#

Facebookun məhv elədiyi gənclik

Facebookun məhv elədiyi gənclik
24 iyul 2018
# 09:00

Bir yazıçı dostum o gün deyir: “Vaxtıyla gen-bol statuslar yazırdım, oxucular şərhdə qeyd edirdilər ki, bu detalları niyə Facebooka səpələyirsən, bunlar hansısa hekayənin, romanın detallarıdır. İndi status yazmıram, deyirlər, əvvəllər tez-tez maraqlı statuslar yazırdın, indi niyə yazmırsan?”

...Bizim istedadlı gənclər qarşısında çox ciddi problemlər durur. Bunun birincisi, kasıblıqdır. Biləsiniz, kasıb, yoxsul adamın ədəbiyyatla, xüsusən nəsrlə məşğul olması çox çətindir. Yenə şeirin bir yönü var. Başqa iş görə-görə şeiri beynində də qurub-qoşa bilərsən. Nəsr belə deyil. Yazıçılıq peşədir, ancaq şairliyi peşə saymaq bir az doğru olmaz. Şeirlə müqayisədə nəsr səndən daha çox zaman və zəhmət istəyir; mütaliəyə, düşünməyə, yazmağa, redaktəyə vs.

Ədəbiyyatla dolanmaq çətindir. Ona görə, ədəbiyyat adamı kiməsə möhtac qalmamaq, pul, ev xatirinə yaltaqlıq etməmək üçün hökmən dolanışığını çıxaran bir sənətə yiyələnməlidir. Lakin sair sənətlə yaşadığın halda da irihəcmli əsərlər yazmağa vaxt qalmır və ya çox az qalır.

İkinci problem içkidir. İçki yaradıcı ruhu məhv edir. Əsəbləri və sağlamlığı sıradan çıxarır. Ciddi əsərlər yaratmaq üçün yazıçı öküz kimi sağlam, əsəbləri tros kimi möhkəm olmalıdır. İçki həm də yazıçının kitaba konsentrasiya olmasına, çətinliklərdən və həssas məqamlardan kitab vasitəsiylə çıxmasına mane olur. İçkidə şeytani aldadıcılıq var. O, yazara yazmadığı əsərin zövqünü yaşadır. Özüm də daxil olmaqla içib ədəbiyyatdan ağzı köpüklənə-köpüklənə yüksək şövqlə danışan adamların necə aldandığının dəfələrlə canlı şahidi olmuşam. Bu aldanış gün, həftə, hətta ay çəkirsə, dərd yarıdır. Qorx ki, bir ömür çəksin.

Üçüncü problem şöhrətdir. Ədəbiyyata gəlmək, şöhrət qazanmaq istedadlı adam üçün o qədər də çətin deyil. Heç yerdə çap olunmasan belə Facebook, Youtube vasitəsi ilə bu, mümkündür. Ancaq janrın imkanları nəzər alınmalıdır. Böyük ədəbiyyat mətbuat və internetlə deyil, kitabla irəliləyir. Hər uğurlu kitab bir addım deməkdir.

Bizim istedadların çoxu ilkin şöhrəti adlayıb ədəbiyyata ikinci dəfə gələ bilmirlər. Buna özünü keçə bilməmək də deyirlər. Bəzən sənə ilk uğuru gətirən cəhətləri keçib getməyinə oxucu da mane olur. O, səni həmişə ilk dəfə görüb sevdiyi kimi görmək həvəsindədir. Başqa ampluada qəbul eləmək istəmir. Üstəlik, yaş irəliləyir, adamlarla, ədəbi qruplarla münasibətin aydınlaşır, səni istəməyənlərin sayı artır. Daha vacibi, buraxdığın səhvləri gəncliyinə bağışlamırlar. Çünki gənclik yoxdur və sən 40 yaşa doğru irəliləyirsən.

40 yaşın ətəklərində 10 istedadın 8-i yıxılıb həmişə. 40 yaşı o üzə keçə bilən, içindəki istedadı peyğəmbər yaşına adladan nadir adamlar olur. Söhbət davamlı yazmaqdan getmir. Yazmaqla deyil. Yaza bilmək, 40 yaşdan sonra da sözə uşaq saflığı ilə bağlı olmaq hər adamın işi deyil. İllah da həqiqi söz bir qəpik qazanc gətirmirsə. Söhbət müasir, mütərəqqi dəyərlərə uyğun qazanmaqdan gedir. Büdcədən ianə kimi ayrılan pullarla kef eləməkdən yox.

Azərbaycanda heç bir ciddi yazıçı öz hesabına varlı ola bilməz, çünki kitab bazarı o səviyyədə deyil. Varlı, imkanlı yazıçıların mütləq və mütləq ədəbiyyatdan kənar, ədəbiyyata dəxli olmayan qazanc üsulları vardır.

Gənc istedadlara qənim kəsilən daha bir dəhşətli fakt da var. Bunun adı sosial şəbəkədir. Sosial şəbəkələr, xüsusilə Facebook şöhrəti daha əlçatan edir. Sentimental bir şey yaz, yüzlərlə layk gələcək və sən də kompüterin qarşısında şellənəcəksən. Üstəlik, istənilən adama aqressiya saçmaq, hətta onu təhqir eləmək imkanın var. İçindəki ciddi narahatlıqları, ədəbiyyata hamilə olan ağrıları beləcə ucuz yolla nisar edib alqış almaqla şüuraltı narahatlıqlarını ovudursan. Bu virtual masturbasiya özünüaldatmanın ləzzətli, əyləncəli növüdür. Qələm əhlini elə çulğayır ki, o, istedadı kimi zamanını da havaya sovurduğunu hiss eləmir. Bu, bir psixoz aktıdır. Uşaqların, azyaşlıların qorunması üçün müəyyən üsullar var, ancaq böyüklər tam müdafiəsizdir.

Facebookdakı yazarlar iki yerə bölünür:

1. Fb-nin qullandığı

2. Fb-ni qullananlar

Mütaliəsiz, intellekti az gənclərin Fb-nin caynağında necə inildəyərək məhv olduğunu kənardan seyr eləmək ağırdır. Bundan da ağırı odur ki, sən onlara nəsə deyə bilmirsən. Çünki səni anlamayacaqlar.

Ədəbi mühitimizdə öz cibinin hesabına aldığı telefon və mgb-la Marka pul qazandıran nə qədər insan var. Və onlar heç vaxt düşünmürlər ki, niyə yazdığımız statusa baxış çox olur, paylaşdığımız linkə az?

Status və şərhlər bizi fb-də saxlayıb oranın sakininə çevirir, link isə başqa sayta yönəldir. Mark öz təcrübə siçanlarını göz önündən buraxmağı sevmir. Çünki həm onları idarə edir, həm də pul qazanır.

Facebook hesabını bağlayan gənc imza görəndə sevinirəm.

Facebookdan istifadə edərək ona yem olmayanları görəndə də eləcə.

Markdan fərqli olaraq...

Səbəbsə sadədir: Mən Azərbaycan ədəbiyyatının inkişaf eləməsini arzu edirəm, Markınsa tamam başqa məqsədləri var.

Unutmayın, arzu əzilənlərin, məqsəd əzənlərin metodudur.

# 1420 dəfə oxunub

Oxşar xəbərlər

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
# # #