#

Qadına şiddətə yox deyir, amma qadına şiddət göstərir

Qadına şiddətə yox deyir, amma qadına şiddət göstərir
21 sentyabr 2019
# 16:12

Kulis.az İlqar Kamilin “Özünü söyməyin psixologiyası” adlı yazısını təqdim edir.

İllər əvvəl düz gözümün qabağında baş vermişdi bu hadisə, qadına şiddət mövzusunda olduqca məntiqli və arqumental çıxış edən mühazirəçi alimin sözünü daşla, qalaqla kəsmişdi bir dinləyici xanım: bəs siz, müəllim, siz guya xanımınızı döymürsünüz? Əvvəl dili tutulmuşdu natiqin, lakin bir xeyli çək-çevirdən sonra özünü ələ alıb düzünü deməyə qərar vermişdi:

“Arada olur...”

Nə...?! Elə bil, arı yuvasına çomaq soxmuşdun, zal dəymişdi bir-birinə, necə yəni arada olur? Siz zarafat edirsiniz? Bəs bayaqdan oxuduğunuz odlu-alovlu mühazirə..? Bəs filan, bəs bəsməkan...?! Ayıb olsun sizə!

Bütün “daşları” yerbəyer elədikdən sonra vəziyyəti izah etməkçün icazə almışdı natiq: bəli, ayıb olsun mənə, demişdi, amma mən tam ciddiyəm, məsələ belədir ki, mənim şüurumda inqilab olub, qadına şiddətin yolverilməz olduğunu iliyiməcən dərk eləmişəm, lakin əməldə hələ buna tam nail ola bilməmişəm. Axı mənim atalarımda, böyüklərimdə, ətrafımdakı kişilərdə, hamısında, illərlə olub bu qeyri-insani hal, mən necə birdən-birə dəyişə bilərəm? Bu işin cinayət olduğunu bilirəm? Bilirəm! Vəhşilik olduğunu qanıram? Qanıram! Lakin əmələ gələndə bir də görürəm, qəza baş verdi və şiddətin ən iyrənc forması çıxdı əlimdən. Sonra başlayıram ağlamağa, xanımımın dizinin dibində oturub dönə-dönə üzr istəyirəm, bir də olmayacağına söz verirəm... yəni, mən, inanın, çox utanıram özümdən, bu adətimdən qurtulmaq istəyirəm, amma sizə yalan danışmaq istəmədim, hələ tam insan ola bilməmişəm.

- Bəs onda bu çıxışlar nədir, riyakarlıq niyə?

- Bu, riyakarlıq yox, daha çox öztəlqindir, terapiyadır, qızım: insan özünü cəmiyyətə necə təqdim edirsə, sonra gerçəkdən elə olmağa əlləşir - bu, adama stimul verir.

Şəxsiyyət nədir və necə formalaşır?

Bu haqda onlarla, bəlkə də yüzdən çox teoriya var, hamısı da bir-birindən dərin, bir-birindən maraqlı. Şəxsiyyət haqda əsaslı danışa bilməkçün ən azı Froydun libidosunu, Yunqun arxetipini, Adlerin natamamalıq kompleksini, Corc Kellinin konstruktunu dərindən bilmək lazımdır. Məsələn, amerikalı psixoloq Leon Festinger deyirdi ki, insanın iki məni var: real mən, başqalarına təqdim edilən mən və şəxsiyyət “real mən” “başqalarına təqdim edilən mən”ə uyğunlaşa-uyğunlaşa formalaşır; belə ki, insan, tutalım, özünü cəmiyyətə (oxu: sosial şəbəkələrdə) təmkinli adam kimi təqdim edir, əslində isə, o, əsəbidir, səbirsizdir, sonra nə baş verir? İki fərqli şəxsiyyəti uzun müddət yaşatmaq çətin gəldiyindən, üstəlik, bu halın adamda daxili diskomfort yaratdığından o, get-gedə “real mən”ini “təqdim etdiyi mən”lə eyniləşdirməyə çalışır və beləcə tədricən bu əsəbi adam sakit, səbirli adama çevrilir.

Başqa sözlə desək, təsəvvür edin, alpinist dağa dırmanır, əvvəl ucunda rıçaq olan kəndiri yuxarı atır, rıçaqı hansısa qayaya ilişdirir, sonra özünü dartıb ora çıxarır. Festinger deyirdi ki, biz şəxsiyyətimizi beləcə, özümüzü yuxarı darta-darta formalaşdırırıq, yəni bizim idealımız bir başqası deyil, elə özümüzük – başqalarına təqdim etdiyimiz özümüz! Yəni təqdim etmə olmasa təkmilləşmə də olmayacaq!

Odur ki, bu hal şəxsən məni narahat etmir, əksinə, mənimçün birinin özünü necə təqdim etməsi elə onun real məni qədər maraqlıdır, nədən ki, bilirəm, nəhayətdə biri digərinə gətirib çıxaracaq. Məsələn, realdan tanıdığım kitabdan uzaq insanlar var, amma eyni adamlar sosial şəbəkələrdə özlərini kitabsevər kimi təqdim edirlər, bu hal məni narahat edirmi? Xeyr! Nədən ki, məsələnin verəcəyi nəticəni bilirəm, bilirəm ki, biz onlara inamımızla dəstək olsaq, biz goreşənlik eləməsək, yaşadıqları daxili diskomfort onları get-gedə həqiqətən də kitab oxuyan edəcək.

Yeri gəlmişkən, səhər tezdən sosial şəbəkələrdə qonşum Gülbalaya rast gəlmişəm, qadına şiddət mövzusunda kişiləri söyüb biabır eləyirdi, çəkdim kənara ki, ay qaqa, nə iş, mən az qala elə dünən çıxarmışam axı arvadını sənin yumruqlarının altından? Tutuldu zalımoğlu, qəhərləndi, udqundu: qurban olum, özümü söyürəm dənə, vallah özümü söyürəm! Elə bilirəm, nə qədər ağır söysəm, bir o qədər tez əl çəkəcəm bu iyrənc adətimdən.

Deməyim odur ki, əzizim, başqalarına təqdim etdiyimiz mənimiz bizim gələcək real mənimiz ola bilər, imkan verək, lütfən.

# 4342 dəfə oxunub

Oxşar xəbərlər

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
#
#
# # #