Orqanımızı bağışlayaq

Orqanımızı bağışlayaq
13 yanvar 2014
# 09:00

Türkiyənin televiziya kanallarından birində ağlamağıma səbəb olan təsirli bir mənzərə gördüm. 19 yaşındakı oğlunu torpağa tapşıran bir ana aparıcının yanında qürurla dayanmışdı. Ağlamırdı. Arxa fonda oğlunun gülümsəyən foto-şəkli də vardı. Qadın başını dik tutub, yaşamaq üçün səbəblərinin olduğunu deyir və gənc yaşında dünyadan köçmüş oğlu ilə fəxr etdiyini qürurla təkrarlayırdı. Bir qədər sonra söhbətin nədən getdiyini anladım. Onun oğlu orqanlarını sağ ikən bağışlamışdı! Sonra bədbəxt hadisə nəticəsində gözlərini əbədi olaraq yummuşdu. Əslində qeybə çəkilən təkcə onun ruhu idi. Bədəni isə hələ də sağdır. Onun ürəyi başqa bir köksdə döyünür. Ciyərlərinə hələ də hava dolur, gözləri hələ də baxır.

Ana ağlamırdı-çünki oğlu əslində yaşayırdı. Onun yanında oğlunun üzünün və böyrəklərinin köçürüldüyü oğlanlar dayanmışdı. Dəhşətli yanğından sonra üzü tanınmaz hala düşən oğlan yeni üzü ilə həyata gülümsəyirdi. Yeni böyrəklərə sahib olan o biri gənc isə ölüm qorxusundan uzaq idi. O görüşün sonunda bir faktı da öyrəndim. Bir azdan yazacağam. Hələ ki, orqan nəqli haqqında….

Bəzi ölkələrdə, o cümlədən Türkiyədə insanların sağ ikən sənəd üzərində öz orqanlarını bağışlaması geniş yayılıb. Bu insanlar dünyalarını dəyişdikdən sonra onların bütün orqanları çıxarılıb ehtiyacı olan kəslərə köçürülür. Qısacası, bu dünya ilə vidalaşanda neçə-neçə insana həyat bəxş etmək üçün ən qiymətli miraslarını qoyub gedirlər.

Mən Azərbaycan mediasında bununla bağlı bir dənə də olsun sosial reklam görməmişəm. Maarifləndirici verilişlərə, yazılara rast gəlməmişəm. Özümün hazırladığım sosial reklam ssenarisi ilə isə heç kim maraqlanmadı. Bunun üçün televiziya kanallarına reklamın hər fırlanan çarxı üçün pul ödənilməlidir. Türkiyədə bu, Səhiyyə Nazirliyinin hesabına maliyyələşir…

İlk baxışda bəlkə də insanlara tükürpədici gələ bilər. Necə ola bilər ki, onun orqanları çıxarılır və başqalarına köçürülür? Bunu dərk edən çox az sayda insanın isə yaxınları ona mane olur.

Düşünürlər ki, Allah qorusun, onun başına bir şey gəlsə, meyitin harasa aparılmasına dözə bilməzlər. Çünki o yerdə insanın başqalarına faydalı ola biləcək bütün orqanları kəsilib götürülür və vaxt itirmədən başqalarına köçürülür. Meyit tanınmaz hala düşür. Bəli, bir çox insan məhz həmin mənzərəni təsəvvür edib bu addımı atmağı ağlından belə keçirmir. Başa düşüləndir. Amma hər şey bilgilənməkdən asılıdır. Bunun ən yaxşı tərəfini qəbul etdirənə qədər ən uğurlu şəkildə izah etməkdən asılıdır. Bunun üçün də medianın boynuna böyük yük düşür.

Öldükdən sonra orqanlar heç kimə lazım deyil. Bir müddətdən sonra onsuz da çürümə baş verir. Halbuki həmin orqanlar neçə-neçə insana həyat verə bilər. Hətta maddi imkanı çox yaxşı olan insanlar belə illərlə ona uyğun bir orqanın tapılmasını, transplantasiya olunmasını gözləyir. Amma bəzən elə bu ümidlə də həyatları sona çatır. Orqanlarını bağışlayan insanlar isə öldükdən sonra ən qiymətli mirasları olan orqanlarını sağlığında bağışlamaqla savab sahibi olurlar.

Təəssüf ki, bəzi insanlar nəinki başqalarını yaşatmaq barədə düşünür, hətta Allahın verdiyi canı amansızcasına almaqdan belə çəkinmədən vəhşiləşirlər.

Orqanları bağışlamaq üçün bir notarius xidmətinə yaxınlaşmaq kifayətdir. Orada bununla bağlı lazım olan məlumatı əldə etmək mümkündür. Bəzi istisna halları çıxmaq şərtilə, hər kəs öldükdən sonra onun orqanlarının çıxarılmasına, köçürülməsinə icazə verə bilər. Bu, sənədlə öz təsdiqini tapır. Və dünyasını dəyişmiş şəxsin qohumları bu prosesin qarşısını almaq iqtidarında deyillər.

Beləliklə, təkcə bu dünyada deyil, elə dünyadan köçdükdən sonra da başqa bəndələrə faydalı olmaq və savab qazanmaq istəyiriksə, özümüzdən sonra miras qoyaq. Bu isə var-dövlət deyil, bizim orqanlarımızdır…

Və izlədiyim həmin proqramda məni ağladan həmin fakt: Oğlunu 19 yaşında soyuq torpağın qoynuna verən ana əlini qarnının üstünə qoyub hər kəsi göz yaşlarına boğan sonuncu cümləsini dedi: «Bətnimdə daha bir oğul daşıyıram. Vətənə və millətə xeyirli olsun, inşallah!»

# 3549 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #