Musa Yaqubun son müsahibəsini oxudum, sarsıldım. Heç şübhəsiz, Musa Yaqub nəinki Azərbaycanın, çağdaş Türkdilli poeziyanın qənirsiz nəhənglərindəndir.
Deyir, "AYB-nə müraciət etdim, amma Anar qorxusundan mənim müalicəmə kömək edilməsi üçün heç yerə yazmadı, şəxsi hesabıma müalicə alıram illərdir".
Gerçək şair olan, şair taleyi yaşayan hər kəsin aqibəti aşağı-yuxarı böylədir məmləkətdə. Nə vaxta qədər. Ki, həqiqi mahiyyəti kürsülərdə çürümək niyyətində olan adamlar oturmuş. Vaqif Bayatlı da eyni taleli adamdı, Ramiz Rövşən də. Vaqif bəy də illərdir şəxsi hesabına müalicə alır. Sabah Ramiz Rövşən də eyni duruma düşsə, Anar yenə qorxusundan müraciət etməyəcək heç bir yerə. Bu qorxunun adı həm də "Söhbəti bilməməkdi".
Nədən ki, Anar şeiri də bilmir, şairi də tanımır. Tam səmimi deyirəm, Anardan soruşun, adıçəkilən şairlərin heç birini həqiqi əyarda dəyərləndirə bilməyəcək, tanımayacaq. Amma maraqlıdı, hər üç şairi mənim bəhs etdiyim ladda tanıyan, ümumiyyətlə, Azərbaycanda barmaqsayı usta mətn bilicilərindən olan, dostumuz Rəşad Məcid nə üçün ətalət göstərib bu mövzuda?
Niyə axı Musa Yaqubdan ilin-günün bu çağında bu məşum gileyləri eşidib alt-üst olmalıydıq? Allahın quru ziyarətinə nə? Şair niyə xəstə çağında giley-güzar eyləməlidi diqqətsizlikdən? Axı söhbət Musa Yaqubdan gedir. Bir bilsəniz bu amansız suallar az-çox heysiyyəti olan adamları necə didib-dağıtmaqda...