Murad Köhnəqalanın kompüteri - "Əşyalar və sözlər"

Murad Köhnəqalanın kompüteri  - <span style="color:red;">"Əşyalar və sözlər"
22 aprel 2014
# 10:40

Kulis.Az “Əşyalar və sözlər” layihəsindən Cəlil Cavanşirin “Murad Köhnəqalanın kompüteri​” yazısını təqdim edir.

Bakıya yeni köçmüşdüm. Rahat, sakit və düzənli həyatımdan imtina edib, Bakının künc-bucağında balaca bir ev kirayələmişdim. Televiziyaların birində cüzi maaşa, qəpik-quruşa çalışırdım. Ev kirayəsini vaxtında verə bilməyəndə internet klublarda gecələməli olurdum. Kirayə qaldığım evin sahibi məcburi köçkün olsa da, fərasətli adamdı. Dəbdəbəli evinin həyətində kirayə vermək üçün üç balaca otaq da hazırlamışdı. Hər ayın sonunda Əzrayıl kimi qapını kəsdirir, pulu alana qədər anamdan əmdiyim südü burnumdan gətirirdi. O qədər qabiliyyətsiz və gerizəkalı idi ki, bu geniş dünyada onun darısqal, yayda toz-torpaq dolan mənzilində kirayə qaldığım üçün həyata nifrət edirdim.

Ağır günlər idi. Ailə problemləri, işsizlik, ev sahibinin qanacaqsızlığı əsəblərimi tamam korlamışdı. Üstəlik yazı yazmaq üçün saatlarla teleşirkətdə qalıb işləməyə, internet klublarda gecələməyə məcbur olurdum. Çünki evdə yazı yazmaq üçün kompüterim yox idi.

Ağır günün dostları, yoldaşları unudulmur. O günlərdə dəstək olan, qayğıkeşliyi ilə utandıran dostlarla yanaşı, qapını üzümə bağlayan, varlığımı unutmağa çalışan ailə dostları, qohumlar da vardı. Həyatımın, günlərlə pendir-çörək yediyim o dönəmini unutmağım mümkün deyil. Saatlarla üzüstə çarpayıya uzanıb taleyimə nifrin yağdırdığım günlərdən aldığım həyat dərsi insanlara və həyata baxışımı dəyişdi...

Ədəbi çevrədə tanışlarım çox az idi. Günlərlə siqaretsiz, çörəksiz qalsam da ağız açıb borc istəməyə cəmi iki-üç tanışım vardı. Tanıdığım və görüşdüyüm adamların çoxundan borc almışdım...

Nərimanov parkı görüş yeri idi. Xanəmir Telmanoğlu, Əsəd Qaraqaplan, Yusif Məhəmmədoğlu, Aqşin Yenisey, Rafiq Tağı, Mirzə Sakit, Murad Köhnəqala və başqa qələm dostları ilə tez-tez bu parkda görüşür, çaydan, pivədən içir, pul olanda da araq vururduq.

...Cibimizin kasad günlərindən biri idi. Murad Köhnəqala və Əsəd Qaraqaplanla daimi görüş yerində oturub çay içirdik. Gündəlik qayğılardan, işsizlikdən, problemlərdən danışırdıq. Söz-sözü çəkdi, kompüterimin olmamasından, yazı yazmaq üçün çəkdiyim əziyyətlərdən gileyləndim.

Söhbət əsnasında məlum oldu ki, Murad Köhnəqala təzə notbuk alıb və köhnə kompüterini də satışa çıxarıb. Dəqiq xatırlamıram, deyəsən köhnə kompüterinə 200 manata müştəri də vardı. Məlum məsələdir ki, o kompüteri almağa pulum olmadığı üçün, söhbət mənim üçün maraqlı deyildi. Murad isə bəh-bəhlə təzə notbukundan, onun üstünlüklərindən danışır, hərdən də köhnə kompüterinin özəlliklərini, üstünlüklərini vurğulayırdı...

Sən demə, fikri başqa imiş ustadın...

Söhbət kompüter mövzusundan ədəbiyyata, ədəbiyyat mövzusundan siyasətə qədər uzandı. Görüşüb ayrılanda Murad ayaq saxlayıb mənə tərəf döndü:

- Sabah boş vaxtın olanda gəl mənim köhnə kompüterimdəki materialları təzəyə köçürək, köhnə kompüterimi də gətir evinə. Satası olmadım.

O anda necə sevindiyimi, necə kövrəldiyimi ifadə etməkdə çətinlik çəkirəm...

Murada əvvəlcə dəfələrlə təşəkkür edib, bunu qəbul edə bilməyəcəyimi desəm də, Murad qətiyyətlə israr elədi ki, “Ayə, sabah gəl kompüteri apar.”

Sağollaşıb ayrıldıq. Amma qətiyyən o kompüteri evə gətirmək barədə düşünmürdüm, çünki Murad onu satıb, hansısa bir problemini həll edə bilərdi...

Sabahısı gün Muradın təklifini unutmuşdum. Nərimanov parkında oturub mərhum yazıçımız Rafiq Tağı və Qan Turalı ilə çay içirdik ki, Murad Köhnəqala zəng elədi. Nə qədər bəhanə gətirsəm də faydası olmadı. Dostlardan üzrxahlıq edib yollandım Şüvəlana...

Kompüteri başqa bir dostumun köməyi ilə kirayə qaldığım evə gətirdim. Muradın yazılarının böyük əksəriyyəti bu kompüterin yaddaşında idi. Elə bil dünyanın ən qiymətli xəzinəsini bağışlamışdılar mənə.

Kompüteri evə gətirəndən qısa müddət sonra çalışdığım teleşirkətdən səbəbsiz-filansız çıxarıldım. Bütün günü Muradın yazılarını oxuyur, yeni yazılar yazır, musiqi dinləyirdim. Amma Murad Köhnəqalanın kompüteri düşərli oldu. Çox çətinliklə də olsa, qəzetlərin birində iş tapdım. Murad Köhnəqalanın kompüteri dörd divardan ibarət tör-töküntü mənzildə yeganə həmsöhbətim idi...

...Səhhətimdə problem yarandığı üçün qardaşlarımın yanında qalırdım. Ev kirayəsindən 50-60 manat borcum qaldığı üçün ev sahibi məni küçəyə atıb, kompüteri girov saxladı. Saatlarla dil tökdüm, telefonumu, pal-paltarımı girov kimi təklif etdim, razılaşmadı. Mənə pulu tapmağa 10 gün vaxt qoydu. O vaxt bu məbləği tapmağım qeyri-mümkün idi, çünki qazandığım pul borclarımı güclə ödəyirdi. 15-20 gün sonra pulu tapıb zəng elədim, ev sahibi Murad Köhnəqalanın 200 manatdan imtina edib, mənə hədiyyə elədiyi kompüteri 50 manata satmışdı...

...O hadisədən 3 ildən çox keçir. İndi də yadıma düşəndə mən o kompüterin yaddaşında qalan musiqilərə və yazılara heyfsilənirəm.

# 2198 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #