.

MİRASINA SAHİB ÇIX, RUHƏN YENİLƏN!

Bu, Qazaxıstanın 2 ildir başlatdığı “Ruhani Yenilənmə” (Ruhani Janğıru) ideoloji siyasi xəttinin ana sütununu təşkil edir. Proqram millətin potensialının gücləndirilməsi, mədəniyyət və ideologiyanın daha da inkişaf etdirilməsini nəzərdə tutur. TWESCO tərəfindən UNESCO-da təşkil olunan Forum da mənəvi yenilənmə, türk dilinə bu təşkilatda rəsmi status almaq istəyindən doğub.

Forumdan bir gün öncə Türküstan Muxtariyyətinin lideri, böyük qazax siyasi xadimi Mustafa Çokayın Parisin Nojan-Sür-Marn rayonunda ucaldılan büstünü ziyarət edirik.

M.Çokay 1918-ci ilin yanvarında Türküstan hökumətinə başçılıq edib. 1918-ci ildə hökumət bolşeviklər tərəfindən dağıdıldıqdan sonra, 1921-ci ildə Avropaya mühacirət edib. İstanbulda “Yeni Türküstan” jurnalını nəşr edib və Avropada “Prometey” təşkilatının üzvü kimi Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə bolşevizmə qarşı birgə mücadilə etdiyi silahdaşlarından biri olub. Çokay həyatının ən məhsuldar son 20 ilini Parisdə keçirib. O, burada yaşayan Azərbaycan mühacirləri Ə.Topçubaşov və C.Hacıbəylı ilə dostluq edib. Onlar tez-tez görüşüb və birgə mübarizə planları hazırlayıb və fikir mübadiləsi ediblər.

M.Çokayın büstünün qarşısına əklil qoyduğumuz vaxt xeyli sakit görünən küçənin yuxarı tərəfindən bir nəfərin sürətlə bizim toplaşdığımız yerə doğru addımladığını görürük. Bu, büstün yerləşdiyi Nojan-Sür-Marn (Nogent-sur-Marne) rayonunun meri Jan Jak Pol Martan idi. Sadə, piyada və mühafizəsiz merə elə büstün önündəcə “Qazaxıstanın müstəqilliyinin 25 ili” medalı təqdim edilir.

Forum çərçivəsində türk dilinin qorunması və inkişafında xidmətləri olan qazax milli şairi Mağcan Cumabayın 125, “İmperiyanın son yazarı” böyük qırğız ədibi Çingiz Aytmatovun 90, türk yazılı kitabələrinin danimarkalı alim Vilhelm Tomsen tərəfindən ilk dəfə oxunuşunun 125, türk yazılı kitabələrinin tədqiqatçısı alman əsilli rusiyalı etnoqraf və türkoloq Vilhelm Radlofun ölümünün 100 və 27 iyun 1918-ci ildə Azərbaycan türk dilinə rəsmi dövlət statusu verən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunacaqdı.

Bu məqsədlə dünyanın 20-dək ölkəsindən onlarla nüfuzlu türkoloq alim Parisə toplanıb. Həyəcan doruqda... İnsan istər-istəməz qürurlanır, duyğulanır...

UNESCO-DA İLK DƏFƏ TÜRKCƏ DANIŞILIR

30 aprel tarixində səhər saatlarında UNESCO-nun Baş qərargahında başlayan Beynəlxalq Forumda ilk olaraq, ölkəmizin təşkilatdakı təmsilçisi, səfir Anar Kərimov Azərbaycan Prezidenti İlham Əliyevin Forumun işinə ünvanladığı təbrik məktubunu oxuyur. Sırasıyla Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan Prezidenti Sooranbay Jeenbekovun təbrik məktubları oxunur. Məktublarda TWESCO-nun təşkil etdiyi Forumun əhəmiyyəti xüsusi vurğulanır.

Açığı, ilk dəfədir ki, bir tədbirə üç türkdilli dövlətin prezidentinin təbrik ünvanladığının şahidi oluruq. Bu özlüyündə Forumun əhəmiyyətini gözlər önünə sərir.

TWESCO prezidenti Darxan Kıdırəli qısa çıxışında qeyd edir ki, tam 125 il bundan öncə, 25 noyabr 1893-cü ildə tanınmış danimarkalı alim Vilhelm Tomsen runik əlifbasının açarını tapdı və tarixdə ilk dəfə olaraq türk yazılı abidələrini oxudu. Bu, elm aləmi üçün çox böyük tapıntı idi, çünki Külteqin yazılarının sirri çözülmüşdü. Onun oxuya bildiyi ilk kəlmələr “Tenqri”, “Türk” və “Külteqin” sözləri olmuşdu. Beləliklə, o zamanadək mövcud olan, “türklərin sivilizasiyadan kənar, heç bir mədəniyyət və kültür yaratmayan xalq olması” fikri tamamilə alt-üst olmuşdu.

Türkiyənin UNESCO-dakı təmsilçisi, səfir Ahmet Altay Cengizer isə etiraf edir ki, ilk dəfədir UNESCO-da qurumun rəsmi dillərindən birində deyil, məhz TÜRKCƏ toplantı keçirilir. Həm də, yalnız Anadolu türkcəsində deyil, türk dillərinin bütün ləhcələrində... Forumda məruzələr türk dillərindən ispan, ingilis, rus və fransız dillərinə sinxron tərcümə edilir.

Foruma qatılan bütün nümayəndələr məruzələrini öz dillərində təqdim edir.

Forum günü Parisdə sanki türk dili bayramı idi. Müstəqil türk dövlətlərinin təmsilçiləri ilə yanaşı, yakut, tuvalı, şor, noqay, qaqauz, qaraim, qaşqay, sarı uyğur – hər kəs öz dilində danışır. Hələ 200 il öncə böyük alman alimi Humboldt təsadüfən yazmırdı: “Dil xalqın ruhunun təzahürüdür, dil onun ruhu, ruh isə onun dilidir.” Moldova Elmlər Akademiyasının qaqauz əsilli professoru Liubovi Çimpoeşin sözü ilə desək, “bu Forum sanki bizim öləziyən ruhumuzu dirçəltdi”. Xeyli duyğulanan xanım professorun gözünün dərinliyindən süzülən ümid işığını aydın sezmək mümkün idi.

Forum bütövlükdə başlıqları "Türk yazılı abidələri", "Türk dili və ədəbi-mədəni irsi", “Türk dillərinin yayılma arealları” olmaqla 3 paneldə keçirildi.

Tanınmış türkoloq, Rusiya Elmlər Akademiyası nəzdində Dilçilik İnstitutunun professoru İqor Kızlasovun moderatorluğu ilə keçirilən "Türk yazılı abidələri" adlı I paneldə professor Osman Fikri Sertkaya (Türkiyə), Rusiya Elmlər Akademiyası Tarix-Filologiya Elmləri Şöbəsinin nəzdindəki Rusiya Türkoloqlar Komitəsinin sədri İ.Kormuşin, tanınmış tarixçi, türkoloq K.Konkobayev (Qırğızıstan), Höte Universitetinin Türkologiya kafedrasının müdiri, professor Erdal Marsel (Almaniya, İsrail) və professor Xurçbataar Solonqod (Monqolustan) öz məruzələrini təqdim etdilər. Qırğızıstanın tanınmış ictimai xadimi, keçmiş dövlət katibi, professor O.İbrahimovun moderatorluğu ilə baş tutan "Türk dili və ədəbi-mədəni irsi" adlı II paneldə UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri, professor Öcal Oğuz, Miçiqan universitetinin professoru, türkoloq Timur Kocaoğlu (ABŞ), Çinin Etnik Ədəbiyyatı Cəmiyyətinin prezidenti, Yakutiya Milli Məclisin (İl Tumen) sədri Aleksandr Jirkov (Yakutiya, Rusiya), professor Çao Qajin (ÇXR), Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Rusiya Elmlər Akademiyası Şərq Əlyazmaları kafedrasının müdiri, tarix elmləri doktoru Axat Salihov, Tacikistan Qədim Tarix Cəmiyyətinin sədri, professor Raxmoil Səfərov məruzələrlə çıxış etdilər.

Bu bölümdə iştirakçıları ən çox təsirləndirən Timur Kocaoğlunun Mağcan Jumabayın ingiliscəyə tərcümə etdiyi şeirlərini böyük şövqlə oxuması oldu. Miçiqan Universitetinin professoru olan Timur bəy, varlığına 1924-cü ildə bolşeviklər tərəfindən son qoyulan Buxara Cümhuriyyətinin rəhbəri Osman Kocaoğlunun oğludur.

Forumun keçirildiyi gün daha bir şad xəbər də elə Buxara tərəfdən, Daşkənddən gəlir. Türkiyə Prezidenti ilə görüşən Özbəkistan Prezidenti Şevkat Mirzayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) qoşulacağını bəyan edir.

Beləliklə, türk dilinə UNESCO-da 7-ci rəsmi dil statusu verilməsi üçün ən təsirli kampaniya TWESCO tərəfindən başladılır.

Forum TWESCO-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından da əhəmiyyətli oldu. Akademiya rəhbərinin UNESCO Katibliyi Dünya Mirası Mərkəzinin direktoru xanım Mextild Rossler ilə ikitərəfli görüşündə Türk Akademiyasının fəaliyyətinin UNESCO tərəfindən dəstəklənə biləcəyi vurğulandı. İki qurum arasında danışıqların davam etdirilməsi və əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə edildi. Razılığa əsasən, gələcəkdə əməkdaşlıq haqqında memorandumun imzalanması, eləcə də, Beynəlxalq Türk Akademiyasının UNESCO yanında müşahidəçi statusu alması barədə müzakirələr aparılacaq.

Görüşdən dönərkən, təşkilatın mənzil-qərargahının həyətində hər zaman olduğu kimi Darxan bəyin türk dünyasına, Azərbaycana ruhən bağlılığının bir daha şahidi oluruq. Uzaqdan gördüyü at heykəllərinin Azərbaycana aid ola biləcəyini söyləyir. Yaxınlaşdıqda, ölkəmizin “təşkilata üzvlüyünün 20 illiyi münasibətilə Azərbaycan tərəfindən 2012-ci ildə hədiyyə olunan at heykəlləri” yazılan lövhəni görürük.

TƏHLÜKƏDƏKİ TÜRK DİLLƏRİ

Forum bizim üçün nə qədər uğurlu olsa da, bizim həyəcanımızı və narahatlığımızı dünyaya çatdırmaq üçün düzənlənmişdi.

Ötən il TWESCO tərəfindən çap olunan “Təhlükədəki türk dilləri” dördcildliyi bizim həyəcanımızın əsassız olmadığını göstərirdi. Kitabda xeyli sayda türk ləhcəsinin məhv olmaq təhlükəsi ilə qarşı qarşıya qaldığı qeyd olunurdu.

Forumun II panelində danışan çinli professor Çao Qajin hazırda dünyada mövcud olan 7000-dək dilin böyük bir hissəsinin bu əsrin sonunadək tamamilə sıradan çıxmaq və ölü dillər sırasına qoşulmaq ehtimalının çox yüksək olduğunu vurğuladı.

“Təhlükə altındakı türk dilləri” layihəsini rəhbəri, Türkiyənin Başkent Universitetinin professoru Süer Ekerin aparıcılığı ilə keçirilən “Türk dillərinin yayılma arealları” adlı III bölmədə UNESCO-nun nümayəndəsi İrmqarda Kasinkayte-Buddeberq, İsveçin Uppsala Universitetinin professoru, türkoloq Yeva Çato-Yohanson, Polşanın Poznan Universitetinin professoru Henrik Yankovski, Frankfurt Universitetinin professoru İrina Nevskaya, Qazaxıstanın Avrasiya Milli Universitetinin professoru Saule Tajibayeva, Altay Republikasının (Rusiya) xalq yazıçısı Brontoy Bedyurov, Tuva Respublikası Sosial İqtisadi Tədqiqatlar İnstitutunun kafedra müdiri Nadejda Sereedar, Moldova Elmlər Akademiyasının professoru Liubovi Çimpoeş, Qaraim dili üzrə tədqiqatçı Diana Lavrinoviç (Litva), Qaşqay dili üzrə tədqiqatçı Söhrab Dolatxah (Fransa) da məruzələrində bu narahatlığı bölüşdülər.

Professor Henrik Yankovskinin təqdimatında maraqlı məqam diqqətimi çəkdi. O, rəsmi dövlət dili statusu olan türk dillərinin özlərini də iki qrupa ayırır. Professora görə, Türkiyə, Azərbaycan, Özbəkistan və Türkmənistanda dilə təhlükə az olsa da, Qazaxıstan və Qırğızıstanda vəziyyət fərqlidir. Muxtariyyəti olmasına baxmayaraq, tatar, çuvaş, altay, xakas, uyğur, qaqauz, qaraqalpaq və digər dillərin durumu ürəkaçan deyil.

Rəsmi statusu və muxtariyyəti olmayan şor, noqay, kaqluk, qaraim, qaşqay, sarı uyğur və s. kimi onlarala dil tamamilə sıradan çıxmaq təhlükəsi ilə üzləşib. Qaraimlərin Forumdakı təmsilçisi litvalı Diana Lavrinoviç hazırda təmsil etdiyi xalqın sayının 200-ü keçmədiyini qeyd edir.

“Mənəvi yenilənmə və mədəni miras: keçmişdən gələcəyə türk dili” Forumunun əsas məqsədi də bu təhlükəyə dünyanın diqqətini cəlb etmək idi.

UNESCO Katibliyinin Üzv və Tərəfdaş Dövlətlərlə Əlaqələr Departamentinin direktoru Hens Seytinin Forumun açılış nitqində vurğuladığı kimi, nəzərə almaq lazımdır ki, hər bir xalqın dili unikaldır və dünya xalqlarının mədəni müxtəlifliyin qorunması planetdə sülhün, sabitliyin qorunmasının başlıca şərtidir.

Yeri gəlmişkən, Forum çərçivəsində tanınmış alimlər Lars Yohanson, İqor Kormuşin, Osman Fikri Sertkaya, İqor Kızılasov və Kadırali Konkabayev türkologiyanın inkişafındakı xidmətlərinə görə Beynəlxalq Türk Akademiyası tərəfindən “Vilhelm Tomson” medalı ilə təltif olundular.

"XƏZƏR BİZİ AYIRMIR, BİRLƏŞDİRİR" - MUSTAFA ÇOKAYLA BAŞLAYIB, TOPÇUBAŞOVLA BİTƏN FORUM

Böyük şəxsiyyətlər təkcə öz həyatları və əməlləri ilə deyil, ölümləri ilə də mənsub olduqları milləti, insanları birləşdirməyi, daha yaxşı gələcək uğrunda mübarizəyə səfərbər etməyi bacarırlar. Elə taleləri millətə, milli dövlətçiliyə xidmətdə Parisdə birləşmiş Əlimərdan bəy Topçubaşov və Mustafa Çokay kimi...

Foruma Çokayın büstünü ziyarətlə başlayıb, Topçubaşovun Paris ətrafındakı Sen Klu (Saint Cloud) şəhər qəbiristanlığındakı məzarını ziyarətlə bitiririk.

Parisdə Əlimərdan bəy Topçubaşovun məzarı üzərində nitq söyləyərkən, TWESCO prezidenti D.Kıdırəli marqlı bir fikir söylədi. Ə.Topçubaşovun Rusiya Dumasında təkcə Azərbaycan, Qafqaz üçün deyil, Rusiyadakı bütün müsəlman türklər adından çalışdığını bildirdi. O, qeyd etdi ki ki, Paris Sülh Konfransına gələn Ə.Topçubaşov sonralar hər il mayın 29-da Fransa paytaxtındakı müsəlman türklərini toplayaraq “Xəzər bizi ayırmır, birləşdirir” deyərmiş. Açığı, bu fikrin ilk dəfə kim tərəfindən söyləndiyi həmişə marağımı çəkmişdi.

Qəribədir, 100 il öncə azadlığımız, istiqlalımız üçün verdiyimiz savaşı indi yox olmaq təhlükəsi ilə üzləşən dillərimiz verir – 60-dək türk dili və ləhcəsi...

Tam 100 il öncə, İstanbul üzərindən Parisə Versal Sülh Konfransına Azərbaycanın istiqlalını tanıtmaq, müstəqil dövlət kimi mövcud ola biləcəyini sübut etmək üçün yollanan Ə.Topçubaşovun başçılığı altındakı AXC nümayəndə heyətinin məşəqqətli yolçuluğunu, “əbədi ezamiyyət”ini ürək ağrısı ilə xatırlayırıq.

Özünə qarşı sevgi və küdurətimizi birləşdirən Paris onları xoş qarşılamamışdı. Ögey münasibət və etinasızlıq bir yana, Topçubaşovumuzu səfalət içərisində həyata göz yummağa, sağ qalmaq üşün Mustafa Çokayı da kafe açmağa məcbur etmişdi.

Minlərlə turistin quyruq yaradıb növbədə gözlədiyi, içərisinə can atdığı, I Dünya Müharibəsinin sonucu olaraq toplanmış Paris Sülh Konfransının keçirildiyi Versal sarayının önündə dayanıb, onu qınamaq, ittiham etmək istəyirsən. Niyə bizim müstəqilliyimiz üçün bura təşrif buyuran, səndən kömək gözləyən nümayəndə heyətimizə, ziyalılarımıza bu qədər etinasız yanaşırdın? Niyə onları günlərlə, aylarla öz qapılarının arxasında gözlətdin? Niyə?

Ən təcrübəli diplomatlar da etiraf edir ki, indiki siyasi münasibətlər, diplomatik şərtlərdə hərbi, siyasi və iqtisadi hegemonluğu mövcud olan dövlətlərlə danışıqlar aparmaq asan iş deyil. Kağız üzərindəki bərabərhüquqlu münasibətlərə baxmayaraq, bir çox hallarda birbaşa və ya dolayı təzyiqi, bəzən hətta təhdidi də açıq hiss etmək mümkündür. Bəzən düşünürəm ki, o zamanın siyasi şərtlərində bizim Paris Sülh Konfransındakı nümayəndə heyətimizin keçirdikləri hisslər, qarşılaşdıqları mənəvi sarsıntıları hansı səviyyədə olub? Onların dözümü, siyasi təmkini və peşəkarlığı qarşısında baş əyirəm.

Amma deyəsən, artıq Paris də səhvini anlamışdı. Mustafa Çokayın büstü önünə toplaşdığımız anda başlayan yağmur Topçubaşovun məzarı başında şiddətlənmiş, biz Ceyhun bəy Hacıbəylinin məzarı üzərindən ayrılanda isə sonlanmışdı.

Paris öz səhvinə, yanlışına ağlayırdı...

# 1478 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #