Adı 525...

Adı 525...
17 noyabr 2014
# 14:57

...Tutalım, adam özünə bir köynək yaxın saydığı birinin doğum gününə necə sevinirsə,... hə, mən də eynən.

Vallah, hə...

“525-ci qəzet”in 22 yaşı olur. Yəqin bilirəm: hələ illər sonra qoşa 5, sonra 7, sonra qoşa 9 gələcək... Sonra biz olmayanda o evi ocaq, qapısı açıq qocanın böyür-başında yenə cavanlar qaynaşacaq, yenə nə isə öyrənəcək, həyəcanla girib, sevinclə çıxacaqlar.

Bu illər görmüş qoca ədasına, əli hər şeydən üzülüb xatirələrdən təskinlik tapan nostalji dolu tövrə fikir verməyin, üstündən vur-tut altı-yeddi il keçib. Yeddi əvvəl bizə - o təzə-təzə cümlə quran uşaqlara qapılarını taybatay açan ilk qəzet "525" olub.

Metro vaqonunda “Nəriman Nərimanov stansiyası” deyildimi, mənim içimi qəribə həyəcan bürüyüb. Ki, görəsən, şənbə sayına göndərdiyim o yazı haqqında nə deyəcəklər?! Hələ bunun, deyək, bir noyabr şənbəsində yuxulu-yuxulu köşkə cummağı var, öz yazını axtarmağın, “görəsən, hansı cümləmi düzəldiblər” nigaranlığı var...

Hələ bunun sonrası da var: şəhərdə üzünə gülümsəyib salam verən adama görə “yəqin yazımı qəzetdə oxuyub, bəyənib” kimi yüz fikrə düşmək var, yazını universitetdə bir müəlliminə göstərib “525”in hesabına qiymət almaq var...

Hələ bunun sonralar ee, lap sonralar yol polisinə üstündə “525-ci qəzet” yazılan vəsiqəni göstərib “yaxşı yol” eşitməyini demirəm...

* * *

Tələbəyəm, gəlmişəm redaksiyaya. Deyirəm, salam, xanım, Rəşad müəllimlə görüşmək istəyirəm. Xanımın başı bərk qarışıqdır, cavab verir ki, Yazıçılar Birliyindədir. Gözləyirəm, gəlir, utana-utana otağına keçirəm. Ki, ikinci kursda oxuyuram, qəzetə iş üçün gəlmişəm. Universitetdə azmış kimi burda da Rəşad Məcidin sual-cavabı: kimsən, nə oxumusan, necə oxuyursan, nə yazırsan?! Məni sonralar abi çağırdığım adamın yanına göndərir – Yusif Rzayevin. Abinin sorğu-sualı lap dözülməz. Deyirəm, müəllim, vallah, hekayə yazıram, bir iki şeir qaralamışam, mənə içi dolu qovluq göstərəsən ki:

- Burda bilirsən nə qədər hekayə var?! Hələ şeiri demirəm. Bizə sosial mövzulardan yazan qoçaq bir oğlan lazımdır. Bacararsan?!

Candərdi deyirəm, bacararam, müəllim, bacararam!

Tələbə Qəbulu Komissiyası ilə bağlı nəsə bir mövzu tapşırır. Ki, yaz gətir, görək bir şey alınır?! Heç nə alınmır, yaza bilmirəm. Elə o gedən gedirəm, ey...

* * *

Sonra bizim “Gənc ədiblər” dövrümüz başlandı. “Gənc ədiblər”ə gəldiyim birinci tədbirdən reportaj yazıram, bu dəfə Rəşad Məcid özü məni axtarır: “Sən hər həftə bizə yaz!”

O “bizə yaz”ın dalınca hər şənbə səhəri köşə tələsmək, Seyfəddin Hüseynlidən adam içinə çıxarmaq üçün səliqəli-sahmanlı cümlə yazmağı öyrənmək, imzamın tanınmağı, püxtələşmək gəlir...

* * *

Oxudum ki, qəzetin redaksiyası dəyişilib. Üstündən xeyli keçdi, Tərcümə Mərkəzinin yanından keçirdim. Avtobusdan düşüb o qəddi qoca binaya yaxınlaşanda yadıma düşür ki, nə zaman o zamandır, nə məkan o məkan.

Və kürəyinin ardında bir uçurum həyəcanı ilə növbəti avtobusa atılıb minməyin qəribə duyğusu...

* * *

Yaşın mübarək, doğma qəzet!

# 1414 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #