Ziya Bünyadovun qatilini tanıyıram – Sabir Rüstəmxanlının kitab təqdimatından REPORTAJ

Kulis.az Xalq şairi Sabir Rüstəmxanlının bugünkü kitab təqdimatından Ayxan Ayvazın yazdığı reportajı təqdim edir.

 

Yazıçılar Birliyinin Natəvan klubunda ənənəvi tədbir... Bu dəfə gözəl yazıçımız Sabir Rüstəmxanlı başda əyləşib. Söhbət nə söhbət? Roman müzakirəsi... Sabir müəllimin qələmindən çıxan “Akademikin son əsəri” romanının...

 

Uzun-uzadı şərh etməyə gərək yoxdur. Hamımız tədbirlərin necə başladığını yaxşı bilirik. Məsələn, mütləq giriş sözünü filankəs açdı deməliyəm? Məncə, yox. Gərək tədbirin formatı kimi olmasın mənim yazdığım.

 

Yazımın başındakı ilk ad Sabir Rüstəmxanlıdır. Çünki səbəbkar odur. İkinci adamın adını çəkirəm: Fikrət Qoca.

 

Onun səsini yavaş-yavaş iştirakçılar bir-birinə ötürə-ötürə sözə çevirirdi:

 

- Kitabı oxumasam da Sabiri oxumuşam. O, təpədən-dırnağa ədəbiyyatdır. O, həm şairdir, həm də yazıçı.

 

Mənə elə gəlir, Fikrət Qoca daha nələrsə də danışdı, ancaq təəssüf ki, dediklərini tam anlaya bilmədik.

 

Və Fikrət Qoca artıq ənənəyə çevrilmiş hərəkətini təkrarladı: sözünü deyib salonu tərk etdi!

 

 

Həmişəki kimi moderatorluq Rəşad Məcidin əlinə keçdi. Sükanı belə saxlamaq lazımdır.

 

- Sabir bəyin yaradıcılığı biz də daxil olmaqla bir neçə nəslin ədəbi düşüncəsinin formalaşmasında mühüm rol oynayıb. Onun yüksəlişindən biri “Ömür kitabı” idi. Bizim düşüncəmizin formalaşmasında bu kitabın rolu əvəzsizdir. Hansı ki, 80-ci illərdə bu kitab demək olar ki, bütün Azərbaycan ailələrində vardı. Bu yaxınlarda Sabir müəllimin V Kitab Sərgisində möhtəşəm imza günü də keçirildi.  Bu kitab 70-80-ci illərdə baş verən, bizim nəslin gördüyü şahid olduğu hadisələrdir. Burda Sabir müəllimin öz prototipi də var. Kitabda bizə qaranlıq qalan bəzi məqamlar aydınlıq tapır, bəzi faktlarla daha yaxından tanış oluruq. Əsər Ziya Bünyadovun həyatından bəhs edir. Əsərin bir hissəsində akademikin qovluğu təsvir olunur. Biz tarixdən bilirik ki, Ziya Bünyadovun şeirləri, bədii nümunələri də olub. Sabir bəy burda nağılvari dillə həmin dövrü təsvir edib. Əsər həmin dövrə ədəbi ekskursiyadır.

 

Rəşad müəllim çıxışını yekunlaşdıran kimi tanınmış şairə-yazıçı Sona Vəliyevaya söz verdi.

 

Sona xanım qeyd etdi ki, Sabir bəy şair kimi tanınır, şeirləri dillər əzbəri olub:

 

- Ancaq onun nəsr yazmağı məni çox sevindirdi. Bu möhtəşəm əsərə görə də çox təşəkkür edirəm ona... Şeir yazmaq elə bir şeydir ki, bir an gəlir, qapı döyülür və sən yazırsan. Nəsr isə elə deyil, böyük zəhmət, intellekt tələb edir. “Ömür kitabı” da, bu kitab da tarixi hadisələrə işıq tutur... Sabir bəyin “Akademikin son əsəri” kitabını çox istəyərdim ki, orta məktəblərə paylasınlar, bu kitab başqa yerlərdə də təqdim olunsun, yayılsın. Mən “Kaspi” liseyində də bu kitabı təqdim edib müzakirəsini təşkil edəcəm. Kitab zəngin tarixi araşdırmadır... Sabir bəyin qələmindən nə çıxırsa oxuyuram. Düşünürəm ki, onun özü bir kitabdır. Onun bəlkə də min yaşı var. “Akademikin son əsəri” romanı cəsarətli vətəndaş mövqeyidir. Burda Ziya Bünyadovun taleyi deyil, Azərbaycanın taleyi təsvir olunub.

 

Tədbirin iştirakçıları, hətta Sabir Rüstəmxanlı da Ədəbiyyat İnstitutundan kiminsə gəlib romanı təhlil edəcəyini gözləyirdilər. Və nə yazıq ki, İnstitutun nümayəndələrindən heç kim tədbirdə iştirak etmirdi. Hamının əvəzinə Sona xanım çıxışında romanı geniş təhlil etdi, qələmə alınan hadisələrə işıq tutdu.

 

 

Sabir müəllimin üzündə təbəssüm yarandı:

 

- Sona xanım Ədəbiyyat İnstitutunu əvəz elədi.

 

Növbəti çıxışçıya söz vermədən gəlin kitabın üz qabığında yazılan təqdimatı bərabər oxuyaq: “Bu roman Azərbaycan türklərinin üzləşdiyi yeni bir fiziki və mənəvi repressiyaya – genetik savaşa həsr edilib”.

 

- Buyurun, Rövşən Almuradlı.   – Rəşad Məcidin səsidir.

 

Öz-özümə düşünürəm ki, kitabı mütləq əldə etmək lazımdır. Yəqin Sabir müəllimin arxasındakı qutular həmin kitabları göz bəbəyi kimi qoruyur.

 

- Qəribə əsərdi. – Rövşən Almuradlı danışır. – Yazı üslubunu saxlamaqla öncəki əsərlərindən fərqlidir. Oxunaqlı, rahat əsərdir. Hamımızın bələd olduğu, gözümüzün qabağında baş verən hadisələrdir burda. Əsəri oxuyandan sonra gördüm ki, bu təkcə tarixi əsər deyil, tarixə mistik yanaşmadır.

 

Maraqlı fikirdir. Düşünməyə dəyər. Tarixə mistik yanaşma. Sakit duraq, eşidək görək başqa nə deyir:

 

- Burda müəllifin vətəndaş hayqırtısı var. 37-nin davamı var bu əsərdə. Əsər işıqlı bir vətəndaşın türk millətinin, Vətəninin gələcəyinə böyük narahatlığını ifadə edir. Çox ağırlı əsərdir.

 

Rövşən müəllimin son sözləri də ağır oldu:

 

- Gözümüzün qabağında baş verən bu hadisələrin alt qatında dəhşətli ağrı var.

 

O dövrü mən görməmişəm. Amma görünür, o dövrü görmədən də o ağrıları yaşamaq olar. Birdən-birə bu danışıqlar mənə həmin o azadlıq hərəkatının içinə apardı. Nə qədər dəhşətli göründü o mənzərələr mənə. Mən o azadlıq hərəkatının cücərdiyi vaxtlar dünyaya gəlmişdim. İndi isə o dövrün ab-havasını özündə daşıyan kitabın müzakirəsində iştirak edirəm. Və hər çıxışçı görmədiyim o hadisələrin filmini çəkir mənə.

 

Millət vəkili Fəzail İbrahimli danışır indi:

 

- Əsər XX əsr Azərbaycan tarixinin faciələrinə həsr olunub. Əsərin ruhu XX əsrin ilk illərində Azərbaycana qarşı aparılan aşkar-gizli soyqırımdan qidalanır. Ziya Bünyadov obrazını görən gələcək nəsil əsl qəhrəmanın kim olduğunu biləcək.

 

Çıxışçılar çoxdu deyə şərh vermədən bir-bir onlara söz verirəm. Söz Çingiz Əlioğlunundur:

 

 

- Sabir bəy cavan vaxtından türkçülüyü təbliğ edirdi. O, öz nəsli və özündən sonakı nəsil üçün nümunə olub. Mənim torpağa, yurda bağlı yetişməyimdə onun rolu əvəzsizdir.

 

Çingiz müəllimin çıxışından ən maraqlı yeri sizə pıçıldayım:

 

- Sabir bəy mənə kitabı verdi. Mənim də bir xasiyyətim var, kitabı ortadan oxuyuram. – təbəssüm yarandı hamının üzündə. – Və bu kitabı ortadan oxuyanda ata və oğul hissəsinə gəlib çıxdım. Rəhmətlik Ziya ilə də məni Sabir tanış eləmişdi və mənə bu hissə tanış gəldi, təsirləndim.

 

Çingiz müəllim kitabı tam oxumasa da, xeyli söhbət elədi. Və sizə deyim ki, yaxşı da danışdı. Bəzən kitabı tam oxuyub danışa bilməyənlər yadıma düşdü.

 

Seyran Səxavət – növbəti çıxışçı. Boğuq səsi Fikrət Qocanı xatırlatdı. Çətinlik çəkirdi danışmağa. Amma yenə də öz koloritini itirməmişdi:

 

- İnsanı yaşadan sevgidir. Sabir sevgidən yaranmış adamdır.

 

Rəşad Məcidin atmacası:

 

- Sirləri açma... Səsin tutulub deyə sirləri açmalısan?

 

Amma o sirr açılsaydı da yaxşı eşidə bilməcəyəkdik. Mən bir cümlə eşitdim Rəşad Məcidin atmacasının fonunda: “Ömür kitabı”nda bizdən yazıb Sabir”.

 

Vəssalam!

 

 

Firudin Cəlilovun çıxışından sitatlar:

 

“Sabir bəylə mənim əlifbamızı dəyişməkdə rolumuz olub”.

 

“Bu hadisələrin içində olmayan adam belə bir kitab yaza bilməzdi. Biz bu kitabda yazılanları yaşamışıq. Ona görə doğmadır bizə. Mən hesab edirəm ki, bu kitabdan üçü yazılıb”.

 

“Xalq hərəkatı dərin mövzudur. Məncə, Sabir bəy xalq hərəkatının liderlərindən biri deyil, elə lideri idi. Biz bu hadisələri gözümüzlə görmüşük. Yazıçı olmaq olar, ancaq vətəndaş olmaq çətindir. Sabir bəy vətəndaşdır”.

 

Son çıxışçı: Qulu Məhərrəmli

 

- Bu gün Azərbaycanda şəxsiyyətlərin tarixini yazmaq tendensiyası müşahidə edirəm. Bu çox gözəl hadisədir. Bu əsər də Ziya Bünyadovun həyatına işıq tutur. Ziya Bünyadov kimi baş qəhrəmanı olan əsərdə böyük bir xalqın, ölkənin tarixinə aid gizli mətləblər də öz həllini tapır. Roman çox həssaslıqla qələmə alınıb. Ziya Bünyadov həm elmin idarəçisi olub, həm də cəmiyyətin ruhunu ifadə edib. Burda tək yaşadığımız hadisələrin təsviri deyil, onun arxasındakılar da diqqəti çəkir. Saatın işləməyini bilmək olur, ancaq onun arxasındakı mexanizmi görmək çətindir. Sevindiricidir ki, o tarixi yazan Sabir Rüstəmxanlı var.

 

Və Son: Sabir Rüstəmxanlı eynən o dövrün intonasiyası ilə ağrılı-acılı günləri danışdı, bizi o dövrün reallığına, o dövrün ziddiyyətinə, ağırlığına apardı:

 

“Bizim xalqımız dəhşətli 2 əsr yaşayır. İnsan bəzən çox düşünür, amma hamısını yaza bilmir. Mən çox şey düşünmüşdüm, yazdıqlarım isə azdır. Yazı ilə fikir başqa-başqa anlayışlardır”.

 

“Ziya Bünyadov bizim xalqın başına açılan oyunları çox yaxşı bilirdi. Bütün bunları “Qırmızı terror”da yazmışdı. Hər dəfə KQB arxivindən çıxanda dözə bilməyib ağlayırdı”.

 

 

“Mən onun oğlu ilə görüşmüşdüm. Dedi ki, mənim atamdan böyük adam olmayıb. Bir də mənə dedi ki, onu kim öldürüb yaxşı bilirəm. Mən bu əsərdə məni narahat edən şeylərdən yazmışam”.

 

“Bizim millət ruhuyla, köküylə ölməyib. Bizim başqa düşmənlərimiz də var. Ancaq özümüz özümüzə düşmən oluruq: təhsillə, tərbiyəylə və başqa şeylərlə”.

 

Sabir bəyin çıxışından sonra kitabı imzalama törəni başladı. O dövrün ağrı-acısını çiyinlərində daşıyan Sabir müəllimin üzünə təbəssüm qondu.

 

Və ona kitab imzaladanda Oqtay Rza ilə qarşılaşdım.

 

- Oxucu kimi sizə kitab imzalatmaqdan böyük fəxr hissi duyuram!

 

Sonra üzüü mənə tutdu:

 

- Həkimin yanına getmişdim, çıxanda bir də gördüm tibb bacısı arxamca qışqırır: “Oqtay müəllim, hara gedirsiz, dişləriniz qalıb”.

 

Və dişsiz ağzını əli ilə tutub güldü.

 

Mən kitabın üz qabığındakı sözləri xatırladım: “Bu roman... fiziki və mənəvi repressiyaya – genetik savaşa həsr olunub”.

 

Oqtay Rza gülümsünürdü, əli ilə ağzını tuturdu. Bəlkə biz də bu cür gülürük. Bizim taleyimizin dişləri tökülüb, güləndə ağzımızı tuturuq ki, o boşluq görünməsin.

 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
15 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017