#

Yaxşı türk, pis türk

Mehdi Dostəlizadə, gənc yazar

Mehdi Dostəlizadə, gənc yazar

10 noyabr 2021
# 13:40

"Həyat özünü tapmaq deyil. Həyat özünü yaratmaqdır".

Corc Bernard Şou

Bir var kişi cinsi, bir də var kişi məfkurəsi. Kişilik cins səviyyəsində olduqda, biz onu yalnız bu cinsin nümayəndələrinə deyə bilirik. Amma daha yuxarı səviyyəyə, məfkurə səviyyəsinə qalxdıqda, qadınları da kişi adlandırırıq. Mərdliyi, əzmkarlığı ilə seçilən qadın “kişi kimi qadın” olur bizim gözümüzdə. Kişiləri də alçaltmaq istəyəndə, onlara “arvad kimi kişi” deyirik. Bunun nə qədər düzgün, nə qədər yanlış olduğunu özünüz üçün düşünün. Məncə səhvdir.

Səhv olmağına səhvdir, amma bu vəziyyətin yaranmasında günah məhz qadınların özündədir. Şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, qadın kişidən daha güclü, daha hiyləgər, daha zirəkdir. Əgər qadınlar dünyanın belə zirək vaxtında özlərinə yer tapa bilmirsə, günahı başqa yerdə axtarmağa ehtiyac yoxdur. Kişilər qadınları hər sahədə üstələyir, çünki onların ideologiyaları güclüdür, fikirləri güclüdür. Fiziki güc kimi bəhanələri qoyaq bir qırağa. Axı dünyanın gedişini dəyişən fikirlərin müəllifləri, kişi müəllifləri, heç də fiziki cəhətdən başqalarından üstün olmayıblar, əksinə, əsasən bu barədə camaatdan geri qalıblar. Qadınların vücud olaraq nəhəng gördüyü adamlar onları ancaq məişət səviyyəsində əzə bilərlər. Uzun sözün qısası, qadınlar ya atəşkəsə getməli, kişilik ideologiyasını mənimsəməli, fikirlərində kişiləşməli, öz taleləri ilə barışmalıdırlar, ya da bu fikrin qarşısına öz fikirlərini qoyub müharibəyə şüur cəbhəsindən davam etməlidirlər.

Osmanlı İmperiyası son anlarını yaşayırdı. Yaxın zamanda səltənət ləğv ediləcək, yeni hökumətlə, cümhuriyyətlə əvəzlənəcəkdi. Mustafa Kamal və silahdaşlarının qarşısında 6 əsrlik bir problem dayanmışdı. Böyük fikir adamı, əlbəttə bu problemin öhdəsindən də fikirlə gələcəkdi. Yuxarıda bəhs etdiyim fikrə qarşı fikir metodundan məharətlə istifadə etdi, qocalmış Osmanlı ideologiyasının qarşısına gənc, müasir türklük ideologiyasını qoydu. Nə idi bu türklük? Kimlər idi bu türklər? Millət? Xalq? Camaat? Heç biri. Kişilik cins səviyyəsində olduqda biz onu ancaq bu cinsin nümayəndələrinə deyə biliriksə, türklük də millət səviyyəsində olduqda onu ancaq bu millətin nümayəndələrinə deyə bilirik. Bir ölkə düşünün, əhalisi 100 milyon olan bir ölkə. Fərz edək ki, həmin ölkədə 50 milyon kişi, 50 milyon qadın var. Hakim zümrə kim olacaq? Kişilər, yoxsa qadınlar? Əgər kişilər öz cinslərini üstün tutub hakim zümrəyə çevrilmək istəsələr, burada xeyli ideoloji boşluqlar olacaq. Çünki heç kəs öz cinsini dünyaya gəlməmişdən əvvəl seçməyib. Həmçinin qadınlar da, belə bir iddiada olsalar, güc əldə etmək yolunda etdikləri bütün cəhdlər uğursuzluqla nəticələnəcək. Milliyyətçilik kimi zəif və zəif olduğu qədər təhlükəli əqidə (faşizmlə nəticələnən) nə Atatürkə, nə də türk millətinə lazım deyildi.

Xalqlaşmaq lazım idi, yoldaşlar, xalqlaşmaq. Milliyyətçilərin türkçülüyü ayrıseçkilik yaratsa da, Atatürkün türklük ideologiyası xalqı birləşdirirdi. Bu elə bir məfkurə idi ki, kürd də, laz da, çərkəz də, erməni də özünə məmnuniyyətlə “mən türkəm” deyə bilirdi. Çünki Mustafa Kamal Paşa xalqa “ne mutlu türküm diyene” sözləri ilə səslənirdi, bütün qeyri millətləri türkləşməyə çağırırdı. Ayrıseçkilik münaqişələrə, münaqişələr də müharibələrə çevrilir, yoldaşlar, müharibələrə. O müharibələr ki, o müharibələrdə qan və göz yaşı bir qaba tökülür, həmin kasalardan bizim övladlarımız yemək yeyirlər. O qablardan yemək yeyən uşaqlar böyüyüb ayrıseçkilik edən adamlara çevrilirlər, biri özü ilə eyni millətdən olmadığına görə qonşusunu, başqa biri də özü ilə bir cinsdən olmadığına görə həyat yoldaşını öldürür.

Bir adamın iki oğlu var idi. Oğullardan kiçiyi atasına belə dedi: “Ata! Var-dövlətindən payıma düşəni mənə ver”. Ata da varını iki oğlunun arasında bölüşdürdü. Bir neçə gün sonra kiçik oğul nəyi vardısa, yığıb uzaq bir diyara yollandı. Orada pozğun bir həyat sürüb var-dövlətini puç etdi. Hər şeyini xərcləyib qurtarmışdı ki, o ölkədə möhkəm aclıq oldu və oğlan korluq çəkməyə başladı. O, həmin ölkənin sakinlərindən birinin yanına gedib ətəyindən yapışdı. O da oğlanı otlaqlarına donuz otarmağa göndərdi. Oğlan donuzların yediyi keçibuynuzu ağacının meyvəsi ilə qarnını doydurmağa şad olardı, amma heç kim ona heç nə vermirdi. Ağlı başına gələndə oğlan özü-özünə dedi: “Atamın evində muzdla işləyən neçə-neçə adamın doyunca yeməyə çörəyi var, mən isə burada acından ölürəm! Atamın yanına qayıdıb deyəcəyəm: “Ata, mən göydəki Allaha və sənə qarşı günah eləmişəm. Artıq sənin oğlun adlanmağa layiq deyiləm. İcazə ver, muzdla işləyən adamlarına qoşulum”. O durub atasının yanına getdi. Hələ uzaqda ikən atası oğlunu görüb ona ürəyi yandı, qabağına qaçıb onun boynuna sarıldı və nəvazişlə öpdü. Oğlan atasına dedi: “Ata, mən göydəki Allaha və sənə qarşı günah eləmişəm. Artıq sənin oğlun adlanmağa layiq deyiləm”. Atası isə nökərlərinə əmr etdi: “Tez olun! Ən gözəl xələti gətirib oğluma geyindirin. Barmağına üzük taxın, ayaqlarına səndəl geyindirin. Bəslənmiş dananı gətirib kəsin, yeyib-şadlanaq. Çünki mənim bu oğlum ölmüşdü, dirildi, itmişdi, tapıldı”. Onlar şənliyə başladılar. Bu zaman böyük oğul tarlada idi. Geri qayıdarkən evə yaxınlaşanda musiqi və rəqs sədaları eşitdi, nökərlərdən birini yanına çağırıb ondan nə baş verdiyini soruşdu. Nökər dedi: “Qardaşın qayıdıb, atan da onun sağ-salamat qayıtdığına görə bəslənmiş dana kəsib”. Böyük oğul qəzəbləndi və evə girmək istəmədi. Onda atası çıxıb ona yalvarmağa başladı. O, cavabında atasına dedi:
“Neçə ildir sənə nökərçilik edirəm, heç vaxt sənin sözündən çıxmamışam. Sən isə mənə dostlarımla şənlik etmək üçün bir çəpiş də verməmisən. Amma sənin malını fahişələrə xərcləyib puç edən bu oğlun gələn kimi onun üçün bəslənmiş dana kəsdin”. Onda atası dedi: “Oğlum, sən həmişə yanımdasan, nəyim varsa, sənindir. Amma biz ona görə sevinib-şadlanırıq ki, qardaşın ölmüşdü, dirildi, itmişdi, tapıldı”.

Mustafa Kamala niyə Atatürk dediyimizin fərqində olmalıyıq. Atalıq anlayışı, böyük anlayışdır. Bu haqda çox dərinə getmək istəmirəm, yuxarıda çəkdiyim məsəl anlayanlara kifayət edər.

# 5626 dəfə oxunub

Oxşar xəbərlər

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
#
#
# # #