Yazıçıları necə “əhliləşdirirlər”

Yazıçıları necə “əhliləşdirirlər”
6 sentyabr 2019
# 17:42

Kulis.az professor Qorxmaz Quliyevin ədəbiyyatla bağlı fikirlərini təqdim edir.

Sartrın "İnsan azadlığa məhkumdur" tezisində azadlığın antinomiyası vurğulanmışdır: insan bir tərəfdən mütləq azaddır ("azadlığa məhkumdur") , digər tərəfdən bütün digər canlılar kimi mütləq məhkumdur ("azadlığa məhkumdur"). Həqiqətən də, insan ruhən tam azaddır. Bununla bağlı mənə tarix boyu insanların öz əqidələrindən dönmələrinə saysız-hesabsız misallar gətirməyin. Mən də əlavə edə bilərəm. "Qışda bütün ağaclar yarpaqlarını tökür" müddəasını bircə həmişəyaşıl ağacı nümunə kimi təqdim etməklə rəf etmək mümkün olduğu kimi Sokratın məslək naminə zəhər dolu badəni başına çəkməsi insan ruhunun mütləq azadlığını sübuta yetirmək üçün kifayət edər. Həqiqətən də insan ruhi varlıq kimi azaddır, cismani varlıq qismində "kölə"dir. Ruhi varlıq kimi insanın azadlığı yalnız yaradıcılıq prosesində özünü büruzə verir. Lakin burada da azadlığın dərəcələri mövcuddur. Belə ki, təbiət elmlərində yaradıcı şəxs öz predmetinin köləsidir. Hətta böyük Eynşteyn də işıq sürətinin xassələrinə pərçimlənmişdir. Bu baxımdan bədii yaradıcılıq mütləq azadlığın yeganə sferasıdır; hansı mövzuda istəyirsən yaz, hansı üsullardan istəyirsən istifadə et! Lakin sənətkarın problemləri yaradıcılıq prosesi bitəndən sonra başlayır. Əlahəzrət oxucu onun ilk opponenti kimi çıxış edir. Onun "xoşuma gəlmədi" hökmü sənətkarı ya susmağa ya da istehlakçısına uyğunlaşmağa vadar edir. Bədii yaradıcılığın mütləq azadlığının təsir gücünü şüurlu yaxud sövqi-təbii hiss edən hakim dairələr müxtəlif yollarla sənətkarı ələ almağa cəhd göstərmişlər. Ədəbi fikir tarixində yazıçıları sistemli şəkildə üç "əhliləşdirmək" cəhdinə təsadüf olunur: Mesenat var-dövlətə şirnikləndirməklə, Rişölye "əzəli-əbədi" estetik qanunları qəbul etdirməklə, Stalin isə sadəcə olaraq yasaq qoymaqla yaradıcının mütləq azadlığını əlindən almağa çalışmışlar. Bu sonuncu "əhliləşdirmək" cəhdin yaratdığı fəsadları - misli görünməmiş repressiyalar dövründə insanların özlərini aparmaqları ilə bağlı öyüd-nəsihət verməzdən əvvəl Xristosun Mariya Maqdalenanı daş-qalaq etmək istəyənlərə müraciətini xatırlatmaq istərdim: "Qoy günahsızlar daş atsın!". Amma bu da bir həqiqətdir ki, yazıçı bütün təzyiq növlərinə baxmayaraq "yox!" deməlidir - bu onun alın yazısıdır. Bu baxımdan təəssüf ki, bizim Platonovlarımız, Bulqakovlarımız, Pasternaklarımız olmayıb.

***

Tamamilə özəl fikrimdir, ədəbi hadisələrə ancaq mənim şəxsi münasibətimi ifadə edir və məndən ötrü heç bir aksioloji məna kəsb etmir. Mənə elə gəlir ki, iki cür dahi sənətkar var: dünyaya - özləri də, yaratdıqları obrazlar da bütün zamanlara və məkanlara, bütün insanlara açıq sənətkarlar və dünyadan təcrid olunub özünə qapanmış sənətkarlar. Məsələn, mən hər zaman M.Lozinskinin tərcüməsində "İlahi komediya"dan - onun misli görünməmiş mürəkkəb və harmonik simvolikasından həzz alıram, onun Beatriçaya misli görünməmiş gərgin və dayanıqlı məhəbbətinə heyran oluram. Dantenin bu əsərdə dolayısı ilə öz əksini tapmış keşməkeşli həyatı mənim canlı emosiyama səbəb olmur, onun Beatriçaya məhəbbəti də məni etizaza gətirmir. Bütün dediklərim Füzulinin Məcnununa da aiddir. Mənə elə gəlir ki, əgər səhraya gedib onun tənhalığını, Leyli ilə bağlı meditasiyasını pozsaydım, o daşı götürüb başımı yarardı. Amma hərdən Hamletlə, Kral Lirlə, bir də Kefli İskəndərlə oturub dərd-sərimi bölüşmək elə keçir ürəyimdən! Şekspirlə və C. Məmmədquluzadə ilə bu isti yay günü çay içib söhbət etmək üçün sinov gedirəm.

***

Derridanın dekonstruksiya düşüncə üslubu əslində mətndə müəllifin demək istədiklərinə, müəllifin iradəsinə rəğmən öz ifadəsini tapanlara, oxucu anlamına əsaslanan hər üç oxu tərzindən prinsipial imtinadır. Bu, alimin ümumiyyətlə varlıqdan (mətndən) imtinasına əsaslanır, yəni dekonstruktivist oxu üçün mətn zəmin yox, total imtina, total destruksiya obyektidir. Bununla bağlı Derrida yazırdı: "Heç bir element digər elementə istinad etmədən fəaliyyət göstərə bilməz. Bu cür pərçimlənmə nəticəsində hər bir elemment zəncirin yaxud sistemin elementlərinin onda öz əksini tapan izi əsasında qurulur". Bu isə o deməkdir ki, mətni təşkil edən elementlər real deyillər, izdirlər, izin izi, kölgənin kölgəsidirlər. Buna görə də dekonstuktivist "şərh"də mətn tamamilə yoxa çıxır. Mətni sözdə yox, əməldə dekonstruksiya etmək istəyənlər bunu nəzərə almalıdırlar.

***

Kommunikasiyanın zəruriliyi ilə bağlı Umberto Eko söyləyirdi: "Nə üçün insan nəql edir? Məhz ona görə ki, o hər şeyi vahid baxışla (Allahdan fərqli olaraq - Q.Q.) ehtiva etmək iqtidarında deyil. Elə şeylər var ki, insanın onlardan xəbəri yoxdur, lakin onların haqqında bilmək və danışmaq zəruriyyəti hiss edir. İdrak qabiliyyətlərimizin çatışmazlıqları kommunikasiyanı bizim bildiklərimizlə bilmədiklərinizin bir-birini əvəzləməsinə çevirir... Kommunikasiya mənim hər şeyi bildiyimə görə yox, mənə naməlum olanlardan ötrü mövcuddur".

***

Söz məndən qat-qat ağıllıdır: mən onu tələffüz etməzdən (yazmazdan) əvvəl saysız-hesabsız insanlar onu saysız-hesabsız kontekstlərdə işlədiblər və söz onlardan əxz etdiyi bütün mənaları, ən azı onların izlərini qoruyub saxlamışdır. Söz tələffüz olunan (yazılan) kimi başqa sözlərlə əlaqəyə girib mənim gözlədiyim bütün mənalarla yanaşı mənim gözləmədiyim, heç ağlıma belə gətirə bilməyəcəyim saysız-hesabsız yeni mənalar kəsb edir. Söz mənim dilimdən (qələmimdən) çıxandan sonra saysız-hesabsız insanlar onu eşidib (oxuyub) onu istədikləri kimi başa düşə bilərlər. Söz məndən misli görünməmiş böyük keçmişə və gələcəyə malikdir. Söz hətta ondan ünsiyyət vasitəsi kimi istifadə edən xalq yoxa çıxandan sonra yaşamaqda davam edir.

***

Fikrimcə, tənqidçi ilə ədəbiyyatşünas arasında fərqi ən yığcam şəkildə belə ifadə etmək olar: tənqidçi - mən mətni öyrənirəm; ədəbiyyatşünas - mən mətni öyrənirəm.

# 3117 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #