Yazıçılar özlərini TikTok-da necə aparmalıdır?

Yazıçılar özlərini TikTok-da necə aparmalıdır?
14 iyun 2024
# 12:00

Kulis.az Vüqar Vanın “Yazıçılar özlərini TikTok-da necə aparmalıdır?” adlı yeni yazısını təqdim edir.

Keçən həftə üç fərqli dostumdan belə mesajlar aldım.

"Qızımın yutub kanalıdır, abunə ol: Link”
"Oğlumun yutub kanalına qoşulun: Link“
"Bacım qızının kanalına dəstək ol: Link”

Mesajlar təkcə mənə yox, hamıya göndərilmişdi. Hər üç dostumdan (yeri gəlmişkən, onların ikisi yazıçıdır) gələn mesajı açdım və ekrandakı linklər məni uşaqların Yutub kanallarına apardı. Uşaqlar öz adlarına açılan Yutub kanallarında rəsm çəkir, oyun oynayır, nağıl oxuyur, şeir deyir, nəsə düzəldirdilər. Bir sözlə, adi bir uşaq gün ərzində nə işlə məşğul olursa, bu uşaqlar da Yutubda həmin işləri görürdülər. Sadəcə, bunu başqa uşaqlara göstərmək üçün videoya çəkirdilər. Bəzilərinə valideynləri kömək edirdi, bəziləri də tək idi.

Ədəb-ərkanla uşaqların Yutub kanallarına abunə oldum, bəzi videoları bəyəndim, bəzilərinə axıra qədər baxdım, amma başa düşmədim, tamaşaçısı da uşaqlar olacaq bu Yutub kanallarına mən niyə dəstək olmalıyam? Onsuz da, baxmayacağam, heç olmasa, uşağım olsaydı, necəsə başa düşərdim. Amma o da yoxdur.

Öz işimi layiqincə yerinə yetirdikdən sonra telefonu söndürüb, düşünməyə başladım. Bu mövzunun sosial-ictimai tərəfləri, əlbəttə, var. Uşaqların indidən Yutuba “düşməyi”, gələcəkdə nələrin dəyişəcəyi, “Yutuber”liyin artıq bir peşə olduğu, uşaqların bu şeylərə meyl etməyi və s. kimi. Amma mən söhbətin istiqamətini bir az dəyişmək istəyirəm.

***

Dünyanın kiçilə-kiçilə ovcumuzdakı ekrana sığışdığı, kitabların iç üçün yox, çöl üçün yazıldığı və oxunduğu, yazıçıdan təkcə yaxşı əsər yox, həm də “İnstagram”dakı “izləyici” sayı və göy "quş" tələb olunduğu, yazıçı ilə oxucu arasında sərhədlərin son dərəcə şəffaflaşdığı, yeni imzaların özlərini təsdiq etmək üçün trendlərin təzahürü ola biləcək əsərlər yaratmağa cəhd etdiyi, dərinlik və peşəkarlığın avam insanların zövqünə qurban verildiyi, uşaqların “Yutuber” olmaq istədiyi, sosial medianın yazıçıya alverçi kimi baxdığı bir dövrdə və ölkədə yazıçı-şairlər sosial mediadan necə istifadə etməlidir?

Gəlin bundan başlayaq. Əgər bir şair-yazıçı "bəlkə, TikTok da açım?" sualını özünə verdisə,

Onda həkim
Salam məleykim...

Yazıçı-şair siyasi partiya, hansısa market şəbəkəsi, ətir dükanı, maşın brendi deyil ki, hər yerdə, bütün sosial şəbəkələrdə olsun. Onun vəzifəsi yazmaq və oxumaqdır. Vəzifəsi yazmaq və oxumaq olan bir peşə sahibi nə üçün özünə “bəlkə, TikTok da açım?” sualını verməlidir?

Kobud cavab versək və təfərrüatlara varmasaq, belə demək olar ki, yazıçı nəsə düşünür, yaxud yaşayır, düşündüyü və yaşadığı şeyi hekayəyə, romana, povestə çevirir. Bu da çox uzun, zəhmətli və yorucu işdir. Bu əziyyətli işə girişmək istəməyən, hövsələsiz, qeyri-peşəkar yazıçı öz düşündüyü və ya yaşadığı şeyi bəzəyib-düzəyib sosial şəbəkələrdə beş-on cümləlik status kimi yazır. Bu halda o, yazıçı adının haqqını verir, çünki nəsə yazıb. Reaksiyalar yavaş-yavaş gəldikcə öz eqosunu bəsləyib-doyurur. Üstəlik, ağır, zəhmətli bir işə girişmədən, daha az enerji sərf edərək daha çox adama çatır. Beləliklə, yazıçının şeytanla alqı-satqı müqaviləsi imzalanır.

Yazıçı və şeytan arasında alqı-satqı müqaviləsi

Bu müqaviləni (bundan sonra “Müqavilə” adlandırılacaq) bir tərəfdən heç bir qanunvericiliyə əsaslanmadan fəaliyyət göstərən şeytan (bundan sonra “Satıcı” adlandırılacaq) və digər tərəfdən ədəbiyyatı təmsil edən yazıçı (bundan sonra “Alıcı” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar:

Maddə 1. Alıcının vəzifələri

1. Sosial şəbəkəni aktiv istifadə etmək
2. Cəmiyyəti qıcıqlandıracaq şeylər yazmaq
3. “Müqəddəs” hesab olunan hər şeyə ilişmək, yaxud “müqəddəs” hesab olunan hər şeyi tərifləmək
3. “İzləyici”lərini məmnun etmək üçün yaşamaq və onlar üçün fikirləşmək
4. Heç kimin etmədiyi şeyləri etmək, orijinal olmaq
5. Ən dayaz və avam adama belə xitab etmək, oxucunun səviyyəsinə düşmək

Maddə 3. Satıcının vəzifələri

1. Alıcını tez məşhurlaşdırmaq
2. Onu kəsə yolla yazıçı etmək
3. Yazıçı eqosunu bəsləmək
4. Ona özünü həqiqi yazıçı kimi hiss elətdirmək
5. Onu daha az vaxt və enerji sərf edərək böyük auditoriyalara çıxarmaq

Şeytanla alqı-satqı müqaviləsi bağlayan yazıçı kəsə yolla yazıçı olmağın və şöhrətin meyvələrini yavaş-yavaş daddıqca öz ruhunu da bu yolda qurban verir və sizi əmin edirəm, təsadüfi hallar istisna olmaqla, bir də heç vaxt bu yoldan geriyə qayıda bilmir.

Hər dəfə sosial media haqqında söhbət düşəndə bir qrup adam (onlar, əsasən, Feysbukda illərini xərcləmiş və heç bir nəticə əldə etməmiş miskin yazıçılardır) öz sevimli minusovkalarını təkrar edirlər:

“Sosial mediadan düzgün istifadə etmək lazımdır. Mən orda səviyyəsizlik etmirəm ki, şeirimi, hekayəmi reklam edirəm, öz fikirlərimi yazıram. İndiki dövr sosial media dövrüdür. Orda olmasan, unudulub gedəcəksən. Orda Baboş da var, səviyyəli, intellektual kontent də”.

Ola bilər, bu fikirlər başqa peşə sahibləri üçün haqlı arqument olsun, amma mən düşünürəm ki, yazıçı özünü sosial mediada qurban verməməlidir. Əgər yazıçı öz potensialını sosial mediada xərcləyirsə, ondan heç nə çıxmayacaq. Oradakı ötəri şöhrətə aldanıb, bütün ömrünü mənasız statuslara və mənasız insanlara həsr etməklə keçirəcək, axırda isə yazıçı adına heç bir əsəri olmayacaq.

Bir il bundan əvvəl mən də Feysbukda şeytanla alqı-satqı müqaviləsi bağlamışdım və bu müqavilənin şərtlərini kifayət qədər yaxşı yerinə yetirirdim. Perspektivim var idi, qalıb davam etsəydim, daha böyük nailiyyətlər əldə edərdim. Amma özümdə güc tapıb oranı bağladım. Bu proses siqareti tərgitməyə qərar vermək kimi bir şeydir. Təzə-təzə çox çətin olur, bir az vaxt keçdikdən sonra isə öyrəşirsən, Allaha dua edirsən ki, nə yaxşı oranı bağlayıb, canımı qurtara bildim.

Yeri gəlmişkən, bu müqavilənin şərtlərini qəbul edən və yerinə yetirə bilməyən adamlar da çoxdur. O qədər istedadsızdırlar ki, adicə Feysbukda özlərini söydürə də bilmirlər. Saxta intellektual, yalançı akademik obrazına bürünüb gönü verirlər suya. Əgər bu alqı-satqı müqaviləsini imzlamısansa, heç olmasa, şərtlərinə əməl eləməyi bacarmalısan. Müqaviləyə əməl etmək üçün də müxtəlif şeylər lazımdır: Fərqli düşünmək, yumor, öldürücü ironiya, hazırcavablılıq, sürətli zəka, bir-biriylə əlaqəsi olmayan şeyləri birləşdirmək bacarığı və sair. Bunlar da asan məsələ deyil.

***

Yazıçı sosial mediada həm də ona görə olmamalıdır ki, oxucunun ona əli çatmasın, oxucu üçün adiləşib, marağını itirməsin. Azərbaycanda hər kəs kino çəkməyi, rəssam olmağı, rəqs etməyi bacarmır, amma hamı ən azından nəsə yaza bilir. Ona görə gördükləri yazıçılara paxıllıqları tutur. “Necə yəni mən də yaza bilirəm, sən də, amma mən yazıçı deyiləm, sən yazıçısan? Gör indi sənin atanı necə yandıracağam”. Xüsusən də, bu yazıçı arxasında heç kimin dayanmadığı, öz dişi ilə, dırnağı ilə harasa gəlib çatan, məzlum, vəzifəsi olmayan, pulsuz yazıçı olanda...

Bu söhbətə tez-tez çəkilən klassik bir nümunə var. Deyirlər, Sovet hökuməti dövründə yazıçıya həm də əl çatmadığı üçün o daha çox hörmətli idi. Səməd Vurğun hansısa rayona gedəndə adamlar gedirmişlər şairə tamaşa eləməyə ki, görsünlər şair necə olur. Nə qədər klişe olsa da, burda da bir həqiqət payı var.

Necə deyərlər:

Ay görünsəydi hər axşam göyün ulduzlarıtək,
Görməyə canmı atardı onu ellər-obalar?

Özümdən misal çəkim. Tələbəlik dövrlərində olanda Salam Sarvanın şeirlərini oxuyub çox bəyənmişdim. Onunla necəsə dialoqa keçmək, ona ürəyimdən tikan çıxardığını demək, halal olsun söyləmək, bəy tərifi vurmaq üçün alışıb-yanırdım. Bir sözlə, klassik oxucu heyranlığı.

Di gəl, nə qədər axtarsam da, onunla əlaqə yarada bilmirdim. Heç yerdə profili yox idi. Yavaş-yavaş bu sevgim nifrətə çevrilirdi. Fikirləşirdim: “Necə ola bilər ki, mənim kimi qiymətli, dəyərli oxucu bir şairə çata bilmir? Buna nə ad qoyaq? Özlərini qaldırıb qoyublar dağ başına. İstəsəm, mən də şeir yazaram, sadəcə, vaxtım yoxdur”. Bu nifrətim getdikcə artırdı, hətta o vaxt Salam Sarvanın özünün işlətmədiyi, onun adına açılan bir səhifəyə axmaq bir rəy də yazmışdım. Rəyin məğzi bu idi ki, “əşşi, şeir Füzuli ilə, Nizami ilə bitdi getdi, bunlar hamısı mənasız şeylərdir”.

Bir az da vaxt keçəndən sonra əsəbim soyudu, özümə qarşı səmimi oldum, qəbul etdim ki, ona heç vaxt çata bilməyəcəm, buna ehtiyac da yoxdur. Əsas odur şeirlərini oxuyuram, xoşuma gəlir. Beləliklə, Salam müəllimi təzədən sevməyə başladım. Bu sevgi isə həqiqi oxucu sevgisi oldu. Bu sevgi məni onun kitab təqdimatlarına getməyə, kitablarını alıb-oxumağa sövq etdi.

O da həqiqətdir ki, bizim kimi kitaba az maraq olan ölkələrdə yazıçı sosial mediada olmasa, qismən unudula bilər. Bunun qarşısını da müsahibələr verməklə, esselər, köşə yazıları, məqalələr yazmaqla, kitab çıxarmaqla, təqdimatlarla almaq olar. Onsuz da, yazıçını “Feysbuk”dan tanıyan adamlar gedib onun kitablarını almırlar, kitab təqdimatlarına gəlmirlər, kitab oxumurlar. Onlar, sadəcə, ya yazıçının fikirlərini oxuyub razılaşırlar, ya da söyüb rahatlaşırlar. Orda olan, orda qalır. Peşəkar yazıçı və peşəkar oxucu münasibətindən söhbət gedə bilməz. Bunu da təcrübəyə əsaslanıb deyirəm. Sosial şəbəkələrdə min nəfərin söydüyü, beş yüz nəfərin də bəyəndiyi yazıçıların kitab təqdimatlarına gedib baxın, qabaq sırada qohumları, ikinci sırada dost-tanış, məhəllə uşaqları, üçüncü sırada da ədəbi mühitdən üç-beş yazıçı dostu, vəssalam. Bəs “Feysbukda” çəkilən o qədər zəhmət, o qədər vaxt itkisi, o qədər enerji hara getdi?

***

Keçən yazıda verdiyim ev tapşırığını çoxlu oxucu yerinə yetirmişdi. Ona görə bu dəfə də oxuculara yeni ev tapşırığı vermək istəyirəm.

Yazıçıları şərti olaraq belə bölürlər: Ədəbiyyata həyatdan və kitabdan gələn yazıçılar. Mən isə daha bir kateqoriya əlavə edirəm: ədəbiyyata dal qapıdan, yəni sosial mediadan gələn yazıçılar.

Ədəbiyyata sosial mediadan gələn hansı yazıçıları tanıyırsınız?

İksinin adını bilirəm, heç kimə deməyəcəm.

# 2242 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #