Artur Rembonu vuran tapança auksionda

Artur Rembonu vuran tapança auksionda
18 may 2018
# 13:15

Kulis.az Murad Köhnəqalanın “Verlen-Rembo dramının məşhur tapançası” yazısını təqdim edir.

Yadımdadı, tələbə vaxtı bizə xarici ədəbiyyatdan dərs deyən müəllimlərin ən maraqlılarından biri də Parisdə Sorbonno Universitetinin məzunu olmuş məşhur Karabutenko İvan İvanoviç idi.

Karabutenko uca boylu, uzun saçlı, saqqallı, xarizmatik bir adam idi. Bir qayda olaraq, çiynində hər yanı sürtülmüş dəri çanta gəzdirirdi. Paris yadigarı olan həmin çanta nə qədər köhnəlsə də müəllim onu atmaq fikrindən uzaq idi. Bütün Moskva onun bu sirli çantasını tanıyırdı. Auditoriyaya girən kimi çantasının ağzını açıb əsgər flakonuna bənzər dəmir qabı stolun üstünə qoyar, bizə yeni dərslərini danışdıqca götürüb hərdən qurtum-qurtum içərdi. Biz artıq çoxdan bilirdik ki, qabın içindəki konyakdı. Çünki onun dərs danışan zaman arabir konyak qurtumlaması Moskva ədəbi mühitində populyar jest idi.

İvan İvanoviç onda çox da yaşlı deyildi, bizdən uzağı on yaş böyük olardı. Sevimli müəllimimi hardan xatırladım, bilirsinizmi? Bu yaxınlarda bir rus saytında oxudum ki, məşhur fransız şairi Pol Verlenin sevgilisi Artur Rembonu güllələdiyi “Lefaucheux” markalı tapança auksionda 434 min avroya (460 min dollara) satılıb. Məşhur tapançanı almaq istəyənlərin sayı çox olduğundan auksion qiyməti yeddi dəfə qaldırmalı olub. Tapança Fransanın mədəniyyət tarixində ən maraqlı əşyalardan sayılır. Çünki bu silahla Verlen 19 yaşlı sevgilisi Rembonu 10 iyul 1873-cü ildə Brüssel otellərinin birində qısqanclıq zəminində atəş açaraq biləyindən yaralayıbmış. Artur onun bu hərəkətindən şikayətçi olmasa da məhkəmə Verleni iki il azadlıqdan məhrum edir.

1875-ci ildə azadlığa çıxan Verlen nə qədər cəhd eləsə də Rembonu geri, yanına qaytara bilmir.

Adətən, Karabutenko öz mühazirələrinə başlayarkən bizə deyirdi, Artur Rembonun, Viktor Hüqonun, yaxud Şarl Bodlerin yaradıcılığı haqda institutun tədris kitablarından oxuyub məlumatlana bilərsiniz, ancaq mən sizə bu insanların pərdə arxası həyatından danışacam. Və beləcə, öz konyakından qurtumlaya-qurtumlaya hər dəfə məxməri bas səsi ilə Paris yazarlarının qeyri-adi həyat tərzindən danışıb bizi heyrətləndirməmiş auditoriyanı tərk etməzdi.

Artur Rembo 1854-cü ildə Fransanın şimal-şərqində yerləşən kənddə hərbçi ailəsində dünyaya gəlib. Ümumiyyətlə, ardıcıl inqilablar yaşayan XIX əsr Fransası kataklizmlər dənizinə bənzəyir. Ölkə imperiyadan respublikaya, respublikadan yenidən imperiyaya, sonra yenə respublikaya çevrilir. Təbii ki, bu dəyişikliklər yaradıcı insanın həyatında iz buraxmadan ötüşməzdi.

6 yaşında atasını itirən Artur Rembo 13 yaşlarından şeir yazmağa başlayıb. Rembo 15 yaşındaykən yazdıqlarını ölkənin ən məşhur yazarlarına, eləcə də şahzadəyə göndərir. Şeirlər xoşuna gəldiyinə görə şahzadə onu xüsusi mükafatla təltif edir. Beləcə, getdikcə məşhurlaşan, xaraktercə ipə-sapa yatmayan gənc şair yazdıqlarını o zaman Fransanın məşhur şairi kimi tanınan Pol Verlenə də yollayır. Verlen fransız poeziyasında yeni nəfəs açan Rembonun şeirlərini çox bəyəndiyini yazır və həmin məktubla da onu Parisə dəvət edir.

Rembo Parisə gələndə 17 yaşı vardı. Gənc şairdən 10 yaş böyük olan məşhur Verlen bu yaraşıqlı oğlana vurulur və onlar 1871-ci ildən 1873-cü ilə qədər homoseksual sevgili qismində yaşayırlar. Ədəbi düşüncələrini çılğınca bölüşür, çox içərkən insanda hallusinasiya yaradan, tərkibində 70 dərəcə spirt və müxtəlif ziyanlı maddələr olan abset məhlulundan içdikdən sonra tez-tez mübahisə edərək dalaşırlar. Bütün Fransa ədəbi mühiti onların bu qeyri-adi sevgisindən danışır.

Məzə harasındadı, bilirsinizmi? Rembo Parisə gələrkən ailəli olan Verlen onu öz evində yaşamağa dəvət edir. Mənzil Verlenin həyat yoldaşına məxsus olsa da Rembo onunla heç cür yola getmir. Rembo qadını kütbeyin, qadın isə Rembonu tərbiyəsiz, pinti adlandırır. Beləcə, bir gün qadın Rembonu evdən qovası olur. Bu zaman Verlen də Remboya qoşulub, hamilə vəziyyətdə olan həyat yoldaşından ayrılır.

Sonra bu qeyri-adi cütlük arasında davalar, bıçaq oyunları, ayrılmalar, göz yaşları içərisində yazılan məktublar, təzədən barışmalar, abset butulkaları, narkotik maddələr fırlanır.

Artur Rembo 20 yaşında konkret olaraq şeir yazmağı atır və yeni macəralar axtarışında coğrafi araşdırmalar yazmaq fikrinə düşür. Bu arzu onu Afrika ölkələrinə qədər dartıb aparır. Sonralar çürümə getdiyinə görə onun ayağının birini kəsirlər. Uzun müddət yataq xəstəsinə çevrilən Rembo 37 yaşında xərçəngdən dünyasını dəyişir. Onun 18-20 yaş arasında yazdığı şeirlər dünya ədəbiyyatının şedevrlərindən sayılır. Artur Rembo-Pol Verlen münasibəti və XIX əsr Paris ədəbi mühiti haqda bir neçə bədii film çəkilib.

1985-ci ildə Parisin mərkəzində görkəmli şair Artur Remboya heykəl ucaldılıb. Heykəlin açılışında Fransa prezidenti Fransua Mitteran tarixin ən qalmaqallı şairinə sevgi və ehtiramını ifadə eləyən nitq söyləyib.

1896-cı ildə ağ ciyər sətəlcəmindən ölən Pol Verlen isə cəmi 52 il ömür sürür.

Bayaq internetdə baxdım və sevindim ki, sevimli müəllimim Karabutenko sağ-salamatdır…

# 2239 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #