Azərbaycan Dostoyevskidən yüz qat maraqlıdır

Azərbaycan Dostoyevskidən yüz qat maraqlıdır
6 sentyabr 2016
# 14:15

Həyat, yoxsa ədəbiyyat (sənət)? Azərbaycanda bu qarşıdurmada hansının öndə olması ilə bağlı dostlarla bəzən uzun, qızğın müzakirələrimiz olur.

Mənim üçün sualın konkret, birmənalı cavabı yoxdur.

Çünki ölkəmizdə az qala hər gün hər janrda, hər estetikada maraqlı, qəribə, məsələn, bir qərb yazıçısının, rejissorunun ağlına gəlməyən hadisələr baş verir.

Bu hadisələr həm fakt kimi, həm baş vermə formasına, ilkin görüntüsünə görə ədəbiyyat üçün gözlənilməzdir.

Eyni zamanda ədəbiyyata, sənətə zəngin material verir, sonsuz, fərqli yozumlara, baxış bucaqlarına yol açır. Başqa məsələdir ki, milli ədəbiyyat və digər sənət növləri cəmiyyətdə baş verənlərdən necə yararlana bilir? Və ümumiyyətlə yararlana billirmi? Bu mənada Azərbaycanda doğrudan da ədəbiyyat, sənət həyata, faktlara uduzur və gerçəkliyin fonunda monoton, cansızdır.

Məqalələrimdən birində yazmışdım ki, bizdə sıravi insanların törətdiyi cinayətlər yalnız faktoloji olay olaraq qalmır, hadisə mahiyyətinə görə bədii mətnlərə adekvatdır. Tutaq ki, arvadını yuxuya görə qətlə yetirən kişi reallıqla yuxu arasında sərhədi itirir. Devid Linçin filmlərində, məsələn, “İtmiş şosse” filmində bu cür olaylara rast gələ bilərsiz.

Yəni baş verənlər bu mənada ədəbiyyatı ötür.

Bayaq yazdım ki, həyat-ədəbiyyat (sənət) qarşıdurmasında hansının öndə olması ilə bağlı dəqiq fikir demək çətindir. Hərçənd, materialı işləyə-işləyə ağlıma gəlir ki, məsələyə yəqin iki yanaşma eləmək olar.

Bir neçə ay əvvəl gündəmdən düşməyən, həkimin xəstənin ayağını səhvən kəsməsi faktını xatırlayaq. Səhv üzündən qadın vəfat elədi, yaxınları mənəvi, psixioloji ziyan çəkdi, həkim işdən qovuldu. İctimaiyyət təbii olaraq hadisəyə zərərçəkənin tərəfindən baxdı, dəstəklədi, həkimi sorğuladı, ittiham elədi, qadının faciəsini öz faciəsi kimi yaşadı. Və biz həmin həkim haqda onun qısa, özünə bəraət qazandıran, düşünülmüş açıqlamasından başqa əlavə nəsə bilmədik.

Ədəbiyyat məhz bu məqamlarda önə keçir-lənətlənən, virtual olaraq linçlənən həkimin gerçək yaşantısı, reaksiyası, əməliyyat ərəfəsində, ümumiyyətlə psixoloji durumunun təsviri və müəllifin buna baxışı. Bizim kimi monoton, alternativ düşüncələrə açıq olmayan cəmiyyətlərdə günahkar tərəf birmənalı ittiham olunur, qarşı-günahkar tərəfi dinləmək, onu səhvini hansı vəziyyətdə eləməsi, köklü səbəblər ya yada düşmür, ya da arxa planda olur. Həkimə haqq qazandırmaq istəmirəm. Sadəcə təklif edirəm ki, başqa tərəflərdən baxmaqda fayda var.

Yazdığımı əsaslandırmaq üçün klassik ədəbiyyatdan örnək verim: Dostoyevskinin “Cinayət və cəza”sını sadəcə informasiya kimi oxumağa, Azərbaycan şərtlərinə uyğunlaşdırmağa cəhd edək: “Xudat şəhəri Z. Tağıyev küçəsində yaşayan 1986-cı ilə təvəllüdlü Cəfərov Rafiq 1932-ci il təvəllüdlü Əliyeva Güllünün boğazını kəsərək qətlə yetirib. Hadisəni törədən Cəfərov Rafiq Xudat şəhər Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Qətlin qarət məqsədilə edildiyi güman edilir”.

İnformasiyaya verdiyimiz reaksiya təbii ki, Rafiqi ittiham eləmək olacaq. Yazıçı isə fakta cəmiyyətin görə bilmədiyi, ağlına gətirmədiyi tərəfdən baxacaq. Hadisənin başqa tərəfdən dərki - ədəbiyyatın, sənətin üstünlüyü də məhz burdadır.

Hərçənd, başqa cür də olur. Bayaq dediyim ikinci yanaşmanı nəzərdə tuturam. Bir neçə gün öncə sosial şəbəkədə belə mətnlə rastlaşdım.

Xeyirxah insanlar əlillər evlərindən birində qurban kəsib aparbılar: ”Maşınla həyətə girən kimi 3-cü 4-cü mərtəbələrdən bazburutlu qadınlar balkona çıxıb operativ şəkildə ucuna qarmaq bağlanmış kəndirlərini salladılar aşağı ki "bizim payımızı keçirt qarmağa, özümüz qaldırarıq yuxarı". Fikirləşdim ki, yəqin şikəstlik bunların balkonda görsənməyən hissələrindədi. Ətin yarısını bu 3-cü 4-cü mərtəbələrdən sallanmış kəndirlərə keçirəndən sonra bilmişik ki, sən demə əlillər 1-ci və 2-ci mərtəbələrdə imiş. Yuxarıda isə sonradan məskunlaşmış ailələr qalırmış. Yazıq əlillər xəbər tutub sürünə-sürünə balkona çıxana kimi bizi aldadıb ətin yarısını üst mərtəbələrdəki öküz kimi sağlam arvadlar almışdı artıq”.

Bu vəziyyətin bədii traktovkaya ehtiyacı yoxdu, ən azı vizual olaraq hazır materialdır. Heç bir bədii redaktə eləmədən səhnəni mətnə ya filmə salmaq olar.

Və əminliklə demək olar ki, burda həyat daha yaradıcıdır və milli ədəbiyyatın, sənətin gerçəkliyə məğlub olduğu çox məqamlardan biridir.

# 1547 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #