Dayanacaqda evdən qaçan gəlin söhbəti

Dayanacaqda evdən qaçan gəlin söhbəti
14 iyul 2015
# 10:21

Cəmiyyətimizin çürüklüyü haqqında kifayət qədər yazılıb, deyilib və məncə, bu çürüklüyün isbata ehtiyacı yoxdur. Biz cəmiyyətin qüsurlarını ona görə deyirik və yazırıq ki, bu qüsurlar aradan qalxsın, bu problemlər həll olunsun.

Bu qüsurları qabardan hər kəs, bu xalqı da, cəmiyyəti də saxtakar tərifbazlardan daha çox sevir. Ağzı köpüklənə-köpüklənə ailə dəyərlərindən, bizim toplumun sarsılmaz ailə institutundan danışanlara bir neçə məqamı xatırlatmaqda fayda var. Bu gün efirlərdə yorulmadan tərif etdiyiniz o sarsılmaz ailə modeli, o əxlaq anlayışı çoxdan bitib, xanımlar və cənablar! Boşanmaların və namus cinayətlərinin sayındakı artım sizə nə isə demirmi? Elə isə görməzdən gəldiyiniz çox ciddi bir məqamı, sizinlə açıq-açıq bölüşüm. İnanıram ki, hamınız baş verənlərdən xəbərdarsınız, sadəcə, xatırlatmaqda fayda var.

...Dayanacaqda avtobus gözləyənləri müşahidə etmək, öz aləmimdə onları tanımağa çalışmaq köhnə adətimdir. Bir siqaret yandırıb, günəş düşməyən bir yerdə özümə yer elədim. Dayanacaqda dörd-beş xanım yüksək səslə söhbət edir, həvəslə hansısa ortaq tanışlarının ailə məsələsini müzakirə edirdi. Söhbətdən belə başa düşdüm ki, iki-üç illik evli olan tanışlarının ərinə xəyanət etməsinin üstü açıldığı üçün ailələr arasında böyük qalmaqal yaranmışdı. Haqqında danışılan X xanım 2 yaşlı qızını ərinin üstünə atıb sosial şəbəkələrin birində tanış olduğu gəncə qoşulub qaçıbmış. İki aydan sonra geri dönən xanımı əri və ailəsi qəbul etmədiyi üçün hazırda əxlaqsızlıqla məşğul olurmuş. İstəməyərəkdən qulaq müsafiri olduğum söhbət mənim üçün heç də qeyri-adi və yeni deyildi. Onlarla bu səpkili hadisə haqqında eşitmişəm, oxumuşam. Məsələni müzakirə edən xanımların iştahla bunu müzakirə etməsi də qeyri-adi hesab oluna bilməz. Çünki cəmiyyətimizin böyük hissəsi əlinə fürsət düşən kimi başqalarının həyatını müzakirə etməyi sevir.


Mənə maraqlı gələn bu xanımların hadisə barədə laqeyd-laqeyd danışması, üstəlik evdən qaçan qadını yox, daha çox onun ərini mühakimə etmələri idi.

Təbii ki, qadının macəra axtarışında olmasında ərinin günahı böyükdür. Bəli, yataqda kişinin təkcə özünü düşünməsi, qadının seksual doyumsuzluğu bu cür xəyanətlərə yol açır. Bəs bütün günahı binəva ərlərin boynuna atmaq nə dərəcədə düzgündür? Bəs psixoloqlar nə üçündür? Niyə hadisənin çözümünü kənarda, sosial şəbəkələrdə, tanışlıq saytlarında axtarırıq?


"Qaqaş, gəlin nömrəsi varundu?" əxlaqı ilə böyüyən nəslin, sonradan öz qadınına soyuq davranması, Latın Amerikası və Türkiyə serialları ilə böyüyən zavallı qızcığazların xəyanətəmeylli olması nədənsə mənə çox təbii görünür. İş həyatından, ictimai-sosial fəaliyyətdən təcrid etdiyimiz xanımlar, kreditlə alıb evə daşıdığımız ağıllı telefonların və planşetlərin əvvəlcə çarəsiz asılılığına, sonra qurbanına çevrilir. Qulağımızın dibində baş verənlərdən xəbərsiz biz də əlimizdə başqa bir ağıllı telefon və ya planşet virtual dünyada xoşbəxtlik arayışına çıxırıq. Doğmalarla əlaqələr kəsildikcə, başqa bir dünyada xoşbəxtlik, doğmalıq, sevgi axtarırıq. Nəticə? Nəticə isə avtobus dayanacaqlarında dedi-qodu həvəskarlarının müzakirəsinə çevrilib, lağ hədəfi olmağımızla yekunlaşır.

İllərdir üstünə getmədiyimiz problemlər indi əjdahaya çevrilib bizi udur. Öyündüyümüz ailə institutu çökür, ailə ənənələrimiz aşınmaya məruz qalır.


Gənc oğlanlar evli qadınlarla, gənc qızlar evli kişilərlə görüşməyindən ağız dolusu danışır. Biz virtual dünyadan real dünyaya qayıtmağa qorxuruq. Smayllar bizə təbii gülüşdən daha səmimi, "Retrica" proqramında abıra salınan fotolar isə real gözəlliklərdən daha cəlbedici görünür. Sonu bilinməyən bir yola çıxmışıq. Günün statusu da məndən gəlsin:


“Virtual dünyanın əlibağlı qulları öz məhvinə doğru inamla addımlayır...”

# 1001 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #