Hansı yazıçılarımıza müəllim şilləsi dəyib? - SORĞU

Hansı yazıçılarımıza müəllim şilləsi dəyib? - <span style="color:red;">SORĞU
15 yanvar 2016
# 16:34

Sumqayıtda müəllimin şagirdləri döyməsi xəbəri mətbuatda və sosial şəbəkələrdə böyük reaksiyalar doğurub. Ancaq etiraf edək ki, Azərbaycanda sovet dönəmlərindən üzübəri bu cür hadisələr çox olub. Hətta müəllimin şagirdi döyməsi ənənə halını alıb, şillə məktəbin vacib “tərbiyə” atributuna çevrilib. Milli yaddaşımızda şagirdi döymək belə əsaslandırılıb: müəllimin vurduğu yerdə gül bitər.

Bəs görəsən bizim yazıçılar məktəb vaxtı belə hadisələrlə qarşılaşıblarmı? Heç müəllim şilləsinə tuş gəliblərmi? Kulis bu barədə sorğunu təqdim edir.

Aqil Abbas

Daha çox oxumayan şagirdlərə şillə vurur, bir ayaq üstündə saxlayırdılar. Amma sizə deyim ki, sevgidən vururdular, istəyirdilər ağlı başına gəlsin, gedib oxusun. Şikayətə gələn valideynə müəllim deyirdi ki, sənin balan oxumur, ona görə də döymüşəm. Mən isə əlaçı idim, “beş” alırdım bütün dərslərdən. Bir əhvalat yadıma düşür, amma. Sinif rəhbərimiz Cavanşir müəllim vardı, xətrimi çox istəyirdi, mən də ona hörmət edirdim, elə indi də. O vaxtı sinfimizdə qolunda saat olan bircə mən idim. Uşaqlar həmişə dərsin sonuna yaxın işarə ilə soruşurdular ki, nə qədər qalıb. Bir dəfə bu Cavanşir müəllim gördü bunu, arxadan mənə bir qapaz ilişdirdi. Dedi ki, bir də o saatla məktəbə gəlsən, səni dərsə buraxmayacam. O gündən sonra məktəbə saatsız getdim.

Vaqif Nəsib

Bizim şagird vaxtımız çox ağrılı illərə düşmüşdü. Müharibədən bir il sonra birinci sinfə getmişdim. Sovet vaxtı çox ciddi nəzarət vardı, təhsilə önəm verirdilər. Ona görə kimsəsiz, yetim uşaqları da zorla məktəbə cəlb edirdilər. Əslində yaxşı idi bu, çünki çox adam avaraçılığa başlayırdı, pis işlərlə məşğul olurdu. O vaxtı bizim sinfimizdə müəllim demişdi ki, hamının saçı bir olmalıdır. Hələ buna görə bərbər də gətirirdilər. Saçı o birisilərdən seçilənlər cəzalandırılırdı. Düzdü, uşaqlar var ki, elə döyülməyə layiqdirlər. Amma bu yaxşı hərəkət deyil. Makarenkonun sözü olmasın, pis uşaq yoxdu, pis tərbiyəçi var. Mənim atam məktəb direktoru idi Qazaxda. Hamı Sarı Hüseynin məktəbi deyirdi (gülür). O vaxtı dediyim kimi, nəzarət çox ciddi idi. Döyən adamın dərisinə saman yeridərdilər. Çox pis nəticələr verərdi döymək hadisəsi. Hə, mənim atam da evdə bizi qorxudurdu ki, bax ha, yaxşı oxumasanız, çubuqla döyəcəm sizi. Amma məktəbdə heç bir müəllim şagirdi döyməyə risk eləmirdi, təhlükəli idi bu.

Aqşin Yenisey

Dərsə görə yox, amma nadincliyimə görə çox döyülmüşəm. İşgəncələrlə üzləşdiyim iki mənzərəni yazsam hər şey aydın olacaq. Bir dəfə müəllim otağın küncünə daş kömür ovuğu tökdürdü və məni sinifdə çıxardığım hoqqalara görə 45 dəqiqəlik dərc boyunca dizi üstə o kömür ovuğunun üstündə oturmağa məcbur elədi. Bütün kömür qırıntıları dizimə batmışdı. Bir dəfə isə sinif yoldaşımla dəhlizin ortasında dalaşdığıma görə məni səhərdən axşama kimi məktəbin qaranlıq və soyuq zirzəmisinə saldılar. Hamı gedəndən sonra açıb evə buraxdılar. 6-cı sinifdə oxuyanda artıq mənim balaca da olsa zindan xatirələrim var idi. Bu cəzalara görə məndə heç vaxt mamlımatanlıq hissləri olmadı. Səmimi deyirəm ki, həyatdakı bütün uğurlarıma görə məktəbdə mənə verilən cəzalara borcluyam. Günah və cəza olmayan mühitdə xarakter formalaşmır. Bu həm insanlara aiddir, həm də xalqlara.

Şərif Ağayar

Mən ucqar dağ kəndində oxumuşam. Bizdə təhsil yaxşı idi. Xüsusən humanitar sahələrdə. Bircə faktı deyim, özünüz təsəvvür edin: 120 evlik kənddə az qala 10-15 adam Tibb Universitetində oxudu. Müəllimlərin isə sayını unutmuşam. Amma siz deyən “uşaq döymə” məsələsi çox yayğın idi bizdə. Xüsusi uşaq döyən müəllimlər vardı, hamı tanıyırdı onları və çəkinirdilər. Şahidəm ki, döyməklə uşaqlar tərbiyə olunur və oxuyurdular. Yaxşı olsa da, pis olsa da, bu reallıqdır. O ki qaldı mənə, oxuyan uşaq olduğum üçün dərs üstə döyüldüyümü xatırlamıram. Amma nadincliyə, dərs buraxmağa, şagirdlərlə tutaşmağa, səs salmağa görə müəllimlər vurub məni. Buna əslində döymək də demək olmaz. Bir, uzağı iki şillə... Təpik vuran dəli müəllimlərim də olub. Siz deyən kimi yadıma düşdü ki, tarix müəllimimiz dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, təzə tikilən məktəbdə oynadığımıza görə bütün sinfi şillələmişdi. Özü də yad adam deyildi, doğmaca bibim oğlu idi. Sinifdə hamıya qohum idi. Valideynlər də bu yüngül şillələmələrə görə müəllimlərə heç nə demirdilər. Mən testlə universitetə qəbul olunanda həmin bibioğlu dedi ki, şillələrim olmasa avaralıq edib oxumazdın. Dalınca da əla bir cümlə dedi: “Özüm heç nə bilmirdim, amma sizi döyürdüm ki, oxuyub, adam olasınız.” Adam olub-olmadığımızı deyə bilmərəm, amma oxuduq. Müəllim şilləsinin ziyanını görmədim. Ancaq indikilər deyəsən, uşaqları oxumadığına görə döymürlər, zamanın, gün-güzəranın heyfini çıxırlar onlardan. Yüngülvarı bir şillə, bir qapaz, xətkeşlə bir dəfə təpəsinə çırpmaq başadüşüləndir və buna görə müəllimi məktəbdən qovmaq olmaz. Təhsilimizin bundan daha faciəvi problemləri var. Amma day uşağı yun kimi çırpmaq, Mayk Tayson kimi nokauta salmaq vəhşilikdir və nəinki məktəbdə, heç yerdə qəbul olunan deyil.

Kəramət Böyükçöl

Bir müəllimin vardı. Dərsə girəndə onun qorxusundan ehtiyatla nəfəs alırdıq. Adı Nadir idi. Fizika müəllimimiz olub. Bilmirəm indi sağdı, yoxsa ölüb. Ölübsə Allah rəhmət eləsin, ölməyibsə Allah öldürsün. Həm məktəbdə dərs deyirdi, həm də dülgər işləyirdi. Sinifdə bir qız vardı, çox gözəl idi. Həmişə yanaşı otururduq. Tez-tez qızın saçından öpürdüm. Elə bil onun saçından öpməyə vərdiş eləmişdim. Nadir müəllim iki əlini belində cütləyib sinifdə o baş bu başa var-gəl eləyirdi. Allah ağlımı alsın, özümü saxlaya bilməyib qəfil yenə qızın saçından öpəndə müəllim gördü. Görən kimi tez dedi, qalx ayağa yanıma gəl... Mən inanmadım vurar. Elə bildim dərsdən çıxaracaq. Qəfil ağzımın üstündən necə şillə vurdusa saçından öpdüyüm qız içini çəkdi. Qız az qala müəllimə deyə ki, saç mənimdi, yaxşı eləyib öpür, sənə nə... Çox pərt oldum. Gözlərim doldu. Amma özümü saxlayıb ağlamadım. Mənim əvəzimə saçından öpdüyüm qız ağladı.

Azad Qaradərəli

Bu barədə hansısa yazımda, gərək ki, "Boy-buxunundan yekə iş tutan adam" adlı essemdə yazmışam. Demək, ibtidai siniflərdə oxuyanda müəllimimiz (atam idi) ən çox ana dilindən tapşırıqları üzündən köçürməyə verərdi. Mən də mətnin adını və əvvəlindən bir-iki cümləni köçürüb qalanını özümdən yazardım. Yəni ağlıma gələni. Onun üstündə atam dəfələrlə döymüşdü məni. Sonralar başa düşdüm ki, bəlkə də ilk qeyri-rəsmi yazılarım o tapşırıqlar imiş. Hə, bir də kədərli bir əhvalat var, onu da deyim. Onda 7-də oxuyurdum. Ördəkli kəndindəki məktəbdə. O vaxt "Azərbaycan pioneri" adlı bir qəzet çıxırdı. Mən o qəzeti alar və bütün yazıları oxuyardım. Bir dəfə o qəzetdəki yazılara baxıb birini də mən uydurdum, adı təxminən belə idi: "Ekskursiya." Guya bizi müəllimimiz ekskursiyaya aparıb və sair. Yazını göndərdim qəzetə. Hər dəfə qəzet gələndə acgözlüklə səhifələrə baxıram, amma çıxmadı. Və bunu unutdum. Bir neçə ay sonra məni ədəbiyyat müəllimimiz direktorun otağına apardı. Əllərində bir məktub vardı. Soruşdular sən yazmısan? Alıb baxdım ki, mənə öyüd-nəsihət yazıblar. Yazanda belə elə, filan-peşməkan. Dedim hə, mən yazmışam. Direktor bir şillə vurdu, birin də ədəbiyyat müəllimi. Ki, sən niyə bizdən icazəsiz yuxarılara məktub yazmısan?! Gülməlidir, amma həm də ağlamalıdır.

Əsəd Qaraqaplan

Mən orta məktəbdə oxuyanda müəllimlərdən çox valideynlər tərəfindən döyülür və danlanırdım. Çünki uşaqlarla dalaşır, onları döyür, valideynləri də ya evimizə, ya da birbaşa məktəbə gəlirdilər. Bir dəfə qonşumuz Xanağa oğlu Vüsalı döydüyümə görə birbaşa məktəbə gəldi, dərs vaxtı Nadir müəllimə belə fikir vermədən əsəbi halda içəri girdi və üstümə şığıdı. Mən də canlı-cəsədli uşaq olduğuma görə əməlli-başlı tutaşdıq və sinfin ortasında boğuşmağa başladıq. Bir-ikisini yeyəndən və bir az xırpalaşandan sonra müəllim və şagirdlər bizi zorla ayırdılar. Yaxşı oxuyurdum deyə müəllimlər mənim bəzi dəcəlliklərimi yola verir, çox da üstümə getmirdilər. Ancaq uşaqlarını döydüyüm valideynlər yox. Onlar daha çox evə gəlirdilər, evdə məni atama danlatdırıb, döydürürdülər.

# 982 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda 21 yaşlı model faciəvi şəkildə vəfat etdi

Bakıda 21 yaşlı model faciəvi şəkildə vəfat etdi

12:33 26 aprel 2024
Farabi Film Festivalı  keçiriləcək

Farabi Film Festivalı keçiriləcək

12:25 26 aprel 2024
Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

12:18 26 aprel 2024
Musiqi və incəsənət məktəblərinə qəbul elektron qaydada aparılacaq

Musiqi və incəsənət məktəblərinə qəbul elektron qaydada aparılacaq

12:00 26 aprel 2024
"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
"Puma x Fenty" brendinin yeni siması - Foto

"Puma x Fenty" brendinin yeni siması - Foto

11:30 26 aprel 2024
#
#
# # #