Qadın şairlərimiz hay-küy salır

Qadın şairlərimiz hay-küy salır
12 fevral 2018
# 17:00

Kitab oxumağa 5 yaşımdan başlamışam. Evdə anamın kitablarının hamısını oxuyub bitirdikdən sonra (kiril əlifbasıyla özü də) məktəbin kitabxanasından evə kitab daşımağa başladım. Dərsliklərlə yanaşı hər gün bədii ədəbiyyat oxuyur, hərdən heç dərslərimi hazırlamamış elə bədii kitabları oxuyurdum. Bütün müəlliflər demək olar ki, kişilər idi. Oxuduğum yeganə qadın müəllif Xurşidbanu Natəvan olub. Onun qəzəllərindən də, demək olar, heç nə başa düşmürdüm.

Təxminən 2007-ci ilə qədər mənə elə gəlirdi ki, yazıçılar və şairlər hamısı kişilərdir. İlk dəfə Herta Müllerin "Nəfəs yelləncəyi” adlı kitabını elə həmin il ya da 2008-də oxumuşam, deyəsən. Kitabın üzündə qadın şəklini görəndə xeyli təəccüblənmiş və daha çox da sevinmişdim. Sən demə, qadınlar da varmış.

O vaxtdan etibarən qadınları axtarmağa başladım. Yüzlərlə əsər, kitab, müəllif, qadın tapdım. Sevdiyim, bəyəndiyim romanları, hekayələri, müsahibə və şeirləri oxuduqca su içən bitki kimi canlanmağa başlamışdım. İlahi, necə gözəl yazılar, şeirlər, qadınlar varmış.

Ədəbi mühitdə tez-tez səsləndirilən "dünya ədəbiyyatında qadın imza yoxdur” fikirləri artıq mənə çox şüursuz, gülünc və mənasız gəlirdi.

Bu gün Azərbaycan ədəbi mühitində xeyli qadın imzalar və imza olmağa çabalayan müəlliflər var. Amma çox təəssüf ki, həqiqətən də, Azərbaycanda qadın şeirində böyük və ciddi boşluqlar görünür. Bütün xanımlar şeirlərində sanki var gücüylə "qışqırır”, hay-küy salır, isterik obrazlara girirlər. Mənasız söz yığınlarını bir yerə toplayıb adını ciddi-cəhdlə şeir qoymağa çalışırlar.

Sosial şəbəkələrdə, müsahibə və yazılarında isə daima şikayətlənir, gileylənirlər. Çox üzücü mənzərədir. Kiminsə şeir yazmaq ehtiyacına qarışmaq fikrim yoxdur, amma cəfəng və qurama sətirləri ədəbiyyat, şeir adıyla sırımağa cəhd edərkən biraz düşünmək, bəlkə oxumaq, axtarmaq lazımdır, məncə. Görəsən, bütün gün instaqramda uzaqlara zillənən baxış şəkli paylaşan, endirim ardınca dükan-dükan gəzişən, facebookda gündə bir qlamur məkanda yer işarəsi qoyan biz xanımlardan neçəmiz Gabriela Mistral, Silvia Plat, Lale Müldür, Ann Sekston, Qadə Əl-Səmman, Elza Morante kimi müəllifləri tanıyırıq? Görəsən, aramızdan neçə nəfərin Emi Lovel, Lusi Klifton, Diana di Primadan xəbəri var? Yaxud Rigoberta Menşu adı neçəmiz üçün bir şey ifadə edir?

Furuğ Fərruxzadı, Vircinya Vulfu, Birhan Kəskini, Mariya Svetayevanı dəqiq tanıyanlarımız var axı heç olmaya. Əgər tanıyırqsa, biliriksə, onda bu cür "şeir”ləri niyə yazaq axı biz?

"bir-birinə oxşayır

Bu yerdə hamı birdi

Mənim oxşarım yoxdur

Görəsən, bu nə sirdi?”

Və yaxud :

"kəhər ata min desənə”

"çap arxamca gəl, desənə”

İtən başmağımı tapsana...

Adımı sorma igid

Mənə Dədə Qorqudun yerini söylə”.

Məncə, bütün həyatını hamı kimi yaşayan, hamıyla eyni dərdləri paylaşıb, eyni axınla üzən insanların nə sevgisi, nə ayrılığı, nə kədəri, nə şeirləri, nə hayqırtıları maraqlı, fərqli, diqqətçəkən ola bilir. Kimsə yaxşı şeir yaza bilmək üçün mütləq bütün həyatını Emili Dikinson kimi bir hücrəyə qapanıb yaşamalı, yaxud Silviya Plat kimi başını qaz sobasına soxmalı və ya Nilgün Marmara kimi özünü evinin eyvanından atmalıdır demirəm. Amma yaxşı şeirlər mütləq gözəl duyğuların, düşüncələrin, müşahidələrin, həyat tərzinin, empatiya duyğusunun, bir sözlə həm özünün, həm də ətrafın vəhdətindən yarana bilir. Sosial şəbəkələrdə "mən şeir yazanda sən uşaq idin” kimi fikirlərlə kimlərləsə dava-dava oynamaqdan yox.

Doğrudan, bu şeirləri niyə yazırıq, görəsən?

"Bilmək istəyirəm indi

Dilinə yatdı şeirim?

Yoxsa səndən yan keçib

Allahı oyatdı şeirim?”

Bir oxucu kimi hər gün rastlaşdığım bu "şeir”lər, bu müəlliflər, bu mənzərə ürəyimi ağrıdır. Xanımlar, bəlkə bir az dayanaq? Bir az susaq, qışqırmayaq? Bəlkə bir az yazmayaq? Oxuyaq, tanıyaq, müşahidə edək, axtaraq, bəlkə bir az da yaşayaq?/artkaspi.az/

# 2351 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #