“Ölmədim, abla!” deməsini istədiyim adam

“Ölmədim, abla!” deməsini istədiyim adam
18 yanvar 2016
# 16:18

Çox arıq idi. Saçlarını ortadan tağ ayırıb hörmüşdü. Ucuna xırda rezin vurmuşdu. Bir az özbək qızlarına bənzəyirdi. Gözləri kədərli idi. Təkcə zərif yox, həm də fiziki zəif idi. Canında bərk ağrı olması üz cizgilərindən duyulurdu. Tez-tez dəridən nəfəs alır, ah çəkirdi. Əlini sağ böyrünə bərk sıxırdı. Əlinin üstünə qan köçürülməsi üçün xırda bir kəpənək taxılıb ağızı qapadılmışdı. Hərdən bir də bərk öskürürdü.

Yanımda oturan xəstə, cavan bir qadını deyirəm. Hətta ona baxıb düşündüm ki, görəsən xəstə, ağrıyan adamı başqa bir şəhərə tək yola salmağa necə ürəkləri gəlib yaxınlarının?...

Təyyarənin kapitanı qarışıq səslə salamlaşdı, sözünü dedi və sağollaşdı. Kəmərləri bağladıq. Sağına soluna baxdı, gözləri böyüdü bir az da. Anladım ki, qorxur. “İstəsəniz əlimi tutun” dedim.

Heç nə demədən arıq barmaqları ilə əlimi bərk-bərk sıxdı. Dalbadal “Allahımmm...Allahımmm” deyib gözlərini qapadı. Təyyarə havaya qalxıb, hərəkət istiqamətini tarazladı, amma tanımadığım bu qadın əlimi buraxmaq niyyətində deyildi deyəsən.

Bizi İstanbuldan Trabzona aparan təyyarədə gözlərini açmadan, əlimi buraxmadan söhbətə başladı:

- Bən Tube abla. Senin adın nə?

Adımı söylədim. Danışmağa davam elədi. Və dediklərindən bir az da utandım düzü. Deməli çox büruzə vermişəm narahatlığımı.

- Korkma abla, hastalımm infeksion deyil. Bövrek hastasıyım. On gün sonra ya yeni bövrek bulunmalı, ya da dialize koşulmalıyır. Kısa bir sürede orda da çare bulunmasaaaa.. Yani donorüm olmasa yaşamaq şansım hiç yok, çok az da diye bilirim....

Son dediyinə gülümsədi özü də. Ölümə bu qədər anlayış göstərmək qəribə gəldi mənə. Amma o eyni gülər üzlə davam elədi:

- Məncə şansım az. O üzden rahatım. Amma yapmaq istediyim bir kaç şey var onları etmem lazım. Trabzona gedip arkadaşlarla saollaşmak bu işlerden biri. Sonra bir kaç gün de İstanbulda kızımla olmaya kararlıyım. Beni iyi hatırlasın kızım... Bir kaç gün insan kibi yaşamayı ikimiz de haqq etmişiz. Ben de kızım da. Ben heç insan kibi yaşamadım, abla. Annam kürd kızı, babam yunan esilli. Zor bir evlilikləri vardı. Ötən sənə babamı qaybetdik. Annemin psikolojisi heç iyi deyil o zamandan. Bana lazım olan diet yemeklerini hazırlamakda yardımçı olamıyor. Doktorların yazdığı heç bir şeyi edemiyorum evində. Son kes anne bana bir az yardımçı ol deməmə nə cevap verdi söyləyimmi? Bana dedi ki, düzənini bana göre pozamazmış...

Bozmasın bu beni ilgilendirmez. Beni ne ilgilendirir bilirmisin? 14 yaşında bir kızım var benim. Ben ölücem de o noolucak?!..

Səsi titrədi bir az. O qədər uzun olmayan yolçuluqda bir insan taleyini mənə danışırdı. Tanımadığı, kimliyini bilmədiyi birinə mən. Niyə? Yəqin danışmağa adamı yox idi.

“Bəs eşin?” deyə soruşdum.

- 15 yaşımda evlendim. Önce her şey iyi idi. Sonra bu hastalıq... Ve eşim beni terk etdi. Kızım, annem ve ben kaldık...

Əlimi hələ buraxmamışdı. Yenə də kapitanın qarışıq xışıltılı səsini eşitdik. Təyyarə enişə hazırlaşırdı. Söhbətinə üzünə, ümidsiz simasına diqqət kəsməyin qırx dəqiqədir bu cəng qadının əlimi buraxmadığını unutdurmuşdu mənə. Bir də əlim daha bərk sıxanda anladım bunu. Enişdən sonra əşyalarımızı götürdük. Tubə də xeyli rahatladı. Əlimi buraxıb boynumu qucaqladı.

- Sağ ol abla, elin çok sıcakdı. Bana iyi geldi dinlemen. Uçaqdan çok korkarım. O üzden 40 dakkadır səni bir yana bırakmadım. Heç bir şey de yemedin (təyyarədə təklif olunan yeməklər onun dietdə yeyə biləcəyi yeməklərdən olmadığı üçün mən də imtina eləmişdim nahardan. Həm də o qədər uzun yolçuluq deyildi, dözmək olardı-J.M) benim üzümden. Hakkını helal et.

Bir az kövrəldim düzü, “halal olsun” deyib sağollaşdıq. Əlimi aramızdakı məsafə böyüyənə qədər buraxmadı.

Telefonuna zəng gəldi, qızı idi.

- Evet kızım... endim annem... iyiyim... bir abla tutdu elimden, heç korkmadım... kötü də hiss etmedim annem. Kendine iyi bak kızım...

Və “ablaaa”, çağırışına döndüm onun...

- Telefonunu ala bilirmiyim. Emeliyyat olub da hayatda kalırsam...yani her şey çok iyi olursa seni aramaq isterim. Ölmedim, demek için...

Başqa ölkə... tanımadığım adam... hətta söylədiklərinin nə qədərinin həqiqət olduğunu da dəqiq bilmirsən...

Onda bunları düşünmədim. İş, ev, mobil nömrələrimi verdim. Bilmirəm niyə, düz altı aydır gözləyirəm. Bir gün zəng gələcək. O, “ölmədim abla” deyəcək. Və tanımadığın birinin deyəcəyi həmin söz sənə aylar sonra dərin bir nəfəs aldırıb, rahatlıq gətirəcək...

P.S. Neçə aydır zəngini gözlədiyim Tubə bu gecə yuxuma gəlmişdi. Çox gözlədim heç olmasa yuxuda “ölmədim abla” desin, demədi... Eləcə gülümsəyib getdi...

# 1666 dəfə oxunub

Oxşar xəbərlər

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
# # #