Özümüz satıb, özümüz almayaq – Şərif Ağayar öz imza günündən yazdı

Özümüz satıb, özümüz almayaq – <span style="color:red;">Şərif Ağayar öz imza günündən yazdı
4 iyun 2017
# 10:51

İndiyədək dörd kitab təqdimatım olub.

“Səhra məsnəvisi” şeirlər kitabının təqdimatı 2003-cü ildə Sabir adına kitabxanada keçirildi.

Onda ənənə başqa cür idi.

Kitabı satmır, təqdimata gələnlərə hədiyyə edirdilər.

Təqdimata gələnlər də durub səni yalan-doğru tərifləyir, tədbrdən sonra da qonaqlığa toplaşıb boğazlarını yaşlayırdılar.

Təbii, təqdimata gələnlərin hamısını özüm şəxsən dəvət etmişdim.

Hekayələr kitabında da adamları özüm və yaxın dostlarım dəvət etdik.

Söhbət 2011-ci ilin qış aylarından gedir.

Hava soyuq idi.

Gələnlər Nizami küçəsində yerləşən “Əli və Nino” kitab mağazasının belə tədbirlər üçün nəzərdə tutulmuş zirzəmisinə sığışmadı.

Tədbir qışın günü, küçənin ortasında baş tutdu.

Yadımdadır, Rəşad Məcid çıxış edərək, bu kitab tqdimatını mədəniyyət mitinqi adlandırdı.

Təvazökarklıqdan uzaq olmasın, ömrümdə bu qədər böyük kitab təqdimatı görməmişdim.

Çağırdığım adamlar qədər tanımadıqlarım da vardı.

Bu dəfə kitabım həm də satılırdı.

Mən bir növ münasibətdən istifadə edib şəxsən tanıdığım oxucuları kitabımı almağa “məcbur etmişdim”.

Demişdimsə, gələcəkdilər, gələcəkdilərsə, alacaqdılar...

Başqa cür ola bilməzdi.

Belə tədbirlər yeni-yeni başlamışdı və fərqli təqdimat formatı adamlara maraqlı gəlirdi.

O zaman üçün fantastik satış oldu.

Rekordlar qırıldı.

Üçüncü kitab...

“Gülüstan” romanının təqdimatı...

2015...

Bu tədbiri eləmək fikrim yox idi.

Açıqlamaq istəmədiyim bir neçə səbəbdən...

Tədbir kitabın naşiri Şahbaz Xuduoğlunun ideyası ilə baş tutdu.

Yeni il ərəfəsi, xüsusi kampaniya idi.

Bura da öz dostlarımı, məni tanıyan, imzamı qəbul edən oxucularımı şəxsən dəvət etdim.

Gəldilər.

Birinci mərhələdə imza gününə gətirilən kitablar qurtardı.

İkinci dəfə gətirdilər.

Onlar da qurtardı.

Yaxınlıqda yerləşən mağzalardan kitab yığmalı oldular.

Onda da hava soyuq idi.

Küçənin ortasında yarım saat, qırx dəqiqə dayanıb kitabın gəlişini gözləyən oxucular vardı...

Nəhayət: “Arzulardan sonrakı şəhər”

Bu, ən çox sevdiyim kitabımdır.

Odur ki, təqdimatını da əvvəlkilərdən fərqləndirmək istədim.

Ayrıca imza günü eləmədim

Həm də bu cür tədbirlərin çoxluğuna görə adamlara əziyyət verməyə utandım.

Onsuz da beş-on nəfər fərqi ilə hər yerdə eyni yazarları görürük.

İndi təkcə özümüz yazıb, özümüz oxumur, həm də özümüz satıb, özümz alırıq.

Adamlar bir az da beziblər.

Artıq xısın-xısın gəzən söz-söhbətlər mətbuata sızmağa başlayıb.

Haqlıdırlar!

Yazıçılar nə qədər əlacsız vəziyyətdə olsalar da, oxcuların azad seçim haqqına girməməlidirlər.

Kitab-oxucu münasibətinə müdaxilə etmək olmaz.

Toya, sünnətə dəvət edirmiş kimi adamları çağırırıq, üz-üzdən utanar deyib gəlirlər, beşdən-üçdən verib kitab alırlar...

Bəzən arxamızca deyinirlər də!

Mən bunu istəmədim.

Şəxsi münasibətlərimdən kitabımın satışı üçün sui-istifadə etmədim.

Günəşlə küləşi qarışdımadım.

Kitabı mənsiz sevsinlər, mənsiz alsınlar, mənsiz oxusunlar istədim.

Bu incə, intim münasibətə özümü qatmadım.

Qoy alıcılar az olsun, amma kitabımı mənə görə yox, onun özünə görə alsın.

Qoy imza günümdə oturub-durduğum, yeyib-içdiyim, dost saydığım adamlar deyil, tanımadığlm, bilmədiyim oxucular iştirak etsin.

Gücümü bilim.

Nəyə qadir olduğumu görüm.

Özümü aldatmayım; qarşımda yaratdığım “süni çoxluq”la, dekorativ yazıçı pozalarıyla, müdrik avtoqraflarla...

Və tədbirlə bağlı sadəcə elan verdim.

Heç kimə şəxsən heç nə demədim.

Ən yaxın dostlarıma, iş yoldaşlarıma, hətta ailə-uşağıma da!

Tədbirə də heç kəsə demədən, özümə yoldaş axtarmadan təkbaşına, əlim cibimdə, fit çala-çala getdim.

Heç kim olmaya da bilərdi...

Amma mən gələndə xeyli adam vardı artıq.

Tədbir baş tutdu.

Onlarla kitab satıldı.

Gələnlərin arasında tanınmış qələm adamları, yaxın dostlarım da vardı.

Amma çoxunu tanımırdım.

İlk dəfə idi ki, avtoqraf yazanda bu qədər adam adı soruşurdum.

Tanışlarımın bəzisi isə deyirdi: “Elanı oxuyub gəldim!”

Bu sözlər mənə dəvətsiz toya gələn, iki yüz, üç yüz vurandan sonra bunu ərklə adamın üzünə vurub istəyini kvadrata yüksəldən qəlbitəmiz qohumları xatırlatdı.

Sevindim.

Özümə, ədəbiyyata, kitaba inamım bir az da artdı.

Ən çox da kitab almağa pulu olmayan, ancaq imza günümdən qalmaq istəməyən oxucular üçün mütəəssir oldum.

Elələri də vardı kitabı alıb oxumuş, bura sadəcə imza üçün gəlmişdilər.

Deyirəm, nə ola, elə bir əyyam gələ ki, yazıçı kiməsə üzbəsurət “Filan vaxtı kitab təqdimatıma gəl” – demək zillətindən qurtara.

Və eləcə bir elan verib əli cibində fit çala-çala imza gününə gedə.

Amma...

Amma alıcılar bunun on misli ola.

Yüz misli ola...

Zira üç milyonluq şəhərdə min tiraj gülməli rəqəmdir.

Bax onda siz deyən və biz deyən kitabların sayı da eyni nisbətdə çoxalar.

Ümidimizi üzməyək...

# 2203 dəfə oxunub

Oxşar xəbərlər

"Puma x Fenty" brendinin yeni siması - Foto

"Puma x Fenty" brendinin yeni siması - Foto

11:30 26 aprel 2024
Mir Cəlal Paşayev  - 116

Mir Cəlal Paşayev - 116

11:00 26 aprel 2024
Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirildi

Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirildi

10:30 26 aprel 2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi

10:00 26 aprel 2024
Necə yerimək lazımdır? - Vüqar Van

Necə yerimək lazımdır? - Vüqar Van

09:00 26 aprel 2024
Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
# # #