Ermənilərin yanından keçib Şuşaya gəldiyimiz gün

Ermənilərin yanından keçib Şuşaya gəldiyimiz gün
24 oktyabr 2019
# 10:20

Kulis.az tanınmış tərcüməçi Vilayət Quliyevin Qarabağın işğalı ilə bağlı yazısını təqdim edir.

Şuşaya və Ağdama son ziyarətimdən 30 il keçir.

1989-cu il oktyabrın son günləri idi. Elmi işlər üzrə direktor müavini olduğum Ədəbiyyat İnstitutunun rəhbəri Yaşar Qarayevlə birlikdə indi Ağdamın düşmən işğalı altında qalan Novruzlu kəndində açmağa hazırlaşdığımız Qarabağ Folklor Evində işlərin vəziyyəti ilə maraqlanmağa getmişdik.

Oradan Şuşaya qalxmağı qərara aldıq. Şuşa rayon partiya komitəsinin birinci katibi Vaqif Cəfərov gələcəyimizi bilirdi. Ona görə də təhlükəsizlik tədbirləri görülmüşdü - rus əsgərlərindən ibarət mühafizəçilər ayrılmışdı. Onların müşayiəti ilə yolüstü kəndlərdə bizə kinli-kinli baxan ermənilərin yanından keçib Şuşaya gəldik.

Hələ 1992-ci ilin dəhşətli may günlərinə çox qalsa da, Şuşa mənə taleyin ümidinə buraxılmış bir şəhər təsiri bağışladı. Tapıb danışa bildiyimiz bir neçə yerli ziyalı "yiyəsizlikdən" şikayətləndi. Vaqif Cəfərovla görüşdük. Kabinetində hələ də Qorbaçovun şəkli asılmışdı. Həyəcanımızı görüb bizə ürək-dirək verdi. Amma hiss etdim ki, sözlərində pəhləvan gövdəsinə yaraşmayan bir inamsızlıq var. Əslində onun özünü də tək qoymuşdular.

Elə bil ürəyimə dammışdı - Şuşa ilə vidalaşırdım. O zaman İnstitutumuzun dissertantı olan adını unutduğum bir şuşalı gəncin bələdçiliyi ilə iki saatın içərisində şəhərin bütün tarixi yerlərini gəzib dolaşdıq. Hətta Xan qızı Natəvanın bağçasında çay içməyə də macal tapdıq.

Qaranlıq düşməmiş yenə də rus əsgərlərinin müşayiəti ilə Ağdama qayıtdıq. Səfərə Yaşar müəllimin dissertantı Zabil Əhmədovun maşını ilə çıxdığımızdan dəvətini qəbul edib gecəni onlarda keçirdik. Zabilin atası, sonralar MM-də deputat həmkarım olan Yaqub Əhmədov xalq arasında deyildiyi kimi, Ağdamın ispolkomu idi. Ya da əvvəllər bu vəzifədə işləmişdi. Sən demə böyük biblioman imiş. Zəngin kitabxanasında nələr yox idi! Bu kitabxanaya hətta moskvalı bir professor da həsəd apara bilərdi. Diqqətimi xüsusən nadir nəşrlər cəlb etdi. Daniil Qraninin o zaman çox böyük səs salmış "Zubr", Vasili Qrossmanın "Жизнь и судьба" kitablarını, "Moskva", "Novıy mir", "Yunost" jurnallarının komplektlərini ilk dəfə bu sadə rayon ziyalısının kitabxanasında gördüm.

Yaqub müəllim kitablardan gözümü çəkmədiyimi görəndə səmimiyyətlə "Qardaş, götür apar, oxuyandan sonra Zabillə geri göndərərsən"- dedi. Gözəl axşam yeməyindən sonra gecə yarısına qədər onun kitabxanasında oturub tarixdən, mədəniyyətdən, Qarabağın taleyindən, Ağdamın düşmən qarşısında alınmaz bir qala olmasından danışdıq...

1993-cü ilin iyulunda o zaman çalışdığım Ərzurumda Ağdamın işğal xəbərini eşidəndə ilk yadıma düşən Yaqub müəllimin on illər boyu xüsusi zövqlə toplanmış zəngin kitabxanası oldu...

Bir də o yerləri görə biləcəyəmmi? Bilmirəm. Ömrüm çoxu arxada qalıb. Amma bir millət olaraq mütləq və mütləq, nəyin bahasına olursa olsun, on minlərlə qurban versək də, o torpaqlara qayıtmalıyıq. Vətənin hər qarışına sahiblik hüququmuzu bərpa etməliyik!

P.S. Qoy gənclər bunu edə bilmədiyimizə görə bizi çox qınamasınlar. Dünya tarixində on illər, hətta yüz illər sürən işğallar olub. Əsas məsələ yaddaş hissini itirməmək və intiqam anına hazır olmaqdır!

# 3487 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #