Deputatın arzuladığı ədəbiyyat onluğu

Deputatın arzuladığı ədəbiyyat onluğu
10 sentyabr 2014
# 12:54

Cavid Zeynallı yazır...

Bir var idi, biri yox idi, keçmiş zamanlarda bərəkətli Oğuz elində...

Nənələrimiz deyib, nağıl dili yüyürək olar, amma mən, deyəsən çox uzaqdan başladım. Mətləbin üstünə gələnə qədər gün-gündən keçəcək, yığıb-yığışdırmaq mümkün olmayacaq. Demək istəyirəm, bu qabiliyyət və istedad ki məndə var, yazının baş-ayağını yığa bilməyəcəyəm.

Sözüm onda yox...

Deməli, neçə gündür, bilmirəm, “facebook” əhli hər kəsin oxumalı olduğu 10 kitabın siyahısını paylaşır. Daha doğrusu, deyəsən, bunu “facebook” yoldaşlarına sadəcə, tövsiyə edir. Bu camaata ağıl vermək nəyə lazımdır, bilmirəm, amma dərhal destruktiv ziyalılığımdan utanıb sözümü geri götürürəm: əlbəttə, kitabı gündəmdə saxlamaq üçün hər oyundan çıxmaq lazımdır. Dostumuz Mirmehdi Ağaoğlu ərinməyib məni də dəvət etdi ki, bəs sən də sevimli kitablarının adını yaz. Açığı, yoldaş Ağaoğlundan fərqli olaraq, mən siyahını yazmağa bərk ərindim. Lap doğrusu, üç-dörd müəllif yazıb, dalını gətirmədim.

Nə isə, sözüm onda da yox.

İndi oxuyuram ki, deputat Aydın Mirzəzadə cavanlara bərk təpinib. Ki, ay canım-gözüm, başınıza dönüm, Markesin, Dostoyevskinin adını çəkib Musa Urudu yaddan çıxaranda heç utanmadınız?! Sitata bax ey, sən canın: “Tarix Azərbaycan xalqının böyük potensialını artıq qəbul edibdir və ədəbiyyatımıza sahib çıxmaqla biz ilk növbədə öz adımıza sahib çıxmış oluruq”.

Sən demə, hörmətli millət vəkili cavanlardan umurmuş ki, bəs, yüz dəfə imama ağlayanda, bir dəfə də Yezidə, əstəğfürullah, on dəfə Viktor Hüqonun adını çəkəndə, bir dəfə də Çingiz Abdullayevi yada salın.

Hələ bunu da oxuyun: “Həmidə Ömərovanın hekayələrini oxuyan neçə nəfərdir? Gənc və istedadlı yazıçı Varisin adını eşidiblərmi, maraq xatirinə oxuyublarmı?”

Məncə, Aydın Mirzəzadə narahatlığında, Azərbaycan ədəbiyyatının və milli mənəvi dəyərlərdən uzaq düşən ədəbi gəncliyin naməlum gələcəyindən nigaranlığında tamamilə haqlıdır.

Bir alqış gəlsin, görüm...

Məsələn, bəzi gənclər var ki, onlar özlərini ağıllı göstərmək istəyirlər. Azərbaycan oxucusuna adı yaxşı məlum olmayan müəlliflərin adını çəkməklə, ictimaiyyət arasında çaşqınlıq və ruh düşkünlüyü yaradırlar. O mənada ki, tutalım, təzə-təzə uzaqdan-uzağa salamlaşdığım yazıçı Qan Turalı Herman Melvilin “Mobi Dik” əsərinin adını, şəxsi tanışlığım olmayan, bu ədəbi xəyanətinə görə heç tanış olmaq istəmədiyim şair Qismət Pol Osterin adını çəkməklə, əslində bizimkilərə hörmətsizlik edirlər. Birmənalı şəkildə belədir! Məhz bu ədəbi müştəbehliyə görə biz Nizamimizi, Füzulimizi dünyaya layiqincə tanıda bilmirik. Ona görə də, mən Aydın Mirzəzadənin fikirlərini dəstəkləyirəm və öz onluğumu elan edirəm:

1) Əliağa Vahid, “Meyxanalar”

2) Namiq Qaraçuxurlu, "Rəvayətlər"

3) Hüseynbala Mirələmov, “Gəlinlik paltarı”

4) Əvəz Mahmud Lələdağ, “Külliyyat”ı

5) Həsən Uçağan, “Püstə bağında ilk görüş”

6) Nəcməddin Mürvət - Bütün əsərləri

7) Həmidə Ömərova – “Hekayələr”

8) Şövkət Horovlu, “Ay mənim Arzu qızım” poema trilogiyası

9) Aydın Mirzəzadə, “Oğul, sözlərimə yaxşı qulaq as” publisistik toplu

10) Mirniyaz Ataoğlu, “Qardaş, bu ceyranı hardan almısan” roman-trilleri

# 2624 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #