Qızı olmasın deyə hamilə arvadının qarnına vuran ata

Qızı olmasın deyə hamilə arvadının qarnına vuran ata
13 fevral 2018
# 10:48

Könül Cəfərli

Qız doğulduğunu öyrənəndə xəstəxanada dava salır. Palataya girib arvadını döymək də istəyirmiş. Hay-küyə gələn baş həkim otağına salıb sakitləşdirməyə çalışır. Təsəlli verir ki, bu ilk uşaqdır, inşallah ikinci oğlan olar-filan. Mehmanın qəzəbini güclə yatırıb evə göndərir.

Səhəri gün ana və körpəni evə çıxaranda əri hikkəsindən doğum evinə getmir. Adiləni elə birbaşa anasıgilə aparırlar. Gəncə tərəfdə adətdir, uşağın “qırxı” çıxanadək gəlin ata evində qalır. Mehman bu müddətdə 1 dəfə də övladı ilə maraqlanmır. Vədə tamam olanda qaynana gəlinini və nəvəsini götürüb evinə gətirir. Adilə danışırdı ki, qapıdan girən kimi əri bir dəfə möhkəm əzişdirib, qız doğmağın heyfni çıxır.

Zamanla Mehman övladına alışır, çox istəməyə başlayır. Amma oğlan sevdası başından çıxmır. Həvəslə növbəti uşağın doğulmağını gözləyir.

İkinci hamiləlikdə “uzi” oğlan desə də, Adilə yenə qız dünyaya gətirir. Bu dəfə Mehman dünyanı dağıdası olur. Xəstəxanaya ismarıç yollayır ki, kişinin oğlu olar, məni el içində rüsvay etdin, ikinci qızla qapıma gəlmə. Bu dəfə də ağsaqqallar dövrəyə girib Mehmanı yumşaldır, xeyli dil tökəndən sonra arvadını qəbul edir.

Oğul naminə üçüncü övlad artıq şərt olur. Qız təkrar hamilə qalır. Cinsiyyətini öyrənmək üçün poliklinikaya getsələr də, həkim qəti söz demir. “Uşaq bətnində elə yerləşib ki, dəqiq təyin etmək olmur. Amma daha çox oğlana bənzədirəm”, - söyləyir.

“Oğlan”ı eşidib arxayın düşür, bir də 2 ay sonra gəlini müayinəyə aparırlar. Bu dəfə “uzi”də “İndi aydın görünür, uşaq qızdır”, -deyilir. Mehman “qara” xəbəri eşidən kimi dəliyə dönür, körpədən bir an öncə “xilas” olmağa çalışır. Çox israr etsə də, 5 aylıq uşağı abort etmirlər.

Doğulmamış balasına nifrət edən ata başqa yollara da əl atır. Arvadına uşağı bətnində tələf etmək üçün dərman içməyi də təkid edir. Qız razılaşmır. Əli hər yerdən üzülən Mehman yoldaşının gününü qara edir. Qadının qarnı böyüdükcə kişinin qəzəbi də artır. Adilə söyləyir ki, məni döyəndə uşağa xətər yetirmək üçün qəsdən hər dəfə qarnımdan da vurur, körpəmi qorumağa çalışsam da yenə zərbə dəyirdi. Ata hətta evdəki 2 qızına deyir ki, ananızın qarnında canavar var, təpik vurun ölsün, yoxsa çıxıb sizi yeyəcək.

Əri 3-cü övladın hirsini arvadından o ki var çıxır, tək fiziki deyil, mənəvi zülm də verir. Bütün hamilələr kimi Adilənin də ürəyi yeməyə nəsə istəyir, Mehman isə acıqla almır. Yazıq qız çarəsiz qalıb, anasından xahiş edir, o da kürəkənindən xəlvət tapıb gətirir.

O qədər çətin hamiləliyə, təpik-şilləyə rəğmən uşaq sağlam doğulur. Bu dəfə Mehman arvadına xəbər göndərir ki, evimə ayaq basma, gələn kimi ikinizin də başını kəsəcəyəm.

Adilənin anası qorxusundan qızını nəvəsi ilə evinə aparır. Fikirləşir ki, bəlkə 40 gün sonra Mehman yenə yumşalar. Amma bu dəfə bütün cəhdlər boşa çıxır. Axırda kürəkən belə razılaşır ki, 3-cü uşağı gətirməmək şərti ilə Adilə evə dönə bilər. Əlacsız qalan ana südəmər balasını ata evində qoyub, ərinin yanına qayıdır. Arzu olunmayan qızcığaz isə nənə-babanın himayəsində qalır. Qəzəbi və nifrəti sönməyən ata uşağa ad və soyadını da vermir. Rəsmi nikahları olmadığı üçün körpə babasının familiyasında yazılır.

Zalım ata Adiləyə balasını əmizdirməyə də qoymur. Yaxşı ki, ata evi qonşuluqda yerləşir. Əri işdə olanda qaçıb uşağa süd verir, gedə bilməyəndə sağıb göndərir.

Mehman 4-cü övladı gözləsə də Adilə hamilə qalmır. Daha doğrusu, bətninə bala düşdükcə, kişidən xəlvət abort etdirir. Yoldaşına da deyir ki, uşaq olmur. O, da ərindən belə qisas alır.

Atasının imtina etdiyi qızın artıq 4 yaşı var. Hələ də nənə-babası ilə yaşayır. Elə onları da ana-ata çağırır. Öz doğma atasına əmi, Adiləyə isə xala deyir. Mehman bu 4 ildə bir dəfə də o övladını öpüb qucaqlamayıb. Əksinə hər görəndə kobudluq edir. Üstəlik arvadına da bərk tapşırıb ki, qıza yaxınlıq etmə, uzaq dur. Yazıq qadın ərindən xəlvət balasını öpür, bağrına basır. Bu hekayənin sonu necə olacaq bilmirəm. Amma Adilə ərinin bir gün uşağı qəbul edəcəyi ümidi ilə yaşayır.

Qız övladı arzu etməyən başqa qohumlarım da var. Birinci uşağın qız doğulmasına bir təhər dözüb, ikincini mütləq oğlan tələb edirlər. Qadın hamilə qalır, cinsiyyətini öyrənmək üçün 3-cü ayında “uzi”yə aparırlar. Əgər cavab “qız” olsa, elə oradaca körpəni rədd edirlər. Keçən dəfə gəlin danışırdı ki, abortdan sonra vedrədə uşağın doğranmış bədənini görüb. Çox xırda olsa da, paralanmış cəsədi tərpənirmiş. Qız necə şok keçiribsə, ürəyi gedib.

Bu bir gerçəkdir. Bizim toplumda çoxluq oğlan övladına üstünlük verir. Bunun bir neçə səbəbi olsa da, məsələnin kökündə qadına olan münasibət yatır. Bu günün, dünənin problemi deyil. Uzun əsrlərlə formalaşmış aşağılayıcı və ədalətsiz bir təsəvvürün nəticəsidir. Hələ də dünənədək başlıq pulu ilə satılan, qapazlanan, ancaq ərə xidmət və uşaq doğmaq üçün böyüdülən qızı oğulla bərabərləşdirə bilmirik.

Həm də mentalitetimizə görə qız övladı namus yüküdür. Adına tez söz çıxır, gərək ərə verənədək daima əxlaqına nəzarət edəsən, bakirəliyinin keşiyini çəkəsən. Ona görə qız uşağı ata üçün əlavə narahatçılıq və lazımsız əziyyətdir.

Bir dəfə “Niyə bizim toplumda oğula üstünlük verilir?” sualı ilə sorğu keçirmişdim. Müxtəlif cavablar oldu. Ən çox isə: “Qız köçüb gedir, ata-anaya oğlan qalır, qocalanda bizə baxan, meyitimizi yerdən götürən oğlumuz olacaq”, - dedilər.

Amma mən 4 oğlu olduğu halda qızının evində can verən ana tanıyıram. Yaşlaşanda oğulları yaxın durmadığı üçün qızı aparıb baxdı. Qadın deyirdi ki, hər oğul doğulanda qurban kəsmişəm, amma bu qız dünyaya gələndə hirsimdən xeyli ağlamışdım: “İndi qızıma möhtac olmuşam, Allah məni belə utandırır”.

Oğul davası çəkib, qıza ağız büzən atalara sadəcə bir sözüm var: “Qocalığınızı düşünürsünüzsə, Allahdan ancaq xeyirli övlad istəyin”. Nə məlum, bəlkə yaşlaşanda elə sizə də istəmədiyiniz qızınız baxası oldu. Bəri başdan elə davranın ki, ayağınız yer tutmayanda Telli nənə kimi utanmayasınız...

# 3008 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #