Fağır müəllimin amansız taleyi – Azad Qaradərəlinin hekayəsi

Fağır müəllimin amansız taleyi – <span style="color:red;">Azad Qaradərəlinin hekayəsi
4 fevral 2020
# 21:00

Bu gün tanınmış yazıçı Azad Qaradərəlinin ad günüdür. Onun 65 yaşı tamam olur. Kulis.az bu münasibətlə Azad müəllimi təbrik edir və onun “Yarımayan” hekayəsini təqdim edir.

Bütün talesizlərə sayğıyla!

... - Əmiş gəlib e müəllim, nə deyim? – Katibə qapını açıb soruşur.

- Nə Əmiş? – Çaşıb qaldım.

- Eeee... zaddı... Əmən... Əmən müəllim.

Yaxşı tanıyırdım onu. Qonşu məktəbdə işləsəm də, hərdən rastlaşır, salamlaşırdıq. Başı aşağı, yerəbaxan, utancaq birisiydi. “Salam, sağol”dan başqa söz bilmirdi sanki. İnamsız, ümidsiz görkəmi vardı. Mən məktəb direktoru təyin olunandan qabaq xəstələnib, müalicəyə gedib və bu iki ildə yerinə müəllim də göndəriblər. İndi iki gündür gəlir, məni görmək istəyir. Məni də gah rayon mərkəzinə çağırırlar, gah başqa iş çıxır, məktəbdə ola bilmirəm ki, adama bir cavab verəm. Əslində veriləsi cavabım da yoxdur axı. Bu yazığın yerinə müəllim götürüblər. (Xəstəliyi bir az qəlizdir – yoluxucu xəstəlikdir. Uşaqla işləyə bilməz. Deyilənə görə, sağalmağına dair əlində həkim kağızı da var.) Amma nolsun axı? Bu adamı işsiz qoymaq da olmaz. Nəsə etməliyəm. Amma nə?

- Salam məlöküm. Olar?

- Hə, gəl. Ay Əmiş, gəl, niyə olmur?..

(Bizim kənddə bir Həcər arvad vardı. Uşaqlı-böyüklü hamı Həcər çağırardı. Təkcə mən “Həcər xala” deyərdim. Yazıq arvad görəndə az qalırdı üstümə cumsun sevindiyindən. İndi mən də kişiyə “Əmiş” dedim qeyri-ixtiyari. Ayıb oldu. Amma heç bənsitmədi.)

Əyləşir divanda. Həkim kağızını qoyur qabağıma. Araya dərin sükut çökür. Mən gözləyirəm ki, o başlasın, amma yazıq utancaq halda başını aşağı dikib. O qədər arıqdır ki, açıq pəncərədən əsən küləyin onu götürüb apara biləcəyindən ehtiyat edirəm elə bil – qalxıb pəncərəni bağlayıram.

- Sən əvvəl harda işləmisən? - Sükutu mən pozuram.

- Günqışlaqda.

- Niyə elə uzaqda?

- Nə bilim? Getdim maarif müdirinin yanına texnikomu qurtarıb gələndə, dedi? get səhər gəl. Səhər, səhər, səhər, bir də baxdım ki, noyabr ayıdı... Axırı müdir boş əlimə baxıb dedi ki, ay bala, sənin əlin həmişə belə boş olur? Dedim, hə. Yetiməm. Bir anamdı, bir də özüm. Dedi, bir çəpişiniz də yoxdu vurub qoltuğuna gələsən? Dedim yoxdu. Dedi, ə, zalım oğlu, bir pişiyiniz də yoxdu? Dedim var pişiyimiz. Amma... Dedi, nə amma?! Əmrini verdim Günqışlağa! Get orda işlə...

Gülürəm. O da inamsız halda gülür. Əslində quyunun dibində olan gözlərinin gülməyə taqəti yoxdur.

- Əmiş, o müdirin sözü olmasın, sənin əmrin ləğv edilməyib, amma dərsini başqasına veriblər. Mən hər müəllimnən bir saat kəsməyə də qala, səni işə bərpa edəcəm... amma maarifə gərək özün gedəsən... Bərpa əmri olmalıdır... pişik məsələsi...

Mən güldüm. Əmiş gülmək istədi, amma gülə bilmədi.

- Məni ora göndərmə... İş pişiyə qalsa, basacaqlar yenə Günqışlağa... Ora getməyə isə tavanam yoxdur...

Birdən anladım ki, bu adama məndən başqa kömək edən olmayacaq. Başına buraxsam, bunu doğrudan da külək aparacaq. Ona görə ürəyimdə “nə olar, olar” deyib dilləndim:

- Əmiş, sən sabahdan gəl dərsə. Mən bu gün müəllimləri yığıb danışacam...

O, inamsız halda qapıdan çıxhaçıxda dedim:

- Dayan görüm, sənə niyə Əmiş deyirlər? Gül kimi adın var...

Yerə baxdı. Sonra çiyinlərini dartdı. Rəngi getmiş neylon köynəyin içində qıvrıldı:

- O da əfəlliyimnən oldu. Anamın dilinnən qonum-qonşu götürdü, sonra müəllimlər əzizləyib “Əmiş” çağırdı... Axırda da uşaqların dilinə düşdüm... Elə bil xəstəlik də əfəlliyimi görüb məni tapdı... Yazıq anam deyirdi ki, biz talesiz adamıq. Allahın əlindən bir daş buraxılsa, gəlib mənim başıma düşəcək... Hamısı pişiyin başındaydı... Amma heç Əmən də bir ad deyil... Mən bu həyatda heç nədən yarımadım... Elə addan da...

Zəng ediblər ki, Əmiş ölüb.

Fağır oldun, başıaşağı oldun, belədir. Ölümün də əli tez çatır.

24.01.2017

# 1433 dəfə oxunub

Oxşar xəbərlər

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

15:30 26 aprel 2024
#
#
# # #