Bağışla məni, ata

Bağışla məni, ata
16 fevral 2018
# 11:40

Kulis.az Fəridə Uğurun “Biləcəridən dünyaya boylanmaq əzabı...” essesini təqdim edir.

Zaman ötüb keçmir – ötüb keçən insanlardır.

Zaman tunelinin içiylə, ya da zaman çevrəsinin halqası boyu sırayla, ar-arda, bir-birimizin iziylə addımlayırıq sadəcə. O itmir, o getmir, o keçmir, dayanıb ağuşuna alır bizi, gəzdirir, göstərir, yaşadır, öldürür...

Bizdən min il öncə burdan keçmişlərin ilk ləpirlərinə düşür bəlkə də elə məzarımız. Bəlkə elə buna görə tanışdır hər şey bu qədər? Buna görə köhnədir, yaşanmışdır, geyilmişdir, deyilmişdir... nə sevgimiz ilk deyil, nə əsəbimiz, nə sevincimiz, nə də ağrılarımız necə olsa.

Məni ən çox ilk dəfə suyu içən, ilk dəfə ağlayan, ilk dəfə ağrıyan, ilk dəfə “sevirəm” deyən insan haqda düşünmək yorur.

***

Mal damımızın, köhnə talvarımızın dirəklərində qaranquş yuvaları olurdu həmişə. Yaz gələn kimi gəlib doluşurdular yuvalara. Elə bir-iki həftəyə də yuvadan yavru səsləri eşidilirdi. Hərdənbir görürdün ki, bir bala düşüb yuvadan yerə. Elə cikkildəyir, elə fəryad qoparırdı ki. Kim görsə o saat götürüb yuvaya qaytarırdı. Mən onları görəndə əziyyət çəkirdim həmişə. Bilmirdim neyləyim. Bəlkə də yuvadan uzaqlaşmaq istədiyi üçün atıb özünü yerə, bəlkə də təsadüfən, səhvən düşməyib, istəyib deyə burdadır deyə...

Bildiyin, ya da bilmədiyin yox, anlamağa çalışdığın şeylər incidir ən çox.

***

Bağışla məni, ata.

Özümü yuvadan başı üstə aşağı atdığım üçün bağışla. Ağrımağa, inciməyə, əzab çəkməyə razı olduğum, hazır olduğum üçün bağışla. İstəmədiyim şeylər üçün yox, istədiyim şeylər üçün bağışla. Qorxmadığım üçün... (Bilirsən, əslində mən də qorxuram hərdən. Qorxuram ki, o filmdə dedikləri kimi “Xəyallarımdakı qədər mavi olmaya da bilər Pasifik”)

***

Şərq qadının ən yaxşı bacardığı şey (bəlkə də yeganə bacarığı) fədakarlıqdır. Ən pisi budur ki, bəzən bunu məcbur olmadan, sırf istədiyi üçün də edir. İlahi, necə də təkrardır hər şey – nənəmin yarıda qoyduqlarını anam... anamdan qalan ömrü mən... məndən sonra da...

Bu yaşlı və paslı zəncirin bir halqası olmaq?

Bağışla, öz yerimi boş qoyduğum üçün bağışla.

Görmək, tanımaq, eşitmək, oxumaq, yazmaq, bilmək, anlamaq, tanımaq istədiklərim üçün bağışla.

Biləcəridən dünyaya boylanmaq ağrılı işdir, ata !

# 2873 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #