Dolların bahalaşmağından qorxan sərçələr

Dolların bahalaşmağından qorxan sərçələr
18 noyabr 2015
# 12:45

Mənim öz sərçələrim var. Onlar məni tanıyır, mən də onları. Onlar mənə hörmət edir, mən də onlara. Vətəndaş cəmiyyətinin əsas atributlarından olan qarşılıqlı sayğılıq təbiətin bütövlüyünü və toxunulmazlığını qoruyur.

Hərdən çıxıb zeytunluğu gəzirəm. Gözlərim onları axtarır. Mənim sərçələrim çox uzaqlara uçmağı sevmirlər. Eləcə zeytun xiyabanında ora-bura uçuşurlar, yağış yağanda həmişəyaşıl kolların içinə dolurlar.

Əvvəllər onlar bizim köhnə məhlədəydi. Mən ordan köçdüm, onlar məndən də qabaq köçmüşdülər.

Köhnə məhlədə olanda hər səhər durub pəncərəni açırdım və çinara qonmuş sərçələrin bazarlaşmasını eşidirdim. Amma bir-birilərinə nə dediklərini anlamırdım. Elə anlamadığıma görə də bir gün yoxa çıxdılar və bir daha geri qayıtmadılar. Düzü, məyus oldum. Günəşin çıxmasına elə sevinir, onu elə şövqlə salamlayırdılar ki...

Quş dili bilmədiyimə heyfslənirdim. Görəsən, onlar nə deyirlər? Yəqin, bu günlərinə şükür edirlər, həmd oxuyurlar. Bir-birilərini təbrik edirlər ki, Günəşi yenidən görə bildilər. Bu gündən sabaha ümid var?

Bu günlərdə onlara rast gəldim. Mənim sərçələrimə. Sevincimdən yerə-göyə sığmadım. Özü də birinci onlar məni tanıdılar. Həmişəyaşıl kolların içinə doluşmuşdular. Yağışın yağacağını hiss edib ora sığınmışdılar. Səslərindən tanıyıb, onlara yaxınlaşdım. Hənirtimi duyub dayandılar. Fındıq başlarını o tərəf-bu tərəfə döndərdilər, buğda boyda gözlərini mənə zillədilər... Xeyli müddət susdular. Hövsələm çatmadı. Bir-iki addım irəli getmişdim ki, yenidən danışmağa başladılar: “Baxın, dedilər, intelligent gedir.” Bay, nə yaxşı! Sərçə dilini, yəqin yuxuda öyrənmişəm, ya elə Yaradan bu arzumu da yerinə yetirib ki, sərçələri yaxından tanıyım. Kaş onların dilini bilməyəydim. Nə yaman qeybətcilmişlər. Ütük arvaddan da betər. Amma bu dəfə əməlli-başlı öz adımı eşitdim: “Baxın, dedilər, intelligent gedir.” Telli-toqqalı sərçə təşər-təşər belə dedi: “Bilirsən də o, hər dəfə pəncərəni açıb bizə tamaşa edir, zövq alır, amma dediyimizi başa düşmürdü. Anlamırdı ki, bizim də qarnımız var, zibilliyə aparıb atdığı çörəyin qırıntılarını bizim qabağımıza tullamağa huşu kəsmirdi”.

Fərə sərçələrdən biri onun səhvini düzəltmək istədi: “İntelligent olanda nə olar. Ağıl ki, yox idi, hər gün deyinirdi ki, bu sərçələr ağacın budağını da, yer-göyü də tamam batırırlar, ora dadanmağımızı istəmirdi. Bəs nə oldu? Biz uçub bura gəldik və onu həmin ləzzətdən məhrum elədik”.

“Humanist” ləqəbli o biri sərçə: “İnsafsız olmayın. Bir dəfə yuvadan yıxılan balamı o, xilas elədi, qaldırıb pəncərənin ağzına qoydu, mən də dimdiyimə götürüb, təzədən yuvaya düşürdüm...”

“Əşi buraxın, bu işin başını. Guya indi burda vəziyyət necədi? Əvvəllər gəlib bizə çörək atırdılar. İndi boş-bekar gəzirlər, bizə bir zımxır da vermirlər”.

Nəzakətindən və səsinin zərifliyindən anaşa oxşayanı dedi: “Bilirsiniz, bayaq danışırdılar ki, ümumdünya iqtisadi böhranı bizə də təsir edib, indi adamlar çörəyi hara gəldi atmırlar, saxlayıb suxari edirlər, qurudurlar, yaman günə saxlayırlar. Özü də içənlərin sayı artıb, çoxu dərddən içir. O günü biri “Xırdalan” şüşəsini nə təhər qolazladısa, mənim bu yazıq balamın qanadını qırdı. Oy, yazıq balam!”

Sərçələrdən ən irisi, qara kepkalı, patrondaşlısı anaşın üstünə çəmkirdi. Yəqin onun xoruzuydu: “Sən səsini kəs, azzz. Mən elə bilirəm ki, bu böhran-zad bəhanədi, bizi gözü götürməyənlərin uydurmasıdı. Bu inkişafı gözlərii götürmür. Bəlkə müxalifətə girmisən, xəbərim yoxdu, hıyyy!?..”

O biri sərçə onların mübahisəsini kəsmək üçün ağır-ağır dilləndi: “Bilirsiniz, dostlar, mütəxəssislərin hesablamasına görə hər on il müddətində neft bahalaşır, iyirmi ildə isə ucuzlaşır. Əvvəllər kef edirdik, indi də bir az əziyyət çəkərik. Ellə gələn dərd-bəla toy-bayramdı”. Bu sərçə çox güman ki, loyal iqtisadçılardan idi.

“Buraxın sən Allah bu siyasətin başını, yaxşısı budur, deyin görək nə yeyəcəyik, harda yaşayacağıq? O günü bir-iki ağzıqara gədə buraları ölçürdü. Parkın yerində nəsə tikmək istəyirlər”.

“Nağaracuğuq ə!?” - deyə qonaq sərçələrdən biri səksəndi.

“Heç nə, gərək təzədən uçub köhnə yerimizə qayıdaq”.

“İntelligentin yanına? Nahaq yerə özünü öldürmə, ordakı çinarı çoxdannan xosunbay eləyiblər. Düz pəncərəsinin qabağında göydələn dikiblər. İndi ordan nə günəş görünür, nə dəniz”.

Birdən hardansa bir sərçə peyda oldu, özünü püfərək kolun içinə saldı, deyəsən xəbər daşıyan idi. Tövşüyə-tövşüyə dedi: “Bilirsiniz nələr olacaq?!

Hamı təəccüb və intizarla ona baxdı və bir ağızdan xəbər aldı: “Nə?!”.

“Deyirlər ki, dollar təzədən bahalaşacaq, manat ucuzlaşacaq, dükanlarda ərzaq-filan qalmayacaq. Bizim milləti tanımırsız (Vay dədə, sərçələrin də milləti varmış!), qulaqlarına səs dəyən kimi yüyürürlər mağazalara...Heç nə qalmayıb e!”

“Vay dədə!...” öz-özümə dedim və dabanıma tüpürüb, evə tərəf götürüldüm...

# 1464 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #