66 gün ACLIQ VƏ ÖLÜM!

66 gün ACLIQ VƏ ÖLÜM!
10 iyun 2014
# 13:09

“Aclıq” aktual filmdir.

Bütün dövrlər üçün.

Konformist cəmiyyət üçün.

Azad seçim tərəddüdü yaşayan fərdlər üçün.

Stiv Makkuinin 2008-ci ildə ekranlaşdırdığı “Aclıq”ına sırf siyasi kontekstdən baxılsa da, şəxsən mənim üçün bu, hər şeydən əvvəl mənəvi filmdir.

Ən ağır şərtlərdə belə insanın kompromisə getməməsidir.

Konformizmi birmənalı rədd etməsidir.

Filmin qəhrəmanı Bobbi Sends, banal səslənsə belə mənim üçün kişilik nümunəsidir.

O, qəhrəman olmağa iddialı deyil.

Çünki, seçimi onun həyat tərziydi.

Makkuinin maraqlı ekran işi real hadisəyə əsaslanıb.

Bobbi Sends (1954-1981) İrland Respublika Ordusunun üzvü olub.

İrlandiyanın azadlığı uğrunda mübarizə aparıb. Bir neçə dəfə həbs olunsa da, seçdiyi yolda bir an da olsun tərəddüd eləməyib.

1976-cı ildə həbsdən azad olunub və yenidən fəaliyyətini davam etdirib.

Növbəti atışmalardan birində yenə tutulub və məhkəmə onu 14 il azadlıqdan məhrum edib.

Hakimiyyət Şimali İrlandiyada yerləşən Meyz həbsxanasında saxladığı İAO-un üzvlərini siyasi statusdan məhrum edərək onları adi cinayətkarlarla eyniləşdirir.

Etiraz əlaməti olaraq onlar ölüm aclığına başlayır və tələblərini irəli sürürlər:

- dustaq uniforması geyməmək

- başqa dustaqlarla əlaqə qurmaq azadlığı, maarifçi və əyləncəli tədbirlərin təşkili azadlığı

- hər həftə bir görüş, məktub və bağlama almaq.

Sends düz 66 gün aclıq edir.

Və həbsxananın hospitalında ölür. Onun ölümü çaxnaşmalara səbəb olur.

Dəfnində isə 100 min adam iştirak edir.

Amma Makkuin filmdə İrland Respublika Ordusunun mübarizəsinin mahiyyətindən, təfərrüatlarından danışmır.

Rejissor məsələnin siyasi tərəfinə yox, qəhrəmanın seçiminə aksent edir.

Yəni bir insanın ümumi işin xatirinə ölümü seçməsinə.

“Aclıq”ın maraqlı tərəflərindən biri müəllifin bizə insan bədənini tamamilə fərqli aspektdən təqdimatıdır.

Bu filmdə bədən silah və üsyan vasitəsi kimi istifadə olunur. Əgər sən hər şeydən məhrum edilirsənsə, son mübarizə vasitəsi bədənin və ruhundur. Ağır şərtlər, məhdudlanmış imkanlar mübarizəni dayandıra bilməz.

Filmin əsas konsepsiyası da bunun üzərində qurulub.

Makkuin qəhrəmanın anbaan cisminin məhvi təsvir edir.

Əvvəlcə onlar yuyunmaqdan, sonra həbs paltarı geyməkdən imtina edir. Dustaqların başlarının zorla qırxılması, yuyundurulması, döyülməsi belə maneə ola bilmir.

Tetçer hakimiyyəti onların tələblərini rədd edir. Hətta filmin bir yerində radiodan hadisəylə bağlı sanki təsadüf kimi onun çıxışı səslənir: ”Qətllər, partlayış baş verirsə bu, siyasət yox, kriminaldır”.

Əhvalatın ən təsirli epizodlarından biri Sendsin İrland keşişi ilə dialoqdur.

Rejissor zəifləmiş, əldən düşmüş Sendsin iradəsini ətli-qanlı keşişin riyakar humanizminə qarşı qoyur.

O, razılığa gəlmir, barışmır, razılaşmır.

Çünki kimsə şərəfsizliyə qarşı ölümü seçirsə, konformist onu anlaya bilməz...

# 4283 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
#
#
# # #