Özünü hərəmbaşı kimi aparan mollalar

Özünü hərəmbaşı kimi aparan mollalar
10 sentyabr 2019
# 11:30

Yaxınlarda atam vəfat etdi və mən yorucu, mənasız yas mərasimi adətlərini yaşamalı oldum. Ona görə yorucu və mənasız deyirəm ki, yas mərasiminin yazılmamış və yəqin ki, uydurulmuş qaydaları sahibinə həm mənəvi-psixoloji, həm maddi ziyan vurur, həm də fiziki cəhətdən yorur. Yas mərasiminin keçirilməsində ciddi islahatlar aparılmalıdır, ən əsası yeniləşdirici islahatlar köhnəlmiş, dekadent adətlərin əsirinə çevrilmiş fərdlərin beynində baş verməlidir.

Milsalçün, cənazənin yerdən götürülməsi və dəfn prosesi istisna olmaqla, digər məclislərdə molla çağırılmasın. Əgər hətta molla olacaqsa, ona mərsiyə demək qadağan olunmalıdır. Çünki əksəriyyət düşünür ki, yas məclislərində molla mütləq mərsiyə deyərək gələnləri ağlatmalıdır. Yəni başqa cür desək, mərsiyə deyilməsinin məqsədi insanları ağlamağa təhrik etmək və bununla da yas mərasiminin mütləq atributlarından biri olan göz yaşının axıdılmasıdır. Nəticədə mərsiyə manipulyasiya vasitəsinə çevrilir: səmimi qəlbdən ağlamaq istəməyən insandan zor gücünə göz yaşı çıxarır, duyğu sümürücülüyü yapır. Xüsusən də qadın məclislərində. Və qadın məclislərində molla özünü hərəmbaşı kimi aparır. Amiranə intonasiyada qadınları baş bağlamamaqda suçlayır, cəhənnəm, günah haqda bisavad sicilləmələrini dinlətməyə məcbur edir.

Yas adətlərinin əsiri olan azərbaycanlı düşünür ki, əgər ölənin qohumları ağlamırsa, saçını-başını yolmursa, bu, ölmüş adama sevgisizliyi ifadə edir. Bəzən yas məclislərində ölənin yaxını haqqında dedi-qodu yaymasınlar deyə, hər gələn adam üçün saçını-başını yolur, ağı deyir. Beləcə, fərqinə varılmadan, şüuraltı olaraq yas mərasimi tamaşa estetikasına köklənir, göstəriyə çevrilir. Halbuki, ağlamaq kədərin yeganə ifadə forması deyil. İsrail rejissoru, Samuel Maoz “Fokstrat” filmində oğlunu itirən ananın vəziyyətinin həllini belə vermişdi: qadın günlərlə hərəkətsiz halda çarpayıda uzanır. Çünki içdə yaşanan kədər göz yaşından daha ağır, daha səmimidir. Və yeri gəlmişkən, Asif Rüstəmovun “Axınla aşağı” filmində oğlunu itirən ananın niyə ağlamadığına, fəryad qoparmadığına etiraz edən tamaşaçılar olmuşdu.

Ölənin üçü, ilk cüməaxşamı istisna olmaqla cümə axşamları və 40, hətta il mərasiminin keçirilməsi artıqdır. Dəfn günü gələnlər, mərhumun nəinki üçünə, bütün cümə axşamlarına da gəlməyi özlərinə borc bilirlər. Əksəriyyəti ailənin yaxın adamları yox, uzaq qohum tanışları olur. Özəlliklə qadınlar, mərasim keçirilən məkandan çıxıb yenidən yas sahibinin evinə gəlməyi özlərinə borc bilirlər. Saatlarla oturub ev yiyəsinin vaxtını alır, dəxilsiz söhbətlər eləyir, mənfi enerjilərini tökürlər. Vaxt öldürən, öz dərdlərini paylaşan qadınlar sanki belə məclislərdə, filosof Həsən Quliyevin diliylə desək, bu kollektiv orgiyadan xüsusi həzz alırlar.

İndi texnologiya çox irəli gedib, uzaq tanışların vatsapla, telefon zəngi ilə başsağlığı verməsi də yetərlidir.

Tatarlarda belə bir adət var ki, yas düşən evin adamını hər gün bir ailə qonaq çağırır, ona dərdini unutdururlar. Və qırx gün yası düşən adam evində qazan asmır. Təklif eləmirəm ki, yası düşən adam qonaq çağırılıb əyləndirilsin. Sadəcə bizdə yeni yas mədəniyyətinin formalaşmasına ehtiyac var.

# 2572 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #