Borxes və futbol

Borxes və futbol
11 avqust 2016
# 12:40

Esse Est Percipi

Bakı, 25 iyun 1978

1978-ci ildə Argentinada keçirilən futbol üzrə dünya çempionatının finalı iyunun 25-də oynanmışdı. Çempion Argentina-Hollandiya arasındakı final oyununda məlum olacaqdı. Aradan 38 il keçməsinə baxmayaraq o günü unutmaq mümkün deyil. Çünki o gün təkcə final günü deyildi. İyunun 25-i məktəbimizdə “məzuniyyət balı” keçirilirdi, orta məktəbi bitirirdim. O gecə uşaqlığımın son gecəsi idi…

Məktəbin koridorlarında masalar düzülmüş, süfrələr açılmış, gecənin irəliləyən saatında başlayacaq diskoteka üçün musiqi sistemi qurulmuşdu. Dünyanın gözü isə Buenos-Ayresin River Plate stadionuna çevrilmişdi. Mənim və digər oğlanların israrı ilə koridorun küncünə köhnə-köşkül televizor yerləşdirmişdilər - Kempesli, Ardilesli, Tarantinili, Pasarellalı Argentinaya azarkeşlik etmək üçün.

Buenos-Ayres, 25 iyun 1978

Eyni axşam, eyni saatlarda Xorxe Luis Borxes (J.L.Borges) ölkənin ən nüfuzlu ali məktəbi sayılan “Universidad de Buenos-Aires”də ədəbiyyat sevdalısı 7-8 tələbəsinə dərs keçirdi. Borxes dərsin vaxtını bilərək səhər saatından günorta 15-ə - final oyunun başlanacağı saata dəyişmişdi. Dünya ədəbiyyatının bu korifeyi futboldan nifrət edirdi…

Yadımda qaldığı qədər oyunun əvvəlində finala yaraşan bir mübarizə olmamışdı. 1-ci yarının sonuna yaxın Mario Kempes portağalların müdafiəsini yararaq gözəl bir qol atdı. Luis Menottinin yetirmələri önə çıxdılar - 1:0. İkinci hissədə, oyunun sonuna 5-10 dəqiqə qalmış Nanniga hesabı bərabərləşdirdi - 1:1. Və qarşılaşma uzatmalara getdi.

Əlavə vaxtda Kempes arxasınca da Bertoni hərəsi bir qol ataraq qələbə çaldılar - 3:1. Argentina dünya çempionu oldu, Kempes ulduz. Biz isə bircə gecənin içində uşaqlığımıza vida etdik. Böyümüşdük, bircə gecənin içinə bir sürü hiss, həyəcan və macəra sığmışdı – futbol, Kempes, məzuniyyət, o gecə içdiyimiz konyak və çəkdiyimiz ucuz siqaretlər. İçki və tütün qoxurduq, sevdiyimiz komanda çempion olmuşdu, xoşbəxt, məsud və başıdumanlı idik....

İki paytaxt arasında 8 saat fərq var. Buenos-Ayresdə xalq küçələrə töküləndə Bakıda gecə yarıdan keçmişdi. Məzunların çoxu dənizkənarı bulvara “Günəşi qarşılamağa” getdilər. Buenes-Ayres isə görülməmiş bir coşqu, atəşfəşanlıq içində idi. Sadəcə bircə yerdə həyat öz sakit axarında davam edirdi - Universitetin mühazirə zallarından birində Borxes tələbələrini o çox sevdiyi “xəyal labirintlərində gəzdirirdi”. Kim bilir, bəlkə də “Futbol populyardır, çünki axmaqlıq da populyardır” - sözlərini bəlkə ilk dəfə elə o gün, Argentinanın dünya çempionu olduğu gün söyləmişdi. Xalqın zəfərdən məst olduğu günlərdə “Futbol darıxdırıcıdır” deyib, arxasınca da “Futbol estetik baxımdan da qorxuncdur” deyərək, axına qarşı getmişdi.

“Futbol İngiltərənin işlədiyi ən böyük cinayətdir”.

Borxesin ən məşhur aforizmlərindən biridir bu. Milyonların sevdiyi və dünyanın ən populyar idman növünə onun nifrətinin əsil səbəbi nədir, sadəcə futbolun estetik olmamasımı? Nədir futbola qarşı tutduğu bu barışmaz mövqenin altında yatanlar?

Borxesin futbola olan nifrətinin bir səbəbi onun bu populyar oyunla qatı milliyyətçiliyin bir-birini tamamlaması, bir bütün olmalarını düşünməsidir. Ona görə geridə qalmış ölkələr hakimiyyətlərini legitimləşdirmək üçün futboldan bir vasitə kimi istifadə edirlər.

Borxesi narahat edən, canını sıxan futbol fanatikliyinin kütləvi mədəniyyət halına çevrilməsi idi. Yazara görə siyasət və biznes dünyasının ən murdar adamları futbol klublarının şöhrətindən istifadə edib öz mənfəətləri üçün istifadə edirlər. Şəxsi düşüncədən məhrum insanlar özlərini fanat kütlələrinin içərisində gizlədirlər. Ustada görə bu futbol fanatlarının əsas işi Argentinada kölə ordusu formalaşdırmaqdır. Kütləni idarə etmək isə ən asan məsələdir. Özün deyilsənsə - mövcud deyilsən, yoxsan….

Təsadüfi deyil ki, Borxesin futbola münasibətini göstərən qısa hekayəsi də Esse Est Percipi adlanır. Latıncadan tərcümədə “Olmaq-qəbul edilməkdir” anlamına gələn bu sözlər Borxesin sitayiş etdiyi ingilis filosofu Berklinin (George Berkeley, 1685-1753) idealist fəlsəfəsinin əsasını təşkil edir.

Borxesin qısa hekayələrinə ədəbiyyatçılar “Bıçaq zərbəsi kimi kəskin və becit” deyirlər. Esse Est Percipi bunun ən gözəl örnəklərindən biridir. Hekayədə yazar futbola olan nifrətini açıq şəkildə ortaya qoyur, ilk cümlədən o, bu idman növünə qarşı çıxır – “Nunyes univermağı və onun ətrafından keçərkən River stadionunun (River Plate komandasının tarixi stadionu, 1978 Dünya çempionatının final maçının oynandığı məkan – İ.N.) qeybə çəkildiyini gördüm”. Hekayənin qəhrəmanı bunu araşdırmaq üçün “Juniors Ət-Soyuducu Sallaqxanası” klubunun prezidenti Tulio Savastanın yanına gedib çıxır.

Müasir Argentina ilə bütünləşmiş və onun ayrılmaz hissəsinə çevrilmiş River Playt-ə “dil uzatmaqla” sakitləşmir Borxes. O, futbolu kultlaşdıran kütləvi mədəniyyəti yaradan medianı özünə xas bir tərzdə tənqid edir və belə bir sual verir: “Siz elə bilirsiniz radio və televiziyadan öyrəndiyiniz hadisələr həqiqətdə baş verir? Bundan əminsinizmi?” Klubun prezidenti hekayədə Buenos-Ayresdə ən son 24 iyun 1937-də oynandığın söyləyərək, o tarixdən sonrakı bütün futbol qarşılaşmalarının kamera qarşısında teatr kimi düzməcə olaraq sərgiləndiyini söyləyir….

İstanbul, 25 iyun 2016

Uşaqlığımın son gecəsindən 38 il keçib. Neçə gündür futbol var, Avropa çempionatı. 38 il əvvəlki həvəsim, marağım qalmayıb. O vaxt futbol bizim üçün həyatın özü idi, onunla yatır, onunla qalxırdıq.

Borxes isə “Uşaqlığımdan yadda qalan atamın kitabxanasıdır” deyirdi. Futbolu sevə bilməzdi mistik yazar. Bu gün, 38 il sonra hələ də Borxesdən fərqli olaraq futbolu sevmək, onu həyatımdan silməmək üçün səy göstərirəm, özümlə mübarizə aparıram.

Futbol çox gözəl bir oyundur, seyretmək də zövqdür, oynamaq da. Borxesin dediyi kimi “futbol - kult yaradan bir icaddır.” Odur ki, Borxesi nə qədər sevsəm də futbolu bir cinayət olaraq qəbul edə bilmirəm.

“Futbol günümüzdə müharibənin başqa bir növüdür” deyənlərin sayı da təəssüf ki sürətlə artmaqdadır. Keşkə futbol olduğu kimi qalsaydı. Bu gün keçmiş futbol yoxdur, amma biz varıq. Biz olduğumuz üçün hər şey var. Biz yoxsaq heç nə yoxdur -Esse Est Percipi…..

# 1778 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #