O qadın niyə ağlamadı?

O qadın niyə ağlamadı?
6 noyabr 2014
# 14:30

Əlbəttə, o gün gələcək! Hətta, artıq gəlib! Vaxtilə fizika müəllimləri bizə gələcəkdə televizorların xəritə kimi divara vurulacağını deyirdi, inanmırdıq, amma nooldu?

Görəcəkli günlər qabaqdadır. Bir azdan qohum-əqrəba bir-birindən televizor vasitəsilə xəbər tutacaq. Bunun üçün televizora hansısa texniki üstünlük artırmaq lazım deyil. Telekanalları özü bu müqəddəs məqsədə doğru inamla irəliləyir. İnkişaf o səviyyəyə çatıb ki, artıq camaat məhkəməyə, jekə, xəstəxanaya, lap elə pirə, İmamzadaya yox, Zaura, Elgizə üz tutur.

Nicat axtaran xalqı qınamaq lazım deyil. Nə etsin? Dəhşətlisi televiziyanın “siz dalaşa-biz tamaşa” prinsipidir. Çəpərdibi davaları görməkdən məhrum olmuş yeni şəhər sakinləri bu qeybət, üzləşmə, dava, faciə dolu əhvalatları gözünə təpir. Gəlin insaflı olub Yezid üçün də ağlayaq: bura üz tutanlar bəzən işlərini həll edə bilirlər. Daha bir faydası dəyən təbəqə var: teatrda oynamağa diri bir tamaşa tapmayan aktyorlar bu verilişlərdə öz potensialını göstərir, ekran üzü görür, bəlkə də heç vaxt çəkilməyəcəkləri filmlər üçün tipajlar müşahidə edirlər. Bu da “Belə verilişdə aktyorun nə işi var” - sualına cavab.

Təbii ki, deqradasiya öz pis nəticələrini verir: insanlar efirdəcə təhqir olunur, aşağılanır, nəinki efir qaydaları, heç adi etik qaydalar gözlənilmir. Bir qadına efirdəcə qızının ölüm xəbərini vermək, sonra kədərli musiqinin müşayiəti ilə kameranı onun üzünə zilləmək nə deməkdir? “Bu boyda kameranı zilləmişik, ağlamır qadın” - deyə düşünənlər “efir yengələri”nə və özlərinə təsəlli verirlər: “Hələ şokdadı!”

Bu verilişlərin janrı, formatı nədir? Realiti şou üçün çox ağırdır, sosial proqram üçün çox yüngül! Sizcə, sosial proqramda pul tapıb xəstəni əməliyyat etdirmədiyi üçün ailəni günahlandırarlar, yoxsa pulsuz xidmət göstərməli olan xəstəxananı suala çəkərlər? İkinci ağlabatan deyilsə, əlbəttə birinci! Saxta olmaq nə lazım? Xalqa yaxın olmaq da elə budur. Amma bir yerə qədər. Çünki “xalqa yaxın olan” televiziya kütlənin tənəzzülə, geriliyə aparan dəyərlərini təbliğ edir, bir itaətkar ruh aşılayır. Aparıcılar, hətta ekspert hüquqşünaslar bəzən əliuşaqlı məzlumun üstünə elə şığıyır ki, sanki o, İsa Məsih kimi hər zülmə dözməli imiş.

Televiziya şəxsiləşdikcə, daha doğrusu fərdiləşdikcə ictimai funksiyasını itirdikcə, ictimai əhəmiyyətini, statusunu da itirir. Və “Sıradan kiminsə şəxsi ailə əhvalatının, faciəsinin detallı şəkildə hər gün mənim evimdə nə işi var, bundan mən nə qazanıram?” - sualının bir cavabı var: hansı şəraitdə və hansı şərtlər altında olduğumuzu bir an da yadımızdan çıxarmayaq!

Vəssalam.

Allah köməyimiz olsun!

# 1899 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #