[b]Gecə küçədə qatil rəsmi çəkən uşaq - Bakıda İLK DƏFƏ[/b]

[b]Gecə küçədə qatil rəsmi çəkən uşaq - <span style="color:red;">Bakıda İLK DƏFƏ [/b]
20 iyul 2017
# 11:01

Axşam tərəfi, qaş qaralanda “Malakan” bağında uşaqların rəsm çəkdiyini gördüm. Çox maraqlı mənzərəydi.

Uşaqlar dəniz, günəş, göy üzü çəkirdilər. Qaranlığın içində ulduz kimi doğmuşdu bu uşaqlar.

Yaxınlaşıb rəsmlərə yaxından baxdım.

- Burda dərsdir, nədir belə?

Bir cavan oğlan gülərüz cavab verdi:

- Mən təşkil eləmişəm bunu. Uşaqlar pulsuz rəsm çəkirlər.

- Müəllimsiz siz?

- Yox. Sadəcə belə bir şey təşkil etmişəm. Uşaqlar üçün...

Balaca bir uşaq qəribə, qorxulu bir rəsm çəkirdi. Bizə təşkilatçı olduğunu deyən oğlan bu vaxt gözdən itdi. Mən də diqqətlə gözümü bu qorxunc mənzərəyə dikdim.

- Bu kimdi? – deyə soruşdum – Çox qorxunc görünür.

- Mister Frediks. – uşaq rusca cavab verdi. – Mən indi onun ağzını çəkirəm.

- Bu cizgi filmi qəhrəmanıdır?

Yanında durmuş balaca cavab verir:

- Hə, cizgi filmi qəhrəmanıdır. Qatildir.

- Onu niyə çəkirsiniz ki? Qatili sevirsiniz?

- Üzü xoşuma gəlir. Həm də bunu çəkmək asandır.

Bu vaxt təşkilatçı üzə çıxdı.

- Siz nə vaxtdır bu işlə məşğulsunuz?

- Keçən ildən.

- Rəssamsınız?

- Xeyr.

- Adınız nədir?

- Elşən...

Elşən bəy elektrik olduğunu deyir. “Tarqovı”dakı bəzi bahalı restoranlarda işləyirmiş: “Babat pul alıram restoranlardan. Hərdən çağırırlar, elektrik işi görüb gedirəm”.

- Bəs bu ideya ağlınıza hardan gəldi?

- Bilmirəm. Qəfil belə etmək ağlıma gəldi.

- Heç bir xarici ölkədə görməmisiniz?

- Yox, görməmişəm. Siz deyən elə də xarici ölkədə olmamışam. Sadəcə maraq üçün bu işi görürəm. Malbertlə planşeti keçən il bura qoydum ki, uşaqlar gəlib çəksinlər. Pulsuz eləyirəm özü də. Heç birindən pul almıram.

- Bəs sonra bu rəsmləri nə edirsiniz?

- Mənim bir dostum var. Eldəniz İbrahimov. Bəlkə tanıyarsınız. Psixoloqdur, rəsmdən də başı çıxır. Mən burda çəkilən rəsmləri aparıb ona göstərirəm. O da məsləhət eləyir ki, filan uşağın çəkdiyini seçsən, yaxşı olar. Sonra o rəsmlərdən sərgi eləyirik. Birinci dəfə keçirdiyim sərgi ürəyimcə olmadı. Uşaq bağçasında oldu, 250 rəsmdən 50 rəsm seçmişdik.

- Gündə nə qədər uşaq gəlir bura?

- Hər gün hardasa 20, 25, 30 rəsm əldə eləyirəm.

- Bəs elə uşaq olurmu ki, çəkdiyini götürmək istəsin?

- Hə, olur. Ona heç nə deyə bilmirəm. Götürüb gedir. Uşaqdır da... Xətrinə dəymək istəmirəm.

- Eyni uşaqlar gəlir hər dəfə?

- Açığı, çox vaxt eyni uşaqlar gəlir. Amma mən istəyirəm ki, fərqli uşaqlar olsun. Çünki hər uşağın öz dünyası var və bu rəsmlərdə öz əksini tapır. Hər uşağın rəsmi fərqli olur. Eyni uşaq dəfələrlə rəsm çəkəndə bu fərqi görə bilmirik.

- Fikir verirəm ki, daha çox rusdilli uşaqlar gəlir bura...

- Hə, elədir. Daha çox rusdilli uşaqlar diqqət göstərirlər.

Uşaqlardan birinə yaxınlaşıram:

- Dənizdi bu?

- Hə...

- O da Günəş?

- Günəşdir, amma bir az balaca alındı. Əslində böyük olmalıydı.

- Dənizi sevirsən, ya Günəşi?

- Günəş gözümü tutur. Dəniz yaxşıdır.

- Bəs çəkməyi sevirsən?

- Çox sevirəm.

- Birinci dəfədir burda?

- Hə, ilk dəfədir.

Fikir verirəm ki, rəsminin üstündə atasının nömrəsini də yazıb. Qəribə gəldi mənə, sonra o biri adamlar da bunu görüb üzlərinə təbəssüm qondurdular.

- Uşaqlıqdan rəssam olmaq istəyirdiniz? Yəqin istəyiniz həyata keçməyib deyə bu gün rəsmə maraqlı olan uşaqlar üçün bu cür layihə həyata keçirirsiniz.

- Əslində mən heç nə olmaq istəməmişdim.

Sonra uşaqlara rəngli qələmlər paylayır, hamısına nə etmək lazım olduğunu deyir. Üzündə uşaq təbəssümü var...

- Bu rəsmləri sərgidə görə biləcəyik?

- İyulun 29-u Abşeron Qalereyasında. İçərişəhərdə yerləşir.

İki-üç uşaq rəngli karandaşlarla göy üzü, Günəş, Dəniz çəkirdi.

Birinə yaxınlaşıb zarafatla soruşdum:

- Xoşbəxtliyin rəsmini çəkə bilərsən?

Qəribə-qəribə baxdı mənə.

- Bax, çəkmişəm də...

Uşağın biri boş vərəqə baxıb xəyala dalmışdı.

- Deyəsən, nə çəkəcəyini bilmirsən.

- İstəyirəm, pişiyimizi çəkim. Amma bilmirəm hansını çəkim.

- Neçə pişiyiniz var ki?

- Beş! – deyir, amma əli ilə “üç” göstərir. – Hamısı da başqa-başqa rəngdə.

Qələm götürüb xoşbəxtliyin rəsmini çəkmək istəyirəm. Amma bacarmıram. Rəsm çəkməkdə naşıyam. Uşaqlar əlimdə rəngli qələm heç nə çəkə bilmədiyimi görüb gülüşürlər.

- İstəyərdim, siz də gələsiniz. Uşaqların rəsmlərinə baxasınız. – Elşən bəy sağollaşarkən mənə deyir. – Böyüklər üçün də layihə eləyəcəm.

Uşaqların çəkdiyi o rəsmlərdəki xoşbəxtlik daha sonra uzaq ölkələrə də gedəcək. Gürcüstana, Ukraynaya, Rusiyaya, sonra da Avropaya. Bunlar Elşən bəyin arzularıdır.

Və ümidlidir, üzündə bitməyən təbəssümün izləri var...

Uşaqcasına sevinc yaşayır...

# 1842 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
# # #