11 yaşında əmisi tərəfindən zorlanan evli qadın

11 yaşında əmisi tərəfindən zorlanan evli qadın
20 iyun 2018
# 11:40

Günel Natiq

Zorlanmış qadınların faciəsindən söz açarkən kişi cinsinin bəzi nümayəndələri atmaca atmağı özlərinə borc bilirlər. “İnək göz eləməsə, buğa sıçramaz” və s. Hələ də qadına təcavüz deyəndə inəklə buğanın xatırlandığı bir cəmiyyətdə qadın haqlarını müdafiə etmək çətin məsələdir.

Təsəvvür edin ki, hansısa bir kişi təcavüz edilən qadına sahib çıxır, onunla ailə qurur və qadının psixoloji durumunu normal hala gətirmək üçün əlindən gələni edir, məsələnin üstünün açılmasını tələb edir və s.

İnandırıcı deyil, eləmi? Əksər kişi bunu öz qüruruna sığışdırmaz, suçu qadında arayar, həmin olayı üzünə vurar, psixoloji travmasını daha da dərinləşdirər.

Ona görə də cinsi zorakılıqla bağlı bir proqramda belə bir müzakirənin qəhrəmanı olan qadınla birgə ona dəstək olan ərini də görəndə təəccübləndim.

Proqramın qəhrəmanı 18 yaşlı qadındır, 11 yaşından cinsi zorakılığın qurbanı olub. Öz ayaqları üstündə durmağı öyrənəndən sonra qadın həqiqəti topluma açıb söyləyib və cinayətkarın tutulmasını tələb edib.

Bu məsələnin insan ağlına sığmayan nüansları var. Türkiyənin kəndlərinin birində yaşayan qadın qaynının təcavüzünə məruz qalır. Qadın hansısa səbəbdən qorxub hadisəni kimsəyə söyləmir. Bir müddətdən sonra qadının əri dünyasını dəyişir. Mərhum ərin təcavüzkar qardaşı yenə ortaya çıxır.

Qadın növbəti dəfə cinsi zorakılığa məruz qalır. Bir müddətdən sonra hamilə olduğunu öyrənir. Məsələni açıb-ağartmağa cəsarət etmir. Hadisədən təsadüfən xəbər tutan bacısı təcavüzkarı həbs etdirəcəyi ilə hədələyir. Hamilə qadının bu adamla evlənməkdən başqa çarəsi qalmır. Beləcə qadın mərhum ərinin qardaşıyla ailə qurur.

Mərhum qardaşının 11 yaşlı qızı da “əminin” diqqətini cəlb edir. Qız təklikdə olanda onu da öz qurbanına çevirir. Bununla kifayətlənməyən “əmi” doğmaca qardaşı qızına bir neçə il boyunca təcavüz edir. Bu cinsi zorakılıqdan xəbər tutanlar da hansısa səbəbdən susur, həqiqət qaranlıq divarlar arasında qalır. Beləcə 11 yaşlı qız dəhşətli bir kabus içində böyüyür.

Həddi-buluğa çatandan sonra qız ailə qurur və yalnız bundan sonra özü öz taleyini idarə edəcək bir duruma gəlir. Həyat yoldaşı da qadınını dəstəkləyir və psixoloji ağrılarına az da olsa məlhəm olmaq üçün ədalət uğrunda mücadilədə onun yanında olacağına söz verir.

Türkiyənin ən baxımlı proqramlarının birində bu olayın müzakirəsi gedir. İfşa olunan əmi hələ ki, gizlənir, amma onu lənətləyən toplumdan nə qədər uzağa qaça bilər ki?

Bu müzakirədə mənə xüsusilə xoş gələn qızın və həyat yoldaşının dik duruşu idi. Adətən cinsi zorakılığın qurbanları toplumun mühakimə edən nəzərləri altında əzilir, özlərini günahkar hesab edirlər. Elə bu hisslər də ədalətin üzə çıxmasına mane olur, çirkin olaylar ört-basdır edilir, psixoloji travmayla üz-üzə qalan, özünü kimsəsiz, təklənmiş hesab edən qadınlar intihara əl atır.

Halbuki utanacaq olan bu olayların qurbanları deyil. Cinsi təcavüzün qurbanı olan qadınlar başqa zərərçəkənlərin olmaması üçün toplum qarşısında özlərini ifadə etməkdən utanıb-çəkinməməlidirlər. Eynilə alnıaçıq əyləşən və həyat yoldaşıyla birgə öz ağrılarının intiqamını almaq üçün mücadilə edən 18 yaşlı gənc qadın kimi.

Onun bu etirafı topluma hayqırtıdı. Baş verən olaylarda qadınları suçlayan, onları alçaldan, həqarət edən topluma üsyandır. Üstəlik kişinin qadınına sahib çıxması, anlayışla qarşılaması, onu xor görməməsi və bu münasibətini milyonların qarşısında nümayiş etdirməsi ləyaqətli davranışdır.

Əslində bir kişinin qadınına sahib çıxması bütün qadınlara dəstəkdir - cinsi təcavüzə məruz qalan, kişilər tərəfindən əzilən, təzyiqlərə məruz qalan bütün qadınlara dəstəkdir. Əgər bir qadının həqiqəti gün işığına çıxacaqsa, demək bütün toplum bundan yararlanacaq.

# 4095 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #