Atasının gözləri önündə boğulan yazıçı         

Atasının gözləri önündə boğulan yazıçı         
5 avqust 2019
# 12:32

“Mənə dəniz verin” deyə oxuyan müğənnini hər dəfə dinləyəndə “ Mənə dəniz lazım deyil, birotaqlı mənzil verin, bəsimdir”- demək istəyirəm.

Yəni insan hətta xəyallarını da məhdudlaşdırmağı bacarmalıdır.

Dəniz haqqında mahnılar oxuyub şeirlər deyirik, dənizi öyürük, amma necə bir təhlükə ərz etdiyini uşaqlara öyrətmirik.

Dənizdə hər dəfə adam batanda tanınmış alim mərhum Tofiq Hacıyevin oğlu yadıma düşür. Hadisə 1980-ci ilin yayında baş verib. Tofiq Hacıyevin oğlu İsmayılın dənizdə batdığını sonralar böyüklərdən eşitmişdim.

Ata-oğul səhər erkəndən dənizə yollanıblar. Əslində sahildən çox uzaqlaşmayıblar. Amma oğlan qəfildən burulğana düşüb, boğulmağa başlayıb. Üzməyi bacarmayan ata nə edəcəyini bilməyib. Qaçıb maşından zəncir gətirib, oğluna sarı atıb, amma oğlan zənciri tuta bilməyib və çarəsiz atasının gözləri önündə batıb.

Təəssüf ki, bu hadisəni eşidib anlamadan Tofiq Hacıyevi qınayanlar da olmuşdu, “biz onun yerində olsaydıq, üzə bilməsək də, ölümü gözə alıb uşağımızı xilas etməyə cəhd edərdik”, deyiblər.

Amma kənardan fikir söyləmək asandır. Yalnız faciəni yaşayan insan onun nə demək olduğunu dərk edə bilər.

Məncə bu, ölməkdən daha betərdir insan üçün, belə bir dəhşətli fəlakətin şahidi olmaq və heç nə edə bilməmək. Və ömür boyu özünü suçlamaq ki...

“Bəlkə də edə bilərdim”.

Düzü, Tofiq Hacıyevin hansı hisslər keçirdiyini bilmirəm, amma təxmin edirəm ki, bu əzabla yaşamaq onun üçün çox ağır olub.

Görünür, bu da bir tale işidir.

Ölümündən sonra 19 yaşlı oğlanın çox istedadlı olduğu üzə çıxdı. Sovet dövründə kitab çap etdirmək çətin məsələ idi. Amma Tofiq müəllim oğlunun hekayələr kitabının nəşrinə nail oldu.

Cavan oğlan həqiqətən istedadlıydı. Keçən dəfə “Kulis”də cavan yaşında dünyasını dəyişən yazıçılardan ibarət siyahını görəndə İsmayıl Hacıyev yadıma düşdü. Əgər yaşasaydı, yəqin ki gələcəyi parlaq olardı.

Əgər dəniz naxələf çıxmasaydı...

İsmayıl Hacıyevin “Volqalı dilənçi” hekayəsini heç unuda bilmirəm. Məzmunu belədir ki, qonşu varlıdır, hətta “Volqa”sı var (O dövrdə hər adam “Volqa”ya sahib ola bilmirdi). Amma hər gün quru maaşa yaşayan ailənin qapısını döyür, bir gün kartof istəyir, bir gün soğan, bir gün pomidir və s. Gənc yazıçının əla müşahidə qabiliyyəti və incə yumor hissi vardı. Hədəf aldığı məqamları elə ustalıqla təsvir etmişdi ki, “Volqalı dilənçi”lər həm gülüş, həm də acı təəssüf doğururdu.

Amma təkcə dəniz yox, insanlar da naxələf çıxır.

Keçən dəfə tanışlarımızın gözləri önündə bir oğlan boğulub. Deməli, sahilə üzərində “Suya girmək qadağandır” yazılmış böyük bir lövhə qoyulub. Qayalıqların altında boşluqlar varmış. Maraqlıdır ki, çimməyin qadağan olduğu bir ərazidə çayxana fəaliyyət göstərir, müştərilərə çay, su təklif edirlər. Normal çimərliklərdə olduğu kimi şezlonqlar və s. var.

Adamlar da elə bil bu lövhəni görmür, ya da görməzlikdən gəlirlər. Qayalıqlara yaxın getməsələr də, sahilə yaxın yerlərdə çimirlər.

Çimərliyə tək gəlmiş cavan bir oğlan isə ta qayalıqlara qədər üzüb. Deyilənə görə, içkili imiş. Bu dəm burulğana düşüb və boğulmağa başlayıb. Hansısa möcüzə sayəsində sahilə çıxarılıb.

Di gəl, oğlanı özünə gətirə bilməyiblər. Kənardan bu hadisənin şahidi olan iki gənc qız oğlana yardım göstərməyə çalışıb. Biri süni tənəffüs verib, amma kənardan dəstək olmaq yerinə qızı çəkişdiriblər:

- Bıy qıza bax ha. Gədəyə nə qayırır bu?

Süni tənəffüsdən sonra oğlanın ağzından su tökülüb. Onun qurtulduğunu düşünüblər, amma heyhat. Yardım yetərli olmayıb. Bir də kənardan müdaxilə etməyə imkan vermirlərmiş. Bir kişi durmadan deyirmiş:

- Ay qızlar, kənara çəkilin, əziyyət verməyin, imkan verin rahat ölsün.

Oğlanın ürəyi hələ döyünürmüş, amma bu mənzərənin iştirakçıları bu ürək döyüntülərini “eşitməyiblər”.

Təcili yardım isə hadisə yerinə 40 dəqiqədən sonra gəlib çıxıb. Oğlan artıq keçinibmiş. Mərhum heç təcili yardımla da aparılmayıb. Hadisə yerinə sonradan gəlib çıxan qohumu oğlanın cansız bədənini maşının baqajına atıb aparıb.

Camaat da heç nə olmamış kimi çimməyə, günəşlənməyə davam edib.

Bir insan həyatı bu qədər ucuz imiş. Çox təəssüf. Amma təqsir cavan oğlanın özündədir. İçkili halda suya girib, özü də təhlükəli sulara. Təbii ki, ayıq başla vəziyyəti anlayardı. Dənizdə batanların əksəriyyəti içkili olanlardır. Təəssüf ki, bunun nə qədər riskli olduğunun çoxları fərqinə varmır.

Hər il neçə-neçə insanı dəniz öz ağuşuna çəkir. Adamlar unudur ki, dəniz yalnız romantik tələbatımızı təmin etdiyimiz göz oxşayan mavilik deyil, həm də özündən böyük təhlükə daşıyan bir sonsuzluqdur. Fani insan bu sonsuzluğun önündə acizdir.

Amma bu gerçəkliyi unudanlar özlərini qəhrəman sanır, dənizlə cəngə çıxırlar. Bəziləri də ətrafdakılara özünü göstərmək, öz məharətini nümayiş etdirmək istəyir. Lap uzaqlara üzür. Az qala nöqtəyə çevrilən adamlara baxıb düşünürsən ki, bu insanlar niyə öz həyatlarıyla “aşıq-aşıq oynayır”? Şüurlu insan belə bir təhlükəni doğrudanmı dərk etmir?

Uzağa üzmək dənizi yenidən kəşf etmək, onu daha yaxşı tanımaq cəhdinə bənzəyir. Amma dəniz də insanlar kimidir. Əsl üzünü əsla göstərməz. Ya da insanın son anında, son nəfəsində göstərər.

Odur ki, dənizin əsl üzünü görməmək üçün ehtiyatlı olun.

# 3986 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #