Qızlar tualetində sevgilisini gözləyən şair

Qızlar tualetində sevgilisini gözləyən şair
17 iyul 2018
# 17:02

Ayxan Ayvaz

Ona “Şüvən” deyirdik. Bizim sinfə 11-ci sinifdə gəlmişdi. Çox darıxdırıcı, maraqsız uşaq idi. Hərdən də səsinin qalın yerinə salıb danışırdı.

Bir gün şeir yazdığını dedi mənə. Maraqlandım. Mənasız bir şeirini oxudu. Xeyli doladım onu. O da incidi, dedi, sən hardan bilirsən şeir nədi. Hələ ki Sovet şairlərinin təsirində idi və şeirləri də o intonasiyada baş aparırdı.

Biz onunla Gənc Ədiblər Məktəbinə getdik. Onda bizim “Şüvən”in gözləri açıldı, ədəbiyyatı daha yaxından hiss elədi. Maraqlı şeirlər də yazdı. Orxan Zaman imzasıyla...

Universitet illərində də mütəmadi şeirlər yazır, hər axşam mənə zəng eləyib oxuyurdu. Çox həvəsliydi. Elə bilirdi ki, bu şeirlər onu dünyaya çıxaracaq.

Qız sevdi. Özü də şair kimi sevdi. Dəlicəsinə. Tələbə dostları mənə demişdi ki, bir dəfə qızı tualetin ağzında gözləyirmiş. Qızlar tualetində. Hamı ona dəli kimi baxırmış. Sevdiyi qız çıxanda onu görüb, şok keçirib. Deyib, sən nə axmaq adamsan, nə gəzirsən burda. Orxan da qayıdıb ki, səni gözləyirdim.

Başqa bir əhvalat: qızın məhəlləsinin qabağında gözləyirmiş. Görüb ki, qız atasının maşınına mindi. Elə bilib ki, o qız bir daha qayıtmayacaq. Maşının arxasınca yüyürüb. Çata bilməyib. Qız sən demə bunu görübmüş. Mesaj gəlib ondan: “Diş həkiminə gedirik. Nə olub sənə? Hara qaçırsan? Dəli olmusan?”

Orxanın sevgisi bu cür ironik və anlaşılmaz idi. O, mənə bəzən Kafkanı xatırladır. Kafka kimi sığortada, istəmədiyi yerdə işləyib. Atasının təkidi ilə. Və həyatının hər yerində atasının ağır əllərini hiss eləyib. Tale kimi endirib əllərini oğlunun çiyninə. Orxan bu ağır əlləri çiynində daşımaqdan çox yorulub. İnsanlara, həyata baxışı dəyişib. Getdikcə təkliyə çəkilib. Əsgərlikdən sonra şeir yazmağın daşını atıb. Onun şeir yazmaq xoşbəxtliyini atası əlindən alırmış. Deyirmiş, şairlik boş şeydi, yazıb nə edəcəksən. Amma atası bilmir ki, Orxan bircə yazanda xoşbəxt olur.

Sevgisi də alınmayıb, işi də, üstəlik kredit borcları da bir yandan. Həyatındakı adamlar bir-bir onun sahilindən uzaqlaşıb. Tənha qalıb Orxan.

İndi Füzulidə aktyorluq edir. Roldan-rola girir. Amma o, öz şair rolunu oynamaq istəyir. Kitablar oxuyur, filmə baxır, öz yaratdığı dünyanın içində darıxır, darıxır... Tək təsəllisi ədəbiyyatdı. Yeganə sığınacağı yer.

Orxan Zaman idi əvvəl, sonra həyat ona “Zaman”ı atdırdı. Əlibəyov gəldi Orxanın yanına. Babası Cəmil Əlibəyovu yəqin ki, tanıyırsınız. Sovet vaxtının məşhur yazıçılarından. Orxan babasının soyadı ilə tanınmaq istədi. Babası da ona ürək-dirək vermişdi, şeirlərinə baxıb qürrələnmişdi. Qohum-əqrəba içində yeganə onu anlayan babası olmuşdu. O da ki öləndən sonra Orxan təzədən tək qaldı. Həm özü, həm də imzası.

Sonra düşündü ki, adının əvvəlinə “Sonuncu” qoysun. Bu dünyada çox Orxanlar olub, o da olsun sonuncu. Və bu imzayla yazmağa başladı. Təzədən dünyaya gəldi.

Orxan Zaman, Orxan Əlibəyov, Sonuncu Orxan. Orxan üç ömür yaşayıb deyə bilərik. Və bu üç Orxan tanınmadı. Bunda bir az özünün, bir az zamanın, bir az da ailəsinin, yaşadıqlarının təsiri var.

Mən inanıram ki, Orxan ədəbiyyatdan bərk-bərk yapışsa, onu həyatının vazkeçilməz parçasına çevirsə, xoşbəxt olacaq. Bütün yaşadıqlarına yazı kimi baxa bilsə, onları yazıya çevirə bilsə... O zaman həqiqətən XOŞBƏXT olacaq.

Yeganə xilas ədəbiyyatdı...

# 2116 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #