“Əsrin şeir sorğusu”nun ədəbiyyatımıza faydası

“Əsrin şeir sorğusu”nun ədəbiyyatımıza faydası
4 noyabr 2014
# 12:44

V.Belinski tənqidi yaradıcılığa “Beləliklə, bizdə ədəbiyyat yoxdur” qənaəti ilə başlamışdı və bu “mövcud olmayan” məfhum haqqında cildlərlə tənqidi əsər yazmışdı. İndi biz də bu “olmayan” barəsində “yoxdur” deyə-deyə danışırıq. Danışırıq ki, mövcudluğuna şübhəmiz olmasın.

Deyirlər, ədəbiyyatın qəbrini tənqidçilər qazıblar: antik dövrdən bu vaxta kimi ədəbiyyatda yeni heç nə baş vermədiyi, onun öz missiyasını sona yetirdiyi və ömrünü başa vurduğu haqqında yüksək fikirlər səsləndiriblər. Mən ədəbiyyatın mövcudluğunu inkar etməkdən çox uzağam, amma bəzi məsələlərə cavab almaq üçün mütləq sual qoymaq lazımdır. İndi özümüzə sual verək: bu gün ədəbiyyatımızda nə baş verir?

Kitab evləri açılır, bağlanır, müsabiqələr keçirilir, pis-yaxşı qaliblər seçilir, kitablar, jurnallar çap olunur, bəzən xaricdə hansısa müəllifin kitabı, yaxud almanaxlar işıq üzü görür, hamısı əkiz qardaş kimi bir-birinə oxşayan təqdimat mərasimləri, bəzi saytlarda roman müzakirələri baş tutur, yazarlar dostlarının kitabı çap olunanda, tənqidçilərin vaxtı və həvəsi olanda hansısa mətn haqqında nə isə yazır – kimisi dostuna tost yazır, kimisi düşməninə nədi, hətta öz həmkarına altdan-altdan quyu qazır, kimisi də başını aşağı salıb ətrafda olub-bitəndən xəbər tutmadan 40 il öncəki qayda ilə yazmağına davam edir... Amma heç birisi, necə deyərlər, olay yaratmır.

Bəzən saytları qınayırıq ki, “qarışqanı fil edib” süni şəkildə nəsə bir hadisə, qalmaqal yaradırlar. Məsələ burasındadır ki, onlar da çalışırlar bacardıqları qədər, lap qalmaqallar hesabına olsa belə, ədəbi sferada canlanmaya səbəb olsunlar. Ona görə ki, hansı səviyyədə baş tutmasından asılı olmayaraq, bütün bu müzakirələr ədəbiyyatın varlığından xəbər verir. Bununla belə, müzakirələrin bu və ya digər dərəcədə şəxsiləşdirilməsi, ədəbi polemikadan istifadə edərək kiməsə söz atmaq, kimisə təhqir etmək, tərifləmək ürəkaçıcı deyil. Hətta ədəbi qurumların rəqabəti belə, sağlam sütunlara söykənmir; çox vaxt şəxsi münasibətləri müəyyənləşdirməyə yönəlir, mövqe savaşına çevrilir.

Ədəbi müsabiqələr keçirilir, onların obyektivliyi də həmişə böyük bir sual işarəsi altına alınır. Yeri gəlmişkən, bu günlərdə ədəbiyyat üzrə Nobel mükafatı yenə gözlənilənin əksinə olaraq, məşhur yazıçılardan birinə deyil, imzasıyla oxucuya bir o qədər də tanış olmayan Patrik Modianoya təqdim edildi. Düzünü desəm, İsveç akademiyasının son illərdəki bu siyasəti şəxsən mənim ürəyimcədir. Çünki H.Murakami, U.Eko, M.Kundera kimi yazarlar elə nobelsiz də oxucuya yaxşı tanışdır; kifayət qədər oxunur və sevilir. Əvəzində isə bu mükafat T.Tranströmer, Mo Yan, E.Manro və builki laureat kimi az tanınan, yaxud heç tanış olmadığımız və bəlkə də, heç vaxt oxumayacağımız müəllifləri dünya oxucusuna qazandırır.

Bizdə də ədəbi müsabiqələr keçirilir. Münsiflər heyətində kimin oturmasının, qalibin kimliyinin fərqi yoxdur; nəticə həmişə narazılıqlara səbəb olur. Hətta miqyasından asılı olmayaraq, sorğuların nəticələri belə, mütləq narazılıqlarla qarşılanır.

Yeri gəlmişkən, bu yazıya da bu günlərdə saytdan sorğu üçün müraciət edilməsi səbəb oldu: XX əsr Azərbaycan poeziyasının ən yaxşı şeiri seçilir, respondentlərdən ən yaxşı hesab etdiyi 5 şeirin adı soruşulur. Təbii ki, ilk reaksiyam bu olur ki, belə bir seçim çox şərtidir. Saytın əməkdaşı “bilirik şərtidir”, - deyib təkid edir. O anda ağlıma gələn ilk 5 şeirin adını deyərək öz seçimimi edib nəticələri gözləyirəm.

Bu sorğuda iştirak edən hər kəs seçimin şərti olacağını bilir, sorğunu aparanlar da həmçinin. Amma anlaşılan budur ki, sayt mürgüləyən ədəbi mühitimizdə canlanma yaratmağa çalışır. Necə ki, bir müddət əvvəl ən qısa hekayə yarışması müəyyən zaman kəsiyi üçün sözün əsl mənasında aləmi bir-birinə vurdu; hətta hekayənin nə olduğundan xəbərdar olmayanlar belə, “qısa” sözündən həvəslənib bir-iki cümlə yazıb, onsuz da itirəcəkləri bir şey olmadığını düşünərək sayta göndərdilər.

O vaxt saytın bu təşəbbüsünü təqdir edənlər də oldu, narazılıq sərgiləyənlər də. Müsbət cəhət isə bu oldu ki, ədəbiyyatla az-çox ilgisi olan hər kəsin marağı bir nöqtəyə cəmləndi. Hər halda, hekayə müsabiqəsi insanların düşüncəsinə efirlərimizi bəzəyən dürlü-dürlü evlilik, toy-düyün, axtarış verilişlərindən pis təsir etmir. Odur ki, bizə bütün mənfi və müsbətlərini ölçüb-biçəndən sonra bu sorğuları, müsabiqələri təqdir etmək, bacardıqca dəstək olmaq qalır.

Başqa nə baş verir ədəbiyyatımızda? Düzünü desəm, Əkrəm Əylislinin “Daş yuxular”ından sonra ədəbiyyatımızda irimiqyaslı, yaddaqalan bir “hadisə” baş verdiyini xatırlamıram. Əkrəm müəllim bu romanı ilə sanki “sakit gölə daş atdı.” Ətrafında yaranan böyük qalmaqal sayəsində, yazarın kitablarını yandıracaq dərəcədə “qaçılmaz” addımların nəticəsində hətta ucqarlarda yaşayan azərbaycanlı da televiziyanı izləyərkən xəbər tutdu ki, sən demə, hazırda da ölkəmizdə ədəbiyyat var imiş. Axı kütlə düşüncəsinə görə, “indi yazan yoxdur”. Yeri gəlmişkən, “Daş yuxular”ın ətrafındakı hay-küy elə bu sonuncu fikri də təsdiqləmiş oldu.

Kütlə üçün yazanları bəyənmirik, özünü elitar mədəniyyətin daşıyıcısı, elitar ədəbiyyatın yaradıcısı hesab edən müəllifləri isə geniş auditoriyaya tanınmaq ehtirası tərk etmədiyindən çıxış yolunu publisistik yazılarla onları ələ almaqda görürlər. Həmin müəlliflərin adı gələndə iki əsərinin adını çəkə bilməyən oxucu məişət mövzularında yazılmış neçə-neçə məqaləsini xatırlaya bilər. Dolayısı ilə, belə müəlliflər yenə də kütlə psixologiyasına çalışırlar.

Onların adına “maarifləndirmə” dediyi, əslində, qəzet, jurnal səhifələrində, saytlarda deyinməkdən başqa bir şey deyil. Elə bu an mənim yazdıqlarım da “deyinmə janrı”ndadır. Zira dediklərimizi onsuz da hər kəs bilir, anlayır və bəlkə də, ürəyində “düz sözə nə deyəsən” deyə düşünür, ikicə dəqiqə sonra isə oxuduqlarını da unudur və beləcə, dəyirman öz işinə dönür.

Vaxtaşırı “bumlar” baş verir: bir az da süni narahatlıqla “şeir bumu”, “hekayə bumu”, “roman bumu” və s. barədə həyəcan təbili çalırıq. Görünən isə budur ki, mətnlərin keyfiyyətinin əvəzinə, qrafomanlıq artır. Təbii ki, bizdə istedadlı, intellektli müəlliflər də az deyil və onların əməyini qətiyyən inkar etmirəm. Məsələn, bir neçə il öncə Şərif Ağayarın “Haramı”sı ədəbi mühiti bir-birinə vurdu, son illərin ən yaxşı romanı kimi yadda qaldı. Bu cür mətnlər haqqında xeyli danışılsa da, daha çox ədəbi mühit çərçivəsində qalır, ədəbi hadisələr kütləviləşmir.

Bütün səbəblərin üzərinə isə bir də oxucu marağının azlığını əlavə etmək lazımdır. Bu günün oxucusunu kitab internet və televiziya qədər cəlb edə bilmir.

Bəzən isə müəlliflər dünya ədəbiyyatından öyrəndiklərini öz mətnlərinə tətbiq etməklə “yeniliyə” can atırlar və beləliklə, bəzi tətbiqlər zəif surətçıxarma səviyyəsində olur: yazar öz üslubunu tapa bilmir. Mətndən mətnə dəyişsə də, bu dəyişmə heç də hər zaman inkişaf təsiri bağışlamır. Yazmaq xatirinə yazılan mətnlər o qədər çoxdur ki, bir neçə pis nümunə bütünlükdə ədəbiyyatın mənzərəsi haqqında o qədər də gözəl olmayan təəssürat yaradır.

Mövzu bugünkü ədəbiyyatın durumudursa, ədəbi tənqiddən də yan keçməməliyik. Ədəbi tənqid prosesə nə yaxşı, nə pis mənada təsir edə bilməyəcək qədər fəaliyyətsiz kimi görünür. Çox olmasa da, tənqidi mətnlər yazılır, amma yazılanlar yenə də qənaətbəxş deyil. Üstəlik, dəfələrlə qeyd olunduğu kimi, tənqidçilik “nankor” peşə olduğundan burada obyektivlik amili rol oynamır.

Obyektiv olaraq, mətnini tənqid etdiklərin bu balaca ölkənin kiçik paytaxt şəhərində üz-üzə gələndə özünü görməzliyə vuracaq qədər kiçilir. Sözdə hər bir yazar tənqid gözləyir, “Bizdə tənqidçi yox, tərifçi var” deyə şikayətlənir. Lakin bu tənqid onun əsərinə şamil olunanda həmişə tərifləyib göyə qaldırdıqları tənqidçini bu dəfə min bir səbəb gətirib çamura batırırlar. Ədəbiyyatda bu qədər cılızlıqların olması isə ondan irəli gəlir ki, biz geniş düşünə bilmirik, hadisələri “geniş yumulmuş gözlərlə” izləyirik.

Əslində, bu gün ədəbiyyat üçün bu sahəyə aid olan hər kəs nəsə etməyə çalışır, edilənlər isə ədəbiyyatımızı rutinlikdən qoparmaq üçün azdır, lap az. Çıxış yolu isə budur ki, özümüzə tənqidi yanaşmaqdan çəkinməməli, üzərimizə böyük adlar götürməyə tələsməkdənsə, onları doğruldacaq işlər görməliyik: bu, hamımıza aiddir: mənə də, sənə də, ona da – bizim hamımıza...

# 1779 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #