Xoşqədəm xanım, Nuraya yaxşılıq belə olmur!

Xoşqədəm xanım, Nuraya yaxşılıq belə olmur!
27 aprel 2022
# 11:24

İllər əvvəl bir dostumuz demişdi ki, filankəs mənə yaxşılıq eləyir, bilmirəm ona necə pislik eləyim. Əslində, o, bununla yaxşılığın əslində təmənna ilə bağlı olduğunu vurğulamaq istəyirdi.

Bu cümlədə dərin məna, alt qat var. Türk qardaşlarımız deyir ki, iyilikden maraz doğar. Yəni yaxşılıq soyudar hər şeyi. Bəzən yaxşılıq etmək, kiməsə acımaq, ona kömək əli uzatmaq pislikdən betər olur. İnsanları tanımırsan, tanıya bilmirsən, güvənin itir. Ona görə yaxşılıq edəndən ehtiyat edirsən. Atamın mənə dediyi əla bir cümlə vardı: "İnsanları tanıyanda, qorxma".

Bu yaxınlarda Xalq yazıçısı Anar “1984” romanındakı məşhur ifadəni dəyişdirərək belə yazmışdı: “Yaxşılıq - pislikdir! Pislik - yaxşılıqdır". Corc Oruel totalitar quruluşunu bu şüarlarla ifadə etmişdi: "Həqiqət - yalandır, yalan - həqiqətdir, müharibə - sülhdür, sülh - müharibədir".

Yaxşılığın içində dəhşətli bir qəddarlıq hissi hökm sürür. Çünki yaxşılıq arxasında bir eqo daşıyır – “Mən onu xilas elədim”, “Mən olmasam, pis günə düşərdi” və s. Biz uşaqlıqdan “yaxşılıq” altında böyümüşük. Ata-anamız daim yaxşılığı başımıza vurublar: “Səni böyütdüm, boya-başa çatdırdım, indi üzümə ağ olursan?”/ Halbuki, əslində, valideynin işi onsuz da uşağı böyüdüb başa çatdırmaqdır. Yox bir, uşaq öz-özünə böyüyüb başa çatmalıdır.

Xoşqədəmin verilişində gözlərində kədər daşıyan balaca Nuraya olan yardımlar təqdirəlayiqdir. Xoşqədəm xanım bir uşağın xilası üçün səfərbər oldu, xeyli adamı bu ağır situasiya ilə tanış elədi. Yardım üstünə yardım gəldi. Sonra? Sonra yaxşılıqdan doğan təmənna hissi ortaya çıxdı.

Xoşqədəm nə etdi? Qızı rəqs elətdirdi. Onun ağrı-acısıyla reytinq tutdu. Hələ bu da yetmirmiş kimi qızı kameranın qabağına çıxarıb parikini açdırdı. Xərçəng xəstəliyindən əziyyət çəkən balaca Nuray göz yaşlarını silə-silə parikini açır və deyir: “Mən xərçəngə qalib gələcəm”. Nurayın üzündəki məsumluq, saflıq insanı sarsıdır. Studiyadakılar da onun görüntüsünə baxıb göz yaşı axıdırlar.

Birincisi, Xoşqədəm xanım, çox yaxşı eləmisən, çox sağ ol, sənə Azərbaycan xalqı adından təşəkkür edirəm. Bir qızı ölümün caynağından xilas etmək hər adamın işi deyil. Amma bu yaxşılığının arxasındakı təmənna nədir bəs? Sən Nurayın parikini açdırmasan, olmurmu? Onsuz da Nurayın gözlərinə baxanda hər şey aydın olur. Ona əlavə rəng qatmaq, parik çıxartmaq, rəqs elətdirmək nəyə lazım?

İkincisi, Xoşqədəm xanım, bilmirsinizsə deyim, faciə üzərində reklam, faciə üzərində tamaşa düzəltməzlər. İllər əvvəl sizin həmkarınız Zaur Baxşəliyev bəndənizi “Bizimləsən” verilişinə dəvət etmişdi. Mövzu belə idi: “Gənc yazıçının faciəli həyatı”. Razılaşdım. Verilişə az qalmış isə prodüser mənə anamın gəlinliyini gətirməyimi tələb etdi. Niyəsini soruşdum. Dedi ki, bəs verilişin ortasında ananızın gəlinliyini gözünüzə sıxıb ağlayacaqsınız.

Yaxşılıq görünməməlidir. Xalq necə deyir? Sağ əlin verdiyini sol əl bilməməlidir. Yaxşılıq hansısa bir təmənna güdürsə, arxasında daha böyük bir pisliyə yol açırsa, o yaxşılığın heç bir faydası olmaz. Əminəm ki, siz bunları məndən yaxşı bilirsiniz, Xoşqədəm xanım. Amma yox, bilmirsiniz, çünki məndən həssas ola bilməzsiniz. Yaxşılıq adıyla mənə edilən pislikləri oturub yazsam, dastan olar. Nə sizin, nə də camaatın vaxtını almağa dəyməz.

Ən yaxşısı gecə, hamı yatandan sonra, adyalı başınıza çəkəndə düşünün: sizin faciənizi, yaranızı açıb göstərsələr, necə olar? Yaraları, faciələri açıb göstərməyin, Xoşqədəm xanım. Çünki o yaralar başqalarına göstəriləndə daha da dərinləşir. Yara sağalmır. Onu siz də sağalda bilməzsiniz.

İnsan tək fiziki varlıq deyil. Xəstəliyi sağalsa da, varlığı sağalmaz. Nurayın gözlərinə baxın və susun. Vəssalam! Orda – o gözlərdə nağıl dünyası var, o dünyanı korlamağa heç birimizin haqqı yoxdur.

# 4714 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #