Türkiyədə Molla Pənah Vaqif sərgisi

Türkiyədə Molla Pənah Vaqif sərgisi
2 noyabr 2017
# 17:32

Noyabrın 2-də Türkiyə Milli Kitabxanasında beynəlxalq elmi konfrans keçirilib və Azərbaycan Milli Kitabxanasının fonduna məxsus Molla Pənah Vaqifin əsərlərindən ibarət kitab sərgisi açılıb. Sərgi Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə TÜRKSOY-un 2017-ci il “Molla Pənah Vaqif İli” elan etməsi çərçivəsində təşkil edilib.

Azərbaycan Milli Kitabxanasından bildirilib ki, tədbirdə, həmçinin “Molla Pənah Vaqif şeirləri dünya dillərində”, “Molla Pənah Vaqif”, “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının da təqdimatları təşkil olunub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayma, Türkiyə Prezidentinin müşaviri Yalçın Topçu və digər dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri Azərbaycan Milli Kitabxanasının fondunda qorunan şairin zəngin həyat və yaradıcılığını özündə əks etdirən geniş kitab sərgisi ilə tanış olublar.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov sərgi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş tədbir iştirakçılarını salamlayaraq “Molla Pənah Vaqif İli” ilə əlaqədar keçirilən tədbirlərdən danışıb.

Tədbirdə Hüseyn Yayma çıxış edərək mədəni tədbirlərin daha çox təşkil edilməsinin vacibliyini, bu sahədə TÜRKSOY-un üzərinə daha çox vəzifələrin düşdüyünü qeyd edib.

Türkiyə prezidentinin müşaviri Yalçın Topçu Molla Pənah Vaqifə həsr edilmiş tədbirlərin tezliklə işğal olunmuş və türk dünyasının mədəniyyət beşiyi olan Şuşada keçirilməsini arzulayıb.

İştirakçıları salamlayan nazir Əbülfəs Qarayev tədbirin keçirilməsinə görə TÜRKSOY təşkilatına, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə və ev sahibliyinə görə Türkiyə Milli Kitabxanasına minnətdarlığını bildirib.

Nazir M.P.Vaqif yaradıcılığının yüksəkliyini, onun milli ədəbiyyatımızda yeni istiqamət açaraq xüsusi iz qoyduğunu vurğulayıb, şairin yaradıcılığının həmişə diqqət mərkəzində və dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edib. Bildirib ki, hələ 1982-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşada M.P.Vaqifin məqbərəsi açılıb. Bu gün onun məzarının olduğu torpağın bədnam qonşularımızın işğalı altında olmasının Azərbaycan xalqı üçün böyük narahatçılıq doğurduğunu, şairin məzarının dağıdıldığını qeyd edib. Ə.Qarayev Azərbaycan Prezidentinin rəhbərliyi altında Vaqifin, Üzeyir Hacıbəylinin, Bülbülün və daha neçə-neçə dahi sənətkarlarımızın yubileylərinin Qarabağ torpağında qeyd ediləcəyinə inamını ifadə edib.

TÜRKSOY təşkilatı və Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış “Molla Pənah Vaqif şeirləri dünya dillərində”, akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” və Milli Kitabxana tərəfindən tərtib olunub “Molla Pənah Vaqif. Biblioqrafiya” kitabları haqqında danışan nazir bu əsərlərin bütün türk dünyası üçün böyük töhfə, tədqiqatçılar üçün faydalı vəsait olduğunu bildirib.

“Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi” adlı konfransda çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov M.P.Vaqifin öz ədəbi və siyasi fəaliyyəti ilə xalqla bağlı mütərəqqi şəxsiyyətlərdən biri оlduğu kimi, Azərbaycan ədəbiyyatının yеni istiqamətdə inkişafına kömək еtmiş qüdrətli bir sənətkar olduğunu söyləyib.

Qazi Universitetinin müəllimi Aysun Demirez Güneri şairin dilinin sadəliyindən, özünəməxsus üslubundan danışıb, yaradıcılığını təhlil edərək Azərbaycan türklərinin ənənələrini yaşatdığını, şeirləri ilə Azərbaycan ədəbi dilini zənginləşdirdiyini qeyd edib. O, həmçinin təqdim olunan kitabların əhəmiyyətindən danışaraq, hər üç nəşrin böyük türk dünyası üçün önəmli tədqiqat əsəri olduğunu söyləyib.

Azərbaycan Yazıçılar Birliyinin Katibi Rəşad Məcidin, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlun, Dünya Yazıçılar və Ziyalılar Dərnəyinin direktoru Osman Başın, yazıçı-tədqiqatçı Songül Dündarın şairin yaradıcılığı haqqında məruzələri dinlənilib.

Sonda Kərim Tahirov Milli Kitabxananın nəşri olan “Molla Pənah Vaqif. Biblioqrafiya” kitabında 20-dək dildə çap olunmuş əsərlər haqqında materialların toplandığını söyləyib, xalqımızın, böyük türk dünyasının ortaq mədəniyyətinin təbliği istiqamətində hər kəsə uğurlar arzulayıb.

Tədbir boyu Şəms Ələkbərova, Özgür Bacaksız və Muradcan Çətinqaya M.P.Vaqifin şeirlərini səsləndiriblər.

Aşıq Səlahəddin Dündarın ifasında mahnılar dinlənilib.

TÜRKSOY təşkilatı tədbir iştirakçılarına təşəkkürnamə təqdim edib.

# 907 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #