“Sovetski”də yaşayan ikiarvadlı kişilər

“Sovetski”də yaşayan ikiarvadlı kişilər
28 mart 2018
# 11:28

Günel Natiq

Zaman-zaman çoxarvadlılıq məsələsi gündəmə gəlir. Kimi bu fikri dəstəkləyir, kimi qəti etiraz edir. Əlbəttə ki, hər kəs öz baxış bucağından baxır situasiyaya. Yəni kimə necə sərf edir.

Ya da belə bir qəribə fikir deyirlər: “Əgər ikisini də saxlaya bilərsə, saxlasın”. Yəni belə çıxır, kişi və qadın arasında olan münasibətlərin heç bir ruhi bağlılığı yoxdur, bütün duyğular boş və mənasızdır, ailə ancaq pul-para, dolanışıq deməkdir...

Nə zaman “ailə” deyilən məfhum öz mənasını itirdi? Maddi bir nəsnəyə çevrildi? Halbuki, “ailə” ən əvvəl sevgi demək idi mənə görə.

Bir tanışımız var. Xeyli vaxtdır evlənib. 14 yaşlı bir gözəl qızı var. Vaxtilə bu kiçik ailənin öz dünyası vardı. Bir yerdə gəzintiyə çıxırdılar, alış-verişə gedirdilər, birlikdə film seyr edirdilər. Qadın ərini sevirdi, fürsət tapan kimi əllərini onun əllərinin içində gizləyir, gözlərinin içinə baxırdı.

Bu yaxınlarda eşitdik ki, kişini bir qadın “tovlayıb”. Elə belə də dedilər- “tovlayıb”. Məlum məsələdir ki, kişi evdən gedəndə adətən bunun günahını qadınlarda axtarırlar. Bu situasiyada da hər iki qadın “günahkardır.” Həm kişinin qoyub getdiyi, həm də yeni evləndiyi. İki “günahkar” qadın və bir “günahsız” kişi; hazırda belə bir ailə üçbucağı yaranıb. Arvadlardan heç biri bu kişidən əl çəkmək fikrində deyillər. Onu çətinliklə də olsa aralarında bölüşürlər. Hər halda kənardan belə görünür. Kim bilir, bu qadınların içində hansı təlatümlər baş verir.

Düzü, əvvəl elə bildik ki, tərk edilən qadın bu vəziyyətlə barışmayıb boşanacaq. Ancaq qadın ərinin bir vaxtlar onun üçün elədiklərini “qiymətləndirib” belə bir nəticə çıxardı ki, bu adamdan vaz keçə bilməz. Və sakitcə evində oturub ərinin yolunu gözləməyə başladı.

Kişi isə bir neçə ay evinin həndəvərində dolaşmadı, sonra arvadının fədakarlığı nəhayət ki, ürəyinin sarı siminə toxundu, kövrəlib bir neçə saatlıq evinə baş çəkdi. Arvad üçün ərinin bu gəlişi toy-bayrama bərabər idi.

Bəs oğlanın anası bu vəziyyətə nə deyirdi? Oğlanın anası deyirdi ki, oğlumu tovlayıblar. Hətta bir dəfə “yazıq oğlum”,- deyib ağladı da. Ürəyiyumşaq olduğumdan kövrəldim, gözlərim yaşardı. Sonra özümü ələ alıb düşündüm ki, bəs mən nəyə ağlayıram? İkiarvadlı kişinin halınamı? Bunu düşünəndə bir dəli gülmək tutdu məni.

Bir dəfə tərk edilən gəlini müdafiə etmək istədim. Dedim, “yazıq gəlin”. Tez etiraz etdilər ki, yazıq niyə olur? Odey o gün əri onu gəzməyə aparıb. İmkan tapanda evinə gəlir, şey-şüy alır.

Vaxtı olan itini gəzintiyə çıxan qonşumuzu xatırladım.

“Yazıq gəlin” ifadəsini əslində tərk edildiyinə görə demədim. Hər bir qadın tərk edilə bilər, heç kim ayrılıqdan sığortalanmayıb. Ona görə yazıqdır ki, öz durumunu dərk etmir, öz ayaqları üstündə dura bilmir, evin bir küncündə oturub gözləyir ki, yeni ailəsində iki uşaq böyüdən “əri” nə vaxt onu da yada salıb diqqətindən pay ayıracaq.

Keçən dəfə kişinin bacısı yanındakılara eşitdirmək üçün şəstlə monoloq deyirdi. İstər-istəməz qulaq müsafiri oldum. Qadın ikiarvadlı qardaşını tərifləyirdi. Xüsusilə iki arvada necə “baxdığını” fəxrlə vurğulayırdı:

“Odey o gün hər ikisinə bahalı telefon alıb. Birinciyə də, ikinciyə də. Hər ikisinə şuba alıb. Hər ikisinə ha! Buna nə alır, ona da alır. Hər ikisinə eyni gözlə baxır!”

Təmiz hava almaq üçün balkona çıxdım. Belə bayağı söhbətlər köhnə xörək kimi ürəyimi vurur.

Ana nənəmgil Bakının keçmiş Sovetski küçəsində yaşayırdılar. Nənəm deyirdi ki, kişilərin bəziləri ikiarvadlı idi. Bu, şəriətə uyğun idi və adamlar bunu normal qəbul edirdilər. Yəni ikiarvadlı kişinin durumundan normal heç nə ola bilməzdi.

Kiçik daxmaya bənzər evlər bir otaqdan ibarət olurdu. Kişi özünün iki arvadı və uşaqları ilə elə bir otaqda yıxılıb yatırdı. Arvadlar da bir-biriylə çox yaxşı yola gedirdilər. Günü yox, bacı kimi olurdular. Yəni belə qəbul olunmuşdu.

Düzdü, məşhur mahnıda deyilir ki, yarıma demişəm mənə saz alsın, demədim ki, yar alsın.

İndi kimin nəyə gücü çatır...

İkiarvadlı kişiləri görəndə nənəmin dedikləri yadıma düşür. Bu düşüncə tərzi ki bizdə var, 100 ildən sonra da kişilər arvadlarına “saz” yox, yar alacaq “qulaq yoldaşlığı” üçün. Əminəm ki, gün-gündən ikiarvadlı kişilərin sayı artıb çoxalacaq. Hər şey son nəhayətdə maddi vəziyyətə bağlanır. Duyğular vaxtı keçmiş məhsullar kimi sıradan çıxır. Biz isə arxasınca baxmağa belə macal tapmırıq...

Təəssüf...

# 2142 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #