Beşinci sevgili olmağı həzm etmək

Beşinci sevgili olmağı həzm etmək
18 sentyabr 2017
# 10:32

Həyatdan öyrəndiyim bir şey var: böyük məhəbbət axtarmağa dəyməz. İrreal həyatda istədiyiniz qədər nümunə tapa bilərsiniz: Romeo və Culyetta, Leyli və Məcnun, Siz və Xəyalınızdakı Şahzadə...

Real həyatda onlar mövcud deyillər. Siz yalnız bir müddətə yanlış təəssürata qapıla bilərsiniz. Amma əmin olun ki, gözlərinizi açıb yumana kimi həmin təəssürat sizi tərk edəcək. Və siz yenidən boş sahillərdə hər an sizi qoyub qaçmağa hazır olan ümidlərinizlə baş-başa qalacaqsınız.

Bilirsiniz, bu nəyə bənzəyir? Siz xoşbəxtsiniz, qanadlarınız peyda olub, siz uçursunuz, uçursunuz... Birdən qanadlarınız qırılır və üzü üstə torpağa düşürsünüz.

Torpaq etibarlıdır, heç vaxt bizə dönük çıxmır, ləngər vursaq da, yenə ayaqlarımızı torpağın üstündə hiss edirik.

Ona görə uçmağa çox da cəhd etməyin. Ya da bir az alçaqdan uçun. Çünki bunun bir də enişi var.

Uzunmüddətli münasibətlərin də sığortası nə yazıq ki, yoxdur. Sabitlik və bir ömürlük məhəbbət axtardığımız vaxt biz həyatın özünü unuduruq, onun rənglərini yadırğayırıq, imkanlarını əldən veririk. Çünki axtarışlar heç də həmişə gözlədiyimizi gətirmir. Məyusluqlar, xəyal qırıqları... Görəsən bir qadın həyatı boyu “neçə gün” yaşayır?

Qadın torpaq ünsürüdür. O, sabit münasibətlər və etibarlı həyat yoldaşı axtarır.

Kişi təbiətcə fatehdir. Qadınların qəlbini qazanaraq özünü öz gözündə təsdiq edir. Amma bu o demək deyil ki, onun həyat yoldaşına ehtiyacı yoxdur.

Əslində, onun ehtiyacı var, onun etibarlı “arxa cəbhəyə” ehtiyacı var, elə bir “arxa cəbhəyə” ki, öz yürüşlərindən və qələbələrindən sonra oraya qayıda bilsin. Ailə dediyimiz yer kişilər üçün beləcə “arxa cəbhə” rolunu oynaya bilir.

Biz qadınlar isə sahiblənməyi sevirik. İstəyirik, sevdiyimiz adam yalnız bizə məxsus olsun, yalnız bizə baxsın, yalnız bizi sevsin. Amma bu mümkündürmü? Kişi axı külək ünsürüdür. Külək kimi istiqamət dəyişdirməyi sevir. Hər dəfə eyni istiqamətə əsməyəcək ki.

“Sən sevdiyim yeganə qadınsan”. Bu sözləri hər bir qadın eşitmək istəyər. Hərçənd kişilər sehrli kəlmələri deməyə də ərinirlər. Unudurlar ki, sözün gücü bəzən ən qəliz reallıqları da məhv etməyə yetir. Ancaq hər şey reallığa tabedir.

Televiziyada bir məşhur şoumen açıq-aşkar xəyanət etdiyini etiraf edirdi: “Amma biz kişilər nə etsək də, sehrli sözləri unutmamalıyıq. “Səni sevirəm” və hər şey qaydasına düşür.”

Doğrudan da bu sözlərin təsirini çox müşahidə etmişəm. Sözlərin enerjisi haqqında danışmağa yəqin ki, lüzum yoxdur.

Sosial şəbəkədə dünyagörmüş bir kişinin statusu da düşünməyə vadar etdi. “Sizə şirin sözlər deyən adam əmin olun ki, o sözləri azı 5 qadına deyir.” Sizə rəqib olan digər 4 qadını fikirləşin. Təsəvvür edin ki, 5 qadın eyni sözlərlə yuxudan oyanır, eyni sözlərlə yuxuya dalır, eyni sözlərlə həyata tutunur. Acı reallıqdır, amma dərindən düşünəndə həzm etmək olur.

Dostlarımızdan biri bir dəfə gileylənirdi ki, münasibətdə olduğu bir neçə qadınla görüşməli, onlara diqqət göstərməlidir. Onunsa buna fiziki və mənəvi gücü yetmir. Adamın vaxtı da yox idi. İşinə çox vaxt ayırırdı. Təsəvvür edin, ən böyük qayğılarından biri sevgililərini ayrı-ayrılıqda razı salmaq idi.

Ürəyincə olan yeganə məqam onların bir-birindən xəbərsiz olması idi. Yoxsa bunun üstündə müharibə başlasaydı, adamın ürəyi buna çətin tab gətirərdi.

Yəni həyat belə acımasız da ola bilir. Uşaq kimi başımızı aldadıb şirin yalanlarını önümüzə atır. Biz də bu yalanlarla ovunuruq, çünki başqa çarəmiz də yoxdur.

Ona görə sevdiyimiz adamdan eyni hissləri gözləmək absurddur. O bizi tərk edə də bilər, geri gələ də bilər, bir müddət soyuyub uzaqlaşa da bilər. Təbiətdə də qabarmalar və çəkilmələr olur. Bir düşünün, əgər 365 günün 24 saatı, gecə-gündüz alovlu məhəbbətə yelkən açsaq, yanıb kül olarıq ki. İnsan da təbiət kimidir. Mövsüm dəyişməsini və s. yada salaq.

Əslində, özümüzə və sevdiyimiz adama haqq vermək üçün təbiətin bütün fəlakətlərini göz önünə gətirməyə hazıram.

Sunamilər, zəlzələlər...

Yəni sevmək bunlardan da ağırdır? Təsəvvür edin ki, siz daha betərinə tuş ola bilərdiniz.

Nə qədər çətin olsa da, razılaşın ki, həyatda heç nəyin sığortası yoxdur...

# 1864 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #