Qadınlara tualet təhdidi

Qadınlara tualet təhdidi
13 yanvar 2015
# 13:05

Qəribə ayıb anlayışımız var. Məsələn, birinin növbə gözləmədən, 10 adamı “əzib” kassaya yaxınlaşması ayıb deyil, amma kişinin əyilib hamilə arvadının ayaqqabısını bağlaması ayıbdır.

Hətta hamiləliyin özü də ayıbdır. Əgər gəlin abırlıdırsa, qayınatadan həya edirsə, evdə ərindən başqa da kişi xeylağı varsa, böyüyən qarnını şalın-jaketin altında günah kimi gizlətməlidir. Yoxsa deyəcəklər ki, utanmır, qarnını qabarda-qabarda gəzir.

Ayıb lüğətində tualetin də adı var. Həyatımızın ayrılmaz bir parçası olan tualet evin ən ayıb guşəsi hesab olunur. Abırlı birisi onun adını ucadan tələffüz etməz, əyilib qulağa pıçıldayar. Ya da dodaqlarını səssizcə elə açıb yumar ki, tualet dediyi anlaşılar. Bəzən heç onun adını çəkməyə də ehtiyac qalmır. Qonaq olduğunuz yerdə həmcinslərdən birinə üzünüzü turşudub, “ora lazımdır” desəniz, hara lazım olduğunu biləcək.

Yayda Hacıkənddəki bir istirahət məkanında ayaq saxladıq. Tualetin olmadığını öyrənəndə ordan ayrılıb, yolumuza davam etmək istədik. Bir də gördük ki, arxamızca bir qadın göndəriblər. Çatan kimi məni kənara çəkib pıçıldadı: “Burda ayaqyolu nə gəzir? Bir də ki, hər tərəf tualet döy? Arxa tərəf ağaclıqdı, sənə lazım olsa, mənə deyərsən”. Bilmədim gülüm, ya ağlayam. İstirahət məkanı üçün səliqəli masalar düzülüb, yer daş-kəsəkdən təmizlənib, ağacların budaqları rəngli lampalarla bəzədilib, yəni tualetdən başqa müştərinin mədəni istirahəti üçün hər şərait yaradılıb. Ayaqyolunu isə lazım bilməyiblər. İndi təsəvvür edin ki, ora bir əcnəbi turist təşrif buyurur və ona ağac-tualetləri izah edirlər.

Bakıdan Gəncəyə gedəndə, avtobus Kürdəmirdə yarım saatlıq saxlayır. Sərnişinlər yerə düşən kimi tualetə qaçırlar. Vay o hala ki, qadınlar üçün nəzərdə tutulan ayaqyolunun yaxınlığında bir kişi dayansın. Arvadlar ayıb bilər, o kişinin yanından keçib tualetə girməzlər. Böyrəkləri partlasa da, gözləyirlər. Ta ki, kişi siqaret zəhrimara qalmışı çəkib, ordan uzaqlaşsın. Guya kişilər bilmir ki, qadınlar da tualetdən istifadə edir?

Bir neçə il öncə səyahətlə bağlı veriliş hazırlayırdım. Hər dəfə bir rayonu, kəndi gəzib çəkiliş edirdik. Saray kimi dəbdəbəli kənd evləri gördüm. Üçmərtəbəli, on beş otaqlı villalarda nə desən vardı. Bircə tualetdən başqa. Ayaqyolunun yerini soruşanda, ailənin kiçik qızı qaş-gözlə məni çağırdı. Həyətə düşüb, evin arxasındakı bağa keçdik. Ensiz, palçıqlı cığırla bir xeyli getdik. Axır ki, bağın qurtaracağında çürük taxtalı tualet göründü. İçəri bərbad idi, bir balaca ayağın büdrəsə, nəcis çuxuruna düşərsən. Cah-calala dönəndə, ev sahibəsindən tualetin sirrini öyrənmək istədim. Qaşını çatıb, “Booy, tualetin öydə nə işi? Qız var, gəlin var. Kişinin gözünün qabağında tualetə girəcəklər?” – dedi.

Adı qara siyahıda olan tualetın “ayaqyolu”, “subaşı” kimi daha abırlı sinonimləri var. Həya əhli adətən o kəlmələri işlədir. Amma ifadə şəklindən asılı olmayaraq, tualetin təyinatı birdir: təbii ehtiyacları ödəmək. Qida qalıqlarının bədəndən xaric olması, yemək qədər təbii və ayıb olmayan prosesdir. Əslində tualeti “dışlayıb”, evdən qovub, bu qədər haqsızlıq etməkdənsə, ona təşəkkür borcluyuq. Abrımızı bağlı qapılar arxasında saxladığı üçün. Deməyə dilimiz varmasa da, tualetsiz bir günümüz olmasın!

# 1096 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #