Dilimizdə ilk dəfə: “İtmiş zamanın axtarışında” – MƏTN

<span style="color:red;">Dilimizdə ilk dəfə:  “İtmiş zamanın axtarışında” – <span style="color:red;">MƏTN
6 iyun 2018
# 11:48

Kulis.az dahi fransız yazıçısı Marsel Prustun 6 cildlik “İtmiş zamanın axtarışında” romanının “Svana doğru” bölümünün birinci hissəsini təqdim edəcək. Məqsəd azərbaycandilli oxucuda əsər haqqında ümumi təsəvvür yaratmaqdan ibarətdir. Mətn yazıçı-tərcüməçi Zahid Sarıtorpaq tərəfindən rus dilindən çevrilib və "Xəzər" jurnalında çap edilib.

Əvvəli burda

Təsəvvür edirdim ki, Svan yazdığım kağızı oxuyub məqsədimi duysaydı, çəkdiyim iztirab ona necə gülünc gələrdi; halbuki nəticədə onun da uzun illər bu iztirabdan üzüldüyü və məni, güman ki, onun qədər heç kimin başa düşə bilməyəcəyi məlumum oldu; sənin olmadığın yerdə, birgə olmağınızın mümkünsüz olduğu məkanda doğma varlıq şənlənirkən, hücum çəkən bu iztirab onun içində bir sevgi oyatdı, əslində bu həsrət, elə bil, onun üçün yaranmışdı, onu davamlı olaraq özünə aid edir və özünə uyğunlaşdırırdı; mənim başıma gələn sayağı, əgər həyatımızda sevgi zühur edənəcən həsrət bizdə dumanlı və azad, yönü-məqsədi bilinməyən və duyğudan duyğuya uçub adlayan nəsə taparsa, bu gün, sevgi öncəsi o, bir oğul mehrinə xidmət edir, sabahsa yoldaşla dostluğa xidmət edəcək. Daha doğrusu, Fransuaza gələrək yazdığım kağızın ötürüləcəyini mənə deyəndə, ilk təcrübəmin verdiyi zövqü Svan artıq dadmışdı, bu həmin o aldadıcı zövqdü ki, sevdiyimiz qadının evə və ya teatra sarı gedən, rəqs gecəsində, şadyanalıq məclisində, təqdimetmə mərasimində onunla görüşəsi olan qohumu və ya rəfiqəsi bəxş edir, o, görür ki, binanın girişində boş yerə veyllənərək təsadüfün bizi qovuşduracağına havayı yerə bel bağlayırıq. O, bizi tanıyır, sərbəst şəkildə yaxınlaşır, bizim burada nə etdiyimizi soruşur. Biz onun qohumu və ya rəfiqəsinin təcili iş üçün gərəkliliyini uydururuq; O, bizi çox sadə şəkildə görüşdürəcəyinə inandırır, bizi vestibülə daxil olmağa dəvət edir və onu beş dəqiqədən sonra yanımıza göndərəcəyinə əmin edir. Mən bu yaxşılığa görə ona dua etdiyim kimi, indi Fransuazaya – bizə düşmənçilik girdabı kimi görünən, bizi ağuşuna alıb aparan, qüsurlu olduğu qədər də təsəvvürümüzə ləzzətli gələn, hətta sevdiyimizi ələ salmağa məcbur edən şeytani təntənəni bir sözüylə insani və münasib yönə salan, hətta canayatımlı bir mübhəmliyə çevirən bu xeyirxah araçıya dua edirdim! Bizə yaxınlaşan qohumuna görə, amansız bir sirrə dair fikir yürütsək, bu zaman bayram üçün edilmiş başqa dəvətlərdə də iblisanə heç nə görmərik. Budur, onun daddığı, bizim üçünsə əlçatmaz və əzablı olan, qəfil qarşımızda açılmış sirli bir aləmə nüfuz edirik; budur, artıq biz təsəvvür edirik, yiyələnirik, qoşuluruq, şənliyi təşkil edən, qalanlarından heç də az real olmayan, bəlkə də, hətta, bizim üçün daha çox önəm kəsb edən anlardan birini az qala özümüz yaradırıq, çünki bizim sevgili qadın ona xüsusilə bağlıdı: bu, bizim aşağıda olduğumuzun ona deyildiyi həmin andı. Mahiyyətcə şənliyin sonrakı anlarının bu andan elə də seçilməyəcəyi anlaşılandı, əgər xeyirxah dostumuz bəyan edibsə ki: "O, sizin yanınıza sevincək enəcək! Yuxarıda qalıb darıxmaqdansa, sizinlə söhbət etmək ona daha çox zövq verəcək!", demək, bu andan daha möcüzəlisi ola bilməz və bizim qəlbimizi ağrıda bilməz. Heyhat! Xeyirxah məqsədli üçüncü şəxsin qadın üzərində hökmü olmadığını, sevmədiyi adamın onu rəqs gecəsində belə izlədiyi üçün əsəbiləşərək qıcıq doğurduğunu Svan öz təcrübəsindən bilirdi. O bilirdi ki, dost oradan daha çox tək-tənha enir.

Anam gəlmədi və izzət-nəfsimə rəhm etmədən (axtarış haqda uydurmalarının üstünün açılmamasında maraqlı olan birinə rəhm etmədi və guya, o, bu axtarışın nəticəsi barədə məndən məlumat verməyi xahiş etmişdi) Fransuazaya tapşırdı ki, mənə çatdırsın: "Cavab olmayacaq" – bu kəlmələri sonralar mənim yanımda zavallı qızlara mehmanxana qapıçıları və ya qumar evlərinin lakeyləri tez-tez deyərdilər. "Necə yəni! O, heç nə demədi? – deyə onlar heyrət içində soruşardılar – Ola bilməz! Siz ona mənim məktubumu vermisiz yəqin. Yaxşı, mən gözləyərəm". Və gözləmək üçün qalmış, ancaq qapıçı və xidmətçinin öz aralarında zaman-zaman hava haqqında söhbətindən və kirayənişinlərdən birinin göstəriş verdiyi vaxtın artıq yetişdiyi məqam gəlincə, qapıçının xidmətçiyə buz dolu vedrəyə içki qoymaq üçün necə tapşırıq verməsindən başqa bir şey eşitməyən, qapıçıya ondan ötrü əlavə qaz sümsüsü yandırmağın gərək olmadığını hər dəfə bildirən o qızlardan biri kimi, Fransuazanın mənim üçün içki düzəltmək və mənim yanımda olmaq təklifindən imtina etdim, onu bufet otağına göndərdim, özümsə bağda kofe içən doğmalarımın səslərini eşitməməyə cəhd edərək, uzanıb gözlərimi yumdum. Amma bir neçə saniyə sonra hiss elədim ki, anama məktub yazmaqla onu özümdən incik salmağa risk edirəm, ona o qədər yaxınlaşıram ki, sanki görünəcəyi ana toxunuram, bununla da yuxuya getməkdən özümü məhrum edirəm, onunla görüşməyəndə ürəyim hər an daha ağrılı döyünür, çünki özümü sakitləşməkdən ötrü dilə tutduqca və acı taleyimə boyun əydikcə həvəsimi daha da gücləndirirəm. Elə bil, qəfil güclü bir ağrıkəsici dərmanın təsiri altına düşdüm, iztirabım keçib getdi və xoşbəxtlik hissi məni bürüdü: hətta, anamla görüşmədən yuxulamağa can atmamağa, uzun müddət məndən incimiş olsa belə, öz yataq otağına qalxanda nəyin bahasına olursa olsun onu öpməyə qərar verdim. Əzabların, həsrətin, ehtiraslı istəyin və qorxu təhlükəsinin sonu qəlbimi qeyri-adi coşquyla doldurmuşdu. Mən sakitcə pəncərəni açaraq çarpayımın ayaq tərəfində əyləşdim; aşağıda duymasınlar deyə, demək olar ki, qımıldanmadan oturmuşdum. Pəncərənin o üzündə sanki ay işığını təlaşlandırmamaq üçün, hər şey gərgin bir sükut içində donmuşdu, işıq isə, var olanların özündən də sıx və aşkar bir şəkildə hər şeyin kölgəsini öz önündə uzatmışdı, hər kölgəni də iki dəfə böyütmüşdü, bütün görünüşü isə incəldərək, eyni zamanda, elə bil, bürmələnmiş bir layihə kağızı kimi açıb sərələmişdi. Hərəkət etməyə ehtiyac duyan hər şey, məsələn, şabalıdın yarpaqları kimi nə varsa, hamısı tərpənirdi. Onu bürümüş, xırda çalarlarına qədər incədən-incə cilalı titrəyişlər isə, ətrafdakılara çilənmir, onlara qovuşub-qarışmır, yalqızca qalırdı. Çox güman, şəhərin o başında salınmış bağlardan gələn, itib-batmayan, sükutun fonunda aydınca seçilən uzaq səslər çalardan-çalara keçməklə o dərəcdə "füsunkar" qəbul olunurdu ki, sanki uzaqlıq təəssüratı konservatoriya orkestrinin ustalıqla ifa etdiyi motivlər kimi yalnız onların ahəstəliyindən asılıydı: bu zaman heç bir not qeyb olmur, dinləyicilərdə isə bu səslərin hardasa konsert salonundan uzaqlarda səsləndiyi təəssüratı yaranır, nənəmin bacılarının timsalında Svanın öz yerini güzəştə getdiyi köhnə abunəçilər isə, bu səslərə qulaqlarını şəkləyir, sanki təpik döyən, hələ Treviza küçəsinə burulmayan nizami əsgərlərin uzaq addım səslərini dinləyirdilər.

Valideynlərimi tanıdığımdan, təşəbbüsümün mənə həddən artıq ağır başa gələcəyi haqda özümə hesabat verirdim, bunu kənar adam gerçəkdən iyrənc bir nəsnənin baş verəcəyi kimi gözləyə bilərdi. Mənim aldığım tərbiyədə əməllərin önəmlilik dərəcəsi başqa uşaqlarla müqayisədə ayrı cür təyin edilirdi: mənə yalnız indi məlum olur, bizim sadəcə əsəb coşqusunun təsiri altında törətdiklərimizi ən böyük qəbahətlər sırasına daxil etməyimi mənə təlqin edirlərmiş (görünür, məni onlardan ciddi şəkildə çəkindirmək lazımmış). O zaman mənim yanımda bu ifadəni işlətmirdilər, bu cür günahların törəmə səbəblərini göstərmirdilər, yoxsa mən bunun bağışlanılan ola biləcəyi və ya öhdəsindən gəlməyə gücüm çatmayacağı qənaətinə gələ bilərdim. Bununla belə, mən bu günahları öncə çəkdiyim həsrət baxımından asanlıqla ayırd edə bilirdim və ardıyca son dərəcə ciddi gələn cəzalanmanı da həmçinin; indi dərk edirdim ki, törətdiyim günah, aldığım şiddətli cəzaların sırasına, amma daha önəmli olanlarına aiddi. Əgər yataq otağına qalxarkən, anamın qarşısına çıxsam və mənim dəhlizdə bir daha ona şirin yuxu arzulamaqdan ötrü durduğumu görsə, məni daha bu evdə saxlamazlar, günü sabah kollecə yollayarlar, buna əminəm. Neynək! Əgər beş dəqiqədən sonra pəncərədən atılası olsaydım belə, bu, mənim qarşımı ala bilməzdi. Bircə arzum vardı: anamı görmək, ona şirin yuxu arzulamaq, bu cəhdimdə artıq kifayət qədər uzağa getmişdim, geri çəkilmək isə gec idi.

Svanı yola salan doğmalarımın addım səslərini eşitdim. Doqqazda səslənən zınqırov mənə Svanın getdiyini yenicə bildirmişdi ki, pəncərəyə çıxdım. Anam atamdan lanqustun yaxşı olub-olmadığını və Svanın püstəli dondurmayla qəhvə istəyib-istəmədiyini soruşdu. "Mənim çox da xoşuma gəlmədi, – deyə anam qeyd elədi. – Növbəti dəfə nəsə başqa şey etmək lazımdı". – "Svan necə də dəyişib! – deyə böyük xalam ucadan səsləndi – O, əməlli-başlı qocalıb!" Böyük xalama elə gəlirmiş ki, Svan hələ də cavandı və birdən heç də belə olmadığının üzə çıxması onda təəccüb doğurmuşdu. Bir sözlə, mənim bütün doğmalarım Svanın erkən, qeyri-normal, utanc gətirən qocalığını görərək hesab edirdilər ki, bunu o, "sabahları" olmayan bütün subayların baş alıb gedən uzun "bu günləri" sayağı özü qazanıb, başqalarına nisbətən belə günlər daha uzun sürür, çünki heç nəylə zənginləşmir, səhər açılanı ötüşən anlarının biri digərini qovmur, ailə-uşağa həsr olunmur. "Yəqin ki, onun alçaq arvadı qanını çox korlayıb. Axı o, Kombredə hamının gözü önündə Şarl adlı birisiylə yaşayır. Bu ki, dillərdə dastana dönüb." Anam etiraz etdi ki, son zamanlar Svan açıq-aydın şənlənir: "İndi o, elə də tez-tez gözlərini silmir, əlini alnına çəkmir – bu onun atasının vərdişiydi. Məncə o, daha arvadını sevmir". – "Əlbəttə, sevmir, – deyə babam müdaxilə etdi. – Mən çoxdan bu barədə ondan məktub almışdım, o zaman buna elə də əhəmiyyət verməmişdim, amma bu məktub onun arvadına olan hisslərinə şübhə yeri qoymurdu, daha dəqiq desək – sevgisinə. Hə, bir də axı, siz nəyə görə, Asti şərabı üçün ona təşəkkür etməmisiz?" – deyə o, baldızlarından soruşdu. "Necə yəni təşəkkür etməmişik? Əgər söhbət bu cür yön aldısa, deməliyəm ki, mən bunu kifayət qədər incə etmişəm", – deyə Flora nənə etirazını bildirdi. "Hə, səndə bu çox yaxşı alındı: sənə heyran olmuşdum", – Sedina nənə qeyd etdi. "Sən də heç yanılmamısan". – "Hə, lütfkar qonşularımız haqda dediyimlə fəxr edirəm". – "Necə yəni? Siz bunu təşəkkür adlandırırsız? – babam həyacanla səsləndi. – Mən hər şeyi gözəl eşitdim, amma Rəbbimin lənətinə gəlim, əgər bunların Svana aid olduğunu dərk etdimsə onun heç nə başa düşmədiyinə əmin ola bilərsiz". – "Heç də yox, məncə, Svan elə də küt deyil, əminəm ki, o, başa düşüb. Axı mən deyə bilməzdim ki, butılkaların sayı nə qədərdi və neçəyədi! "

İkilikdə qalan atamla anam bir qədər oturduqdan sonra atam dedi: "Neyləyək, istəyirsənsə, gedək yataq". – "Mənim dostum, əgər sən istəyirsənsə, gedək, mənim qəti yuxum yoxdu; amma mən düşünmürəm ki, ziyansız qəhvəli dondurma məni belə qıcıqlandırıb. Bufetdə isə işıq yanır; bir halda ki, lütfkar Fransuaza onsuz da məni gözləyir, sən soyunanacan, ondan xahiş edərəm korsajımın düymələrini açar". Bu zaman anam dəhlizdən pilləkənə açılan şəbəkəli qapını açdı. Ardınca otağındakı pəncərəni örtmək üçün onun necə qalxdığını eşitdim. Mən sivişib dəhlizə çıxdım. ürəyim elə bərkdən çırpınırdı ki, güclə yeriyirdim, amma o, artıq həsrətdən döyünmürdü, sevincdən və qorxudan döyünürdü. Mən pilləkənin sürahisini işıqlandıran şamı görürdüm; sonra anamı gördüm; ona sarı atıldım.

Davamı var

# 2320 dəfə oxunub

Müəllifin son yazıları

# # #