Xəstəxanaya hicabla gəldi, koridora şortiklə çıxdı

Xəstəxanaya hicabla gəldi, koridora şortiklə çıxdı
7 sentyabr 2017
# 10:15

Xəstəxanaya daxil olanda hicablı idi. Uşağını rayondan müalicəyə gətirmişdi. Ona və oğluna dəhlizin başındakı palatada yer ayırdılar. Bir neçə dəqiqə sonra otaqdan çıxanda qadını tanıya bilmədik. Göbəyi açıq kofta, bir qarış şortik geyinmişdi. Xadimə divardakı kameranı göstərib narazılıq elədi.

Qadın “Görsünlər də, heç nə olmaz” deyib mətbəxə keçdi. Mat qaldıq. Sabahısı gün xəstə oğlunu palatadakı digər analardan birinə tapşırıb yoxa çıxdı. Bir neçə saat sonra qayıtdı. Dedi, Bakıda yaşayan qohumları ilə görüşüb. Ertəsi gün də dərman almaq adı ilə getdi. Hər dəfə bir səbəblə bayıra çıxırdı. Gedəndə bol kosmetika istifadə edirdisə, yenə də hicab geyinirdi. Əvvəl palatadakı qadınlar şübhələnməyə başladı, sonra bütün xəstəxanaya pıçapıç düşdü.

Bir gün də bu qadın mətbəxdə olanda palata yoldaşları tərbiyəsizlik edib telefonunu qurdalayıb. Sən demə aptek adı ilə kişilərlə görüşməyə gedirmiş. Deyilənə görə, pul sövdələşməyindən tutmuş əxlaqsız söhbətlərədək çox biədəb yazışmaları olub. Yəni bildiyiniz fahişəlik edirmiş. Qolları biləyədək, ayaqları topuğadək bağlı qadının əməli hamını heyrətə salmışdı. Bəlkə də hicabsız olsaydı, bu qədər hiddət doğurmazdı. Qapalı geyimlə əxlaqsızlıq etməsini adamlar həzm edə bilmirdi.

Söhbət bütün xəstəxanaya yayıldı. Yaşlı xadimə dinc durmayıb qıza söz atdı. Dedi, heç kəsin hicabın adını batırmağa haqqı yoxdur. Ya hicaba layiq yaşa, ya da başını aç. Gözlədim ki, xəcalətindən ağlayacaq. Amma nə utanmaq? Səsini başına atdı. Hay-küy düşdü, o biri qadınlar da mətbəxə yığışdı. Hərə bir tərəfdən dedi ki, əməlin hicaba yaraşmır. Elə qələt edirsənsə, başını niyə bağlayırsan? Məlum oldu ki, qadının özü istəmir, əri dindar olduğu üçün örtülü geyinməyə məcbur edir. Hər ağızdan bir söz çıxdı, amma o, yenə də başına hicabını taxıb əməllərinə davam etdi. Nə utandı, nə qızardı.

Bəlkə də çoxları üçün fahişədən başını açmasını istəmək haqlı tələbdir. Ürəyinizdə siz də razılaşırsınız. Əslində isə bu cür yanaşmanın özü qüsurludur. “Fahişəlik hicablıya yaraşmaz, başını aç” deyiriksə, o məntiqlə əxlaqsızlıq hicabsıza yaraşır. Belə çıxır ki, pozğunluğu ancaq başı açıq halda etmək mümkündür.

Əvvəla, hicab Allahın əmridir və ibadətdir. İslama görə isə bütün ibadətlər yalnız Allah üçündür. Kimisə hicaba məcbur etməyin özü dini prinsiplərə ziddir. Çünki Yaradan qəlbən, ixlaslı ibadət istəyir. Qeyri-səmimi münasibət Allaha da lazım deyil.

Digər tərəfdən, əxlaqsıza hicabı yasaqlayan dini hökm yoxdur. Nə oğruya, nə caniyə, nə zinakara, bir sözlə heç kimə ibadəti qadağan etmək olmaz. Biri əxlaqsızlıq edib hicab geyinmək istəyirsə, bu onunla Yaradan arasında olan münasibətdir. Digər bəndənin bu dialoqa müdaxilə etmək haqqı yoxdur.

Zinadan başqa o qədər günaha batıb ibadət edənlər var ki. Böhtan atıb, tərəzidə aldadıb, qeybət edib namaz qılanlar azdır? Hələ yetim-yesirin haqqına girən, 5 manat pul verib 100 manatlıq iş gördürən, işçinin pulunu kəsən hacıları demirəm...

Bir söz də söyləyim, xətrinizə dəyməsin. Siz ki, bu qədər namuspərəstsiniz, fahişələrdən zəhləniz gedir, o zaman niyə gündə bir kişi ilə yatan o məhşur müğənniləri şad günlərinizə dəvət edir, yuxarı başda əyləşdirirsiniz? Nə əcəb onlarla foto çəkdirəndə namus-zad yadınıza düşmür, diksinmirsiniz?

Bildiyim odur ki, namus əxlaqdır. Adamda ya var, ya yoxdur. Hicablı, ya açıq, fərq etməz. Yəni başın tükü ilə əlaqəsi yoxdur. Problem o qadının hicabında deyil, əxlaqında və onu ibadətə məcbur edən ərindədir. Kiməsə hücum çəkməzdən əvvəl də hədəfi doğru seçin. Hə, bir də çalışın heç kimi qınamayasınız. Qul qınadığını yaşamayınca, Allah canını almazmış.

# 2417 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #