Şuşa alınanda harda idiniz? - SORĞU

Şuşa alınanda harda idiniz? - <span style="color:red;">SORĞU
8 may 2016
# 09:00

8 May... Şuşanın işğal günü. İşğal gününün xatirələri danışır, ağrılar danışır. Şuşanın alındığı xəbərini necə eşitdiniz? O zaman harda idiniz? Şuşa bizim üçün nə ifadə edir?

Kulis.az bu barədə sənət adamlarından münasibət öyrənib. Cavabları təqdim edirik.

Flora Kərimova: “Dərd gələndə qapıları taybatay açır. Şuşanın bəd xəbərini eşidən tək mən yox, hamımız parça-parça olduq. Bəlkə də ona görə heç bir azərbaycanlı həmin günü, Şuşanın alındığı gün harda olduğunu, xəbəri necə eşitdiyini xatırlaya bilmir. Heç kimin yadında deyil. Həmin gün nə hislər keçirmişik, bilmirəm. Mənim bütün ağrım o hadisələrlə bağlıdır. Heç vaxt ağlamayan adam kimi o xəbəri eşidəndən bu günə ağlayıram. Şuşanın işğalını göz yaşlarımla qarşılayıram. Gücüm buna çatır. İndi də özümü saxlaya bilmirəm, ağlayıram”.

Seyran Səxavət: “Mən Şuşa alınanda Bakıda idim. Xəbəri qəfil eşitdim. Bir yoldaş xəbəri çatdırdı mənə. Dedim, zarafat eləyərsən birdən, başını kəsərəm. O da dedi ki, yox, rəsmi xəbərdir. Barışmamışdım bu xəbərlə. Amma fakt faktdır, o sənlə bir yaşayır, qol-boyun olur. O ev uçur, adamlar onun altında qalır ha, mən Şuşanın alınmasını eşidəndə dağıntılar altında qalmış adam kimi hiss etdim özümü. Elə indi də dağıntıların altındayam. Təkcə özümü yox, Azərbaycanın namuslu oğullarını, qızlarını, analarını dağıntı altında görürəm. Özü də bu dağıntılar “Ş” hərfinə oxşayır. Həddindən artıq ağrılıdır. Ancaq son zamanlar ümid artıb hamıda. Qoca, cavan, dili söz tutan, söz tutmayan da hazırdı döyüşə. Mən inanıram ki, biz o dağıntıların altından çıxacağıq. Çıxanda da görəcəyik artıq Şuşadayıq. Mənim üçün Şuşa dünyanın ən hündür yeridir. Biz nə vaxtsa o yüksəklikdən dünyaya baxacağıq. Şuşa həm də mənəvi yüksəklikdi. Parisi adam yaradıb, Şuşanı isə Allah yaradıb. Adamın yaratdığı ilə Allahın yaratdığı arasında nə qədər böyük fərq var. Mənim üçün Şuşa həm də Azərbaycanın bayrağıdır”.

Könül Həsənqulu: “Bu vaxtacan toxuna bilmədiyim mövzulardan biri Şuşadır ki, cəmisi bircə dəfə yazı yazmışam o haqda. Toxunduqca ağrıdır məni bu mövzu, nə qədər sentimental səslənsə də, bu həqiqətdir, mənim başqa həqiqətim yoxdur buna dair. Bədii mətnlərimdə də yoxdur bu mövzu, ara-sıra barmaqlarımın ucuyla toxunuram Şuşaya hansısa misralarımda. Şuşalı olmasaydım, bəlkə mən də uca səslə oxunulan cümlələri yaza bilərdim başqaları kimi, amma indi mənə Şuşa haqqında susmaq qalır. Bircə bunu deyim ki, uşaq anlayışında nə baş verdiyini mən həmin gündən sonra atamın külqabısında siqaret kötüklərinin artmasından anlamağa başladım. Bu - Şuşanın yoxluğu ilə hələ ilk tanışlıq idi, sonrasa yay gələcəkdi...”

İlqar Əlfi: “Şuşanın alınacağından iki-üç gün qabaq xəbərim vardı, prosesləri bilirdim. Amma xəbəri Ağdamda aldım və özümü Laçının xəbərinə hazırladım... Əvvəlcə, səhv etmirəmsə, radiodan eşitdim. Ağdamda camaat dəydi bir-birinə. Camaatı yaman qızışdırmışdılar ki, İran verib Şuşanı. Həmin gün Yaqub Məmmədov da İranda danışıqlardaydı... Başqa bir şey xatirimdə deyil. Hadisələr elə sürətlə cərəyan edirdi ki, analizə vaxtımız yox idi.”

Firəngiz Mütəllimova: “Həmin vaxt Türkiyədə qastrolda idim. Yadımdadır ki, aktyor Mikayıl Mirzə başını döyürdü. Hamı pərən-pərən düşmüşdü, zəng edib evlə danışırdı. Mikayıl Mirzə başına döyə-döyə dedi ki, Şuşa işğal olundu, Şuşa da getdi. Şoka düşdüm. Bilmədim valideynlərim necədi, nə olacaq bu işlərin axırı. Açığı, prosesləri izləyirdim, hiss edirdim belə olacağını. Amma heç vaxt inanmazdım Şuşa alınacaq. Bircə qışqırıb ağladığım yadıma düşür. Bir də Şuşadan qayıdanlar deyirdi ki, Şuşa yanırdı”.

Şərif Ağayar: “Mən Füzulidə idim, atam gəldi ora ki, Şuşa işğal olundu, Laçın təhlükədədir. O, Bakıya müalicəyə getmişdi, Şuşanın xəbərini eşidən kimi Qarabağa gəlib, maşın tutub evimizi çıxarmağa gedib, düz iki maşını hərbçilər əlindən alıb, atam üçüncü dəfə də maşın üçün arana qayıdıb. Təsəvvür edin, gəlib aşağı kəndlərdən baha qiymətə maşın tapırsan, neçə kilometr dağa çıxırsan ki, ailəni, uşaqlarını, evini gətirəsən, silahlı cəbhəçilər əlindən alıb öz evlərini yığmağa gedirlər. Üçüncü dəfə bir balaca Qaz 53 keçirə bilir. O vaxt bizimkilər başqa bir maşında gəlirmişlər, yolda qarşılaşıblar, atam deyib, gedim, evdən bir az ayın-oyun götürüm, siz arana gedin. Anam istəyib atamla getsin, atam qoymayıb, deyib, birdən ikimiz də ölərik, uşaqlar tamam başsız qalar, birimiz gedək. Mən bütün bunlardan xəbərsiz idim. Açığı radio-televiziyaya da inanmırdıq. Amma camaat arasında danışırdılar ki, Şuşa alınıb. Atam mənim dalımca Füzuliyə gələnəcən Şuşanın alındığına, Laçının boşaldığına inanmamışdım. Hərdən indi də mənə elə gəlir ki, maşına minib rahatca kəndimizə gedə bilərəm. Bəzənsə, əbədi əlçatmaz görünür. Şuşanın işğalı ilə Azərbaycan insanı dəhşətli bir məğlubiyyət ab-havasına kökləndi. Və təəssüf ki, bu ab-hava hələ də davam etməkdədir”.

# 2104 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #