Nəriman Həsənzadənin Nəsibə Zeynalovanı aldatmağı

Kulis.az Xalq şairi Nəriman Həsənzadəni 18 fevral - doğum günü münasiəbti ilə təbrik edir və onunla bağlı bir əhvalatı oxucuların diqqətinə çatdırır. 

 

1979-cu il idi. “Ədəbiyyat və incəsənət” qəzetində çalışırdım. Bir gün günortaya yaxın dəhlizdən hay-küy səsi gəldi. Çıxıb gördüm Nəsibə Zeynalova düz baş redaktor Nəriman Həsənzadənin kabinetinə sarı üz tutub, yanında da oğlu Cahangir Zeynalov. Aktrisa redaktorumuzu yaş yuyub quru sərirdi, hiddətindən gözləri qan çanağına dönmüşdü. Səsə çıxmış əməkdaşlar nə qədər çalışsalar da, Nəsibə xanım sakitləşmədi və “gör indi onun başına nə oyun açıram!” deyib zərblə idarə başçısının kabinetinin qapısını açdı. Aktrisanın hayqırtısı ara vermirdi. Nəriman Həsənzadənin yerindən qalxıb əllərini havaya qaldıraraq “bay, Nəsibə xanım, qadan alım, xoş gəlmisiniz!..” deməsinin də xeyri olmadı. Aktrisanın ağzı od püskürürdü, dişinin dibindən çıxanı deməkdə davam edirdi. Nəriman Həsənzadə “əşşi, niyə xəbər verməməsiniz, qadan alım, bir tədarük görərdik” söyləməsi Nəsibə xanımı bir az da təbdən çıxartdı.

 

- Nə tədarük görəcəkdin?! Ağzınıza gələni yazırsınız! Mən bu işi belə  qoymayacağam! Göstərəcəyəm hətərən-pətərən yazmağı sizə!.. – Qışqıran aktrisa barmağını silkələyərək hədələr yağdırırdı. Oğlu Cahangir dillə müdaxilə etməsə də, ötkəm duruşu və hiddətli baxışlarıyla Nəsibə xanımla tamamilə həmrəy olduğunu açıq bildirirdi.

 

Uzun təhqir və çığır-bağırdan sonra məlum oldu ki, dava qəzetin ötən nömrəsində aktrisanın atası, tanınmış tacir, Azərbaycan milli realist məktəbinin yaradıcısı Kərbəlayı Cahangir Məşədi Rza oğlu Zeynalov (1865-1918) haqqında gedən məqalənin üstündəymiş. Səhv eləmirəmsə, müəllif kiminsə aktyor Kərbəlayı Cahangir Zeynalova nə vaxtsa maddi yardım göstərməsini qeyd etmişdi və Nəsibə xanımı da özündən çıxaran bu olmuşdu. “Ə, camaata atam yardım edirdi, bu nə məsuliyyətsizlikdi, bu nə özbaşınalıqdı?! Gör indi qəzeti bağlatdırıram, ya yox... Vicdansızlar!...” deyə aktrisa əlini ölçürdü. Nəriman Həsənzadə bacardıqca xoş, mehriban sifət alıb işin yönünü barışığa çevirməyə çalışırdı.

 

- Nəsibə xanım, qadan alım, elə bu nömrədə təkzib verərik, siz narahat olmayın, - deyib baş redaktor üstündən - Əsəd müəllim, Camal müəllim, uşaqlar çağırın onlar da gəlsin... Tez, fotoqrafı da tapın gətirin – söyləyərək əlini dəhlizə tərəf tutdu.

 

Əsəd Məmmədov və Camal Yusifzadə qəzetin “Teatr, kino və musiqi” şöbəsinin əməkdaşları idi, başıbəlalı məqalə də elə həmin şöbədən getmişdi. Qərəz, gedib onları da bu mərəkəyə baxmağa çağırdıq. Qayıdanda gördük məsələ bir az da şiddətli hal alıb. Artıq Cahangir Zeynalov da susmamaq qərarına gəlib və Təkzib nədi, Nəriman müəllim, təkzib nədi?.. Nə yaxşı şeymiş – yaz ağzuva gələni, sonra da təkzib ver! Təkzib zad lazım deyil bizə, məhkəmədə görüşərik!... – deyə babasına qahmar çıxır.

 

İşin bu yerə çatacağı gözlənilirdi. Nəsibə Zeynalovanın sənətdə də, həyatda da necə prinsipial bir insan olduğunu bilirdim. Kürçaylının Musiqili Komediya teatrında gedən tamaşalarının hamısında Nəsibə xanım oynayırdı. Kürçaylı deyirdi, teatrda Nəsibə xanımın bir sözünü iki eləyən olmur. Direktor da, baş rejissor da ondan çəkinir. Hətta, hərdən müəlliflərə də təpinir, rolu ona kiçik gəldikdə mətnin dəyişdirilməsini təkid edir, yoxsa oynamayacağıyla hədələyir və bir qayda olaraq istədiyinə nail olur. Bir sözlə, hörmətli aktrisa muskomediyanın dəmir ledisi idi.

 

Bütün bunları bildiyim üçün mərəkənin ardına tamaşa etməmək qərarına gəldim. Fikirləşdim ki, heç nə - nə şirin dil, nə xoş rəftar, nə “qadan alım” kəlməsi Nəsibə xanımı yolundan döndərə bilməyəcək, iş yəqin ki gedib məhkəməyə çıxacaq. Otağıma keçib işimlə məşğul olmağa başladım. Amma qapını bəra-ehtiyat açıq qoydum...           

 

Qısa bir vaxt keçdi. Birdən daha qulağıma hay-küy səsi gəlmədiyinin fərqinə vardım. Yəni çıxıb gediblər? Yəqin başım işə qarışıb, nəyisə ötürmüşəm. Qalxıb dəhlizə çıxdım, heç kəs yox idi. Demək, həqiqətən gediblər... Baş redaktorun qapısına yaxınlaşdım. Dedim görüm o vurhavurdan sonra nə haldadı, əlbəttə, əgər o da getməyibsə. Səs-səmir gəlməyən kabinetin qapısını azca aralayıb baxdım və izahedilməz, olduqca əcaib bir mənzərənin şahidi oldum: Nəriman Həsənzadəylə Nəsibə Zeynalova masa arxasında yanaşı oturmuşdular, ana-bala kimi baş-başa verib çay içirdilər. Şair az qala başını Nəsibə xanımın çiyninə qoymuşdu. Üzlərindən sevgi, şəfqət, mehribanlıq yağırdı. Sanki bayaqkı söz-söhbət heç olmamışdı. Nəriman Həsənzadə Nəsibə xanıma az qala pıçıltıyla, alçalıb yüksələn ahənglə nə isə söyləyirdi. Nəsibə xanım bayğın, məmnun baxışlarla gülümsəyir, hərdən eşitdiyi sözlərdən xoşallanaraq utanırmış kimi başını çiyninə qısırdı. Ortada cənnət bağının təamları – lələ-gülə, mürəbbə, şirni, al-əlvan konfetlər, bir qutu şokolad, seçmə meyvələr vardı. Başımda “görəsən bu dar macalda şair bütün bunları hardan və necə əldə etdi” fikri dolaşdı. Bu yanda Nəsibə xanımın oğlu Cahangir Zeynalov, o yanda “Teatr, kino və musiqi” şöbəsinin cəfakeş əməkdaşları Əsəd və Camal da cənnət bağının xoşnud, səfakeş qılmanları kimi gülümsər və xoşhal idilər. Axı nəydi bu təbəddülatın səbəbi, beş-on dəqiqə ərzində hər şeyi baş-ayaq çevirən, tamam başqa məcraya oturdan və Nəsibə xanım kimi ərköyün, ötkəm qadını ram edən nəydi?... Hər nə isə, şairin illərin sınağından çıxmış, ustalıqla işlənmiş, daşı muma çevirməyə qadir peşəkar priyomunu heyf ki, gözlərimlə görə bilmədim.

 

Neçə gün keçdi... Nəriman Həsənzadənin otağında baş vermiş metomarfozun yenicə unudurdum ki, qəzetin növbəti sayında gördüklərim məni yenidən mat qoydu. Qəzetin nəzərə çarpmayan xəlvət bir yerində təkzib verilmişdi. Amma, əsas bu deyildi. Tamam başqa bir səhifədə iri bir fotoşəkil göz oxşayırdı. Şəkildə neçə gün əvvəl kabinetdə gördüyüm o xoşbəxtlik səhnəsi əks olunmuşdu; Nəsibə Zeynalova, Nəriman Həsənzadə, Cahangir Zeynalov, Əsəd Məmmədov, Camal Yusifzadə qayğısız, xoş anlar yaşayan yerdə. Aşağıda isə təxminən belə bir şərh verilmişdi: Xalqımızın sevimlisi, xalq artisti Nəsibə Zeynalova və oğlu Cahangir Zeynalov redaksiyamıza qonaq gəlmişdi.

 

Şəklə baxan heç bir insan övladı Nəsibə xanımın redaksiyaya gəlişinin əsl səbəbini və çəkilişdən cəmi 15-20 dəqiqə əvvəl kabinetdə hansı ab-havanın hökm sürdüyünü söyləyə bilməzdi. 

 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018