Qurban Qurbanovun ilk məşqçisi Kulis.az-a danışdı

Qurban Qurbanovun ilk məşqçisi Kulis.az-a danışdı
26 avqust 2011
# 11:15
Diqqət! Bəlkə də dünya futbol tarixinə düşəcək faktdır.

Zaman: 2010-cu ilin sentyabrı.

Məkan: Zaqatala şəhər stadionu.

Xəbər: APAsport saytının.

“Unibank Premyer Liqasındakı komandaların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında XXVII turun oyunlarına start verilib.

Turun ən unikal hadisəsi isə Zaqatalada qeydə alınıb. “Simurq”un oynayan baş məşqçisi, Azərbaycan futboluna Qurban Qurbanovun müəllimi kimi düşən Şaban Şirdanov komandasının yeganə qoluna imza atıb. Sentyabrın 16-da 50 illik yubileyini qeyd edəcək Şirdanov ən qoca qol müəllifi kimi tarixə düşüb”.


“İndi də oynaya bilərəm...”


Zaman: 2011-ci ilin sentyabrı.

Məkan: Zaqatala şəhər stadionu.

- Onca gün məşq etmək kifayətdir ki, böyük futbola qayıdım. Oyunçu kimi ha, məşqçi kimi yox.

Bizimlə söhbətə elə bu məqamdan başladı, Şaban müəllim. Hələ üstəlik onu da dedi ki, “Qurbanla, Musayla indinin özündə də meydana çıxıb 90 dəqiqə oynamağa hazıram”.


***

1982-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə ilə bitirəndən sonra onun təyinatını elə doğulduğu Zaqatala rayonuna veriblər. İdman müəllimi kimi işə başlayan gənc Şaban az keçmiş rayonda futbol məşqçisi kimi tanınmağa başladı. Futbola azca həvəsi olan uşaqlar Aşağı Tala kəndinin kiçik futbol meydançasına gələr, dünyanın bir nömrəli idman növünün sirlərini öyrənirdilər.

- Həmin vaxt rayonun futbol komandası olan “Daşqın” fəaliyyətini dayandırmışdı. Tezliklə köhnə futbolçuları toplayıb komandanı bərpa etdik. 86-cı ildə artıq zona birinciliyində uğur qazandıq. Bu komanda 93-cü ilə kimi mövcud oldu. Müstəqil Azərbaycanın ilk milli çempionatında iştirak etdik. İkinci çempionatda “Neftçi” ilə birgə üçüncü yeri tutduq. Yəqin bilirsiniz, həmin çempionat iki qrupda keçirilirdi. İlk üç yeri tutan komandalar sonradan medallar uğrunda mübarizə aparırdı. “Neftçi” “A”, biz isə “B” qrupunda üçüncü yeri tutub medala oynamağa başladıq. Təəssüf ki, elə həmin il də komanda dağıldı.



“Musa müdafiəçini sürüyə-sürüyə aparırdı”


- Və yerində “Simurq” yarandı...


- Düzdür, “Simurq” Zaqatalanı təmsil edir. Etiraf edim ki, əzmkar komandadır. Legionerlər də gətirilib ki, Zaqatala futbolu əvvəlki şöhrətini bərpa etsin. Komandada öz uşaqlarımız da oynayır. Xüsusən də əvəzedici heyətdə. Amma “Daşqın”da tamam başqa ab-hava var idi. Komandanın özəyini də yerli futbolçular təşkil edirdi.

- Xüsusən də talalılar.

- (Gülür) O kənd qeyri-adi kənddir. Təkcə futbolda, idmanda yox, hansı sahədə istəsəniz vunderkindlər, istedadlar tapmaq mümkündür.

- İkisini də siz tapdınız.

- Musa ilə Qurbanı deyirsiniz, yəqin. Əslində tapdım deyəndə ki? Məsələn, sizə bir maraqlı məqamı deyim. Musa bilirsinizmi futbola nə vaxt gəlib? 22 yaşında. Təsəvvür eləyin, 22 yaşında futbola gələsən və necə də oynayasan. Allah Musaya futbol oynamaq üçün hər şey vermişdi. Boy-buxun, texnika, güclü zərbə…Mən Azərbaycan futbolunda Musa qədər fiziki cəhətdən həddən artıq güclü birisini tanımıram. Onun cərimə meydançasına girməsi bəs idi ki, 100 faizli qol vəziyyəti yaransın. Adətən müdafiəçi hücumçunu dartır, onu irəliləməyə qoymur. Amma Musa müdafiəçini sürüyə-sürüyə öz ardınca rəqib qapıya tərəf aparırdı. Qurban isə 15 yaşında gəlib futbola.

- Əslində bu da gecdir…

- Bilmirəm kimin sözüdür, deyir uşaq futbola 3 yaşında gəlibsə, artıq gecdir.




“Voronejdə onun başına and içirlər...”


Şaban müəllim deyir ki, Aşağı Talada Qurbanovlar ailəsi öz zəhmətsevərliyi ilə seçilib. O qədər də imkanlı ailə olmayıblar. Hamı kimi dolanışıqları torpaqdan, səhərdən-axşamacan kolxozda işləməkdən çıxıb. O dövrdə Aşağı Talada kolxozçuların əsas məşğuliyyəti tütünçülük olub. Həmsöhbətimiz deyir ki, tütünçülük çox ağır sahədir.
Demək olar ki, bütün günü ona qulluq etməlisən. Ona görə də çox vaxt uşaqlar da valideynlərinə kömək etmək üçün dərsdən sonra tütün sahələrində işləyirdilər.

- Qurban özü də çox zəhmətkeş olub. Təsəvvür edin, bütün günü tütün sahəsində çalışan bu uşaq axşam futbola gəlirdi. Özü də sahədə işini tez qurtarırdı ki, məşqə gecikməsin. Və elə bu zəhmətkeşliyini nəticəsidir ki, indi bəhrəsini görür. Bu adam hələ də öz qiymətini almayıb. Qurban təkbaşına “Fakel”i (Rusiya klubu, Voronejin “Fakel” klubunu deyir – S.M.) birinci dəstədən güclülər dəstəsinə çıxardı. İndi də Voronejdə onun başına and içirlər. Amma məşqçi dəyişikliyi və Qurbana qarşı qısqanclıq ona karyerasını Rusiyada davam etdirməyə imkan vermədi. Onu müstəqil Azərbaycan futbolunun ən yaxşı futbolçusu hesab edirəm.

- Bəs Musanı?

- (Gülür) Qurban həmişə, hər yerdə deyir ki, Musa məndən güclü futbolçudur.


“Qarabağ” rəhbərliyi xəsislik etməsəydi...”


“Neftçi”nin SSRİ çempionatında çıxış edərkən heyətini xatırlayırıq. Cavadov, Əhmədov, Ponomaryov… Sizcə Qurban bu ulduzların yanında yer ala bilərdimi» sualında Şaban müəllim bir qədər fikrə gedir. “Əlbəttə ala bilərdi. Onlar doğrudan da güclü futbolçular olublar. Amma bir məsələ var ki, Qurban qədər əzmkar olmayıblar. Bu əzmkarlığı, xarakteri indi məşqçi kimi də nümayiş etdirir”, - deyir Şaban müəllim. Məşqçi onu da deyir ki, keçmiş yetirməsinin Avropada uğur qazanmasının əsas səbəblərindən biri də Qurbanın oyunu oxumasıdır. “O, oyunu oxuya bilir. Əvəzetmələri çox uğurla edə bilir. Rəqibi yaxşı təhlil edir. “Qarabağ” rəhbərliyi xəsislik etməyib iki ortabab legioner alsaydı, indi “Brügge” səddini keçmişdik. Bəlkə də qrup mərhələsinə çıxmışdıq”.


“Bizim uşaq məşqçiləri elə bir zoologiya dərsi keçirlər”


Şaban müəllim indi Azərbaycan futbolunda az-çox parlayan ulduzlardan da gileyləndi. Məşqçi deyir ki, Avropada bir çox tanınmış futbolçular həftədə, iki həftədən bir klubunun uşaq komandasının məşqlərinə gəlib “master-klass”lar keçirir.

- Bekhem, Messi, başqaları. Amma bizdə belə ənənə yoxdur. Heç uzağa getməyək, qonşu Gürcüstanın Avropada, elə Rusiya və Ukraynanın özündə onlarla futbolçusu çıxış edir. Tiflisdə bir vaxtların ulduz futbolçuları olmuş Ramaz Şengeliyanın, Tengiz Sulakvelidzenin futbol məktəbləri fəaliyyət göstərir. Amma bizdə…

- Şaban müəllim, gəlin məsələni belə qoyaq. Tutaq ki, həmin Messi. Onu da ana doğub, hacıleylək gətirməyib. Tutaq ki, azərbaycanlı Əhmədi də. Bəs necə olur ki, uşaq vaxtı xəstəhal Messidən “Barselona” dünya ulduzu “düzəldə bilir”. Amma bizim uşaqlar Azərbaycandan qırağa çıxa bilmirlər.

- İlk növbədə klub öz uşaq komandasına xüsusi diqqət ayırmalıdır. Uşaqla işləmək üçün səbr lazımdır. “Barsa” həmin xəstəhal Messinin ulduz olması üçün on ildən çox səbrlə gözlədi. Onu Argentinada tapmışdılar. Özünü ailəsi ilə birgə İspaniyaya gətirdilər. Müalicə etdirdilər. Ondakı istedadın qığılcımını görmüşdülər, ondan alov yaratdılar. Amma bizdə?

- Bizdə nə?

- Bizdə uşaq məşqçilərin keçirdiyi məşqlərə baxanda adama elə gəlir ki, zoologiya dərsindəsən.

- Uşaqları heyvan adları ilə çağırırlar? Məsələn, ay filan-filan topu düz vur…

- (Gülür).


4000 dəfə top çiləyə bilən Rəhman


Hə, lap yaddan çıxmamış Şaban müəllimlə bağlı bir məqamı da xatırladaq. 2007-ci ildə onun bir şagirdi Ginessin Rekordlar Kitabına düşəcək bir addım atıb. 12 yaşlı Rəhman Şabanov AFFA-nın keçirdiyi “Top festivalı”nda nə az, nə çox, düz 2000 dəfədən çox top çiləyərək Azərbaycanda rekord qırıb. Məşqçisi deyir ki, Rəhman hər ki ayağı ilə top çiləyir və bunu azı 3500-4000 dəfə edə bilər. “Təsadüfi deyil ki, həmin yarışmadan sonra Rəhmanı Ukraynaya göndərdilər və 6 ay ordakı futbol məktəblərinin birində məşq keçdi”, - deyir Şaban müəllim.


“Gecə yarısı qapılarını döyə bilərəm...”


Sonda yenə Qurbandan bəhs edirik.

- Şaban müəllim, bir qədər əvvəl yığmamızın oyunçusu Mahir Şükürovun ilk məşqçisi Sabir Məmmədova avtomobil bağışladığı xəbəri yayıldı. Bəs Qurban…

- (Sözümü kəsir) Musa ilə, Qurbanla indi də ünsiyyətimiz davam edir. İndinin özündə, hətta gecə yarısı belə qapılarını döyməyə ərkim çatır.


Səbuhi MƏMMƏDLİ

Zaqatala
# 1779 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #