Kamal Abdulla, İrfan Ülkü və Borxes

Kamal Abdulla, İrfan Ülkü və Borxes
20 noyabr 2013
# 13:43

Keçən həftə Bakıdaydım. Qulu Məhərrəmlinin anasının vəfat xəbərini eşidincə Elçin Şıxlı və Arif Əliyevlə dostumuzun acısını bölüşməyə getdik. Yas mərasimində Kamal Abdulla ilə qarşılaşdıq. Bir az söhbətləşdik – ortaq dostlardan, həyatımızda iz buraxanlardan…

Onunla 1990-nın əvvəllərində tanış olmuşduq. O vaxtlar AzTV-də hazırladığı “Azərbaycan dili”, “Qoşma” proqramları o vaxtkı gənc nəslin formalaşmasında müstəsna rol oynamışdı. Bəzən şəhərin mərkəzindəki ofisinə ziyarətinə gedirdim. Hər şeyi ilə fərqlənirdi – masasındakı kitabları, mütaliəsi, intellekti ilə. Filoloq olduğu halda namizədlik dissertasiyasının adı “Sintaktik paralelizm” idi, sanki “Kitabi Dədə Qorqud”un dilini deyil, qeyri-Evklid həndəsəsini araşdırmışdı. Müəllimim və elmi rəhbərim akademik Azad Mirzəcanzadə ilə xoş münasibətləri var idi. İllər sonra birlikdə yazdıqları “Bakı Slavyan universitetində mühazirələr” kitabı olduqca dəyərlidir mənim üçün.

2005 və 2006-cı illərdə Kamal Abdulla ara-sıra İstanbula gəlirdi. Bəzən mərhum dostumuz İrfan Ülkü və Kamal Abdulla ilə Arnavutköydəki balıqçı restoranlarına gedər, gec saatlara qədər söhbətləşərdik. Belə görüşlərdən sonra İrfan hər dəfə mənə “Yahu, Kemal Beyin sohbetlerinden sonra ben 10-15 köşe yazısı yazıyorum” deyirdi.

Türk milliyyətçilərinin yayın orqanı olan “Orta Doğu” qəzetinin köşə yazarı, gözəl şair, onlarla kitabın müəllifi, Azərbaycan sevdalısı idi İrfan Ağabey. 2006-cı ildə Ötüken nəşriyyatında “Eksik El Yazması” çıxanda Kamal Abdulladan çox İrfan Ülkü sevinir, öz kitabı kimi dostlara hədiyyə edirdi.

İrfan İstanbulda, Emirganda, mənzildən çox kitabxanaya bənzəyən evində tək yaşayırdı. Deyirdi Azərbaycanda öləcəm, “sözünü də tutdu” – 2008-də Bakıda qəfil vəfat etdi. Balkonundan görünən tarixi Emirgan məzarlığında dəfn etdik İrfanı…

Qum saatlarını, xəritələri, əlyazmaları, Ezopu, Şirazı, İsfahanı, kitabxanaları, tanqonun şəhvət qoxan ritmini, aynaları, labirintləri sevən insanlar Borxesi sevərlər. Argentinalı şair, yazıçı, tərcüməçi, gözlərinin qaranlığını sonsuz xəyal gücü ilə aydınlandıran, kitabları bir nəfəsə oxunan, yazı üslubu, texnikası ilə ədəbiyyata yeniliklər gətirən Xorxe Luis Borxes. Doğulduğunda zəif olan görmə qabiliyyəti yaşı irəlilədikcə tamamən itdi. Gerçək dünyadan qopunca xəyal gücü artdı, real dünyadan nağıllar aləminə keçdi – “Biz korlar qədər varolmanın dərinliyini kimlər görə bilir?”

Cənnəti bir kitabxana kimi təsvir etmişdir Borxes. “Çoxları yazdıqları kitablarla fəxr edir, mən isə oxuduqlarımla” desə də, yazdıqları şeirlər, hekayələr milyonların ədəbiyyata, kitaba baxışını dəyişdirmiş, çağımıza silinməz damğa vurmuşdur.

Borxes o zamankı Latın Amerikasının Sovet rejiminə olan heyranlığını anlamaqda çətinlik çəkirdi. 1970-ci illərdə radikal sağ cərəyanlara qapılaraq Pinoçet, Videla kimi diktatorlara pərəstiş etməyə başladı, İspaniyaya gedərək general Frankonun əlini sıxdı. İsveç Akademiyasının liberal üzvləri bunu ona bağışlamadılar və Borxes son nəfəsinə qədər Nobel mükafatının bircə addımlığında qaldı. Nobeli vermədilər, amma o, Nobel laureatından daha böyük şöhrət oldu.

Borxes irlandiyalı pilot və araşdırmaçı Con Dana (John Dunne) olan heyranlığı nəticəsində ədəbiyyata kvant fizikasının elementlərini gətirdi. O, bəzi hekayələrini Danın zaman konsepsiyası, yəni “gerçəkləşən yuxular” fenomeni üzərində qurmuş bir dahidir. Dostum Arif Əliyevin bu yaxında oxuduğum “Son çağrı” romanında keçmiş, bu gün və gələcəyi ustalıqla “sarmaş-dolaş” etməsi də bu dərin düşüncənin məhsuludur. Tomas Eliotun yazdığı kimi – “Keçmiş və bu gün/Gələcəkdə olacaq güman ki/Keçmişdə baş verdiyi kimi gələcəyin”…

“Yarımçıq əlyazma” bir Borxessevərin əsəridir. Dünya ədəbiyyatının ən böyük mistifikatorundan sonra Kamal Abdullanı oxumaq, onun sufizmi ilə təmas etmək təsviredilməz bir həzdir. Borxes “Yeddi gecə” hekayəsində Goethenin “Yaxındakı hər şeyin uzaqlaşdığını” xatırladaraq, insanın axşamın alacaqaranlığında hər şeyin sanki uzaqlaşdığı hissinə qapıldığını yazır. Borxesin gördüyü dünya artıq görünməz olmuşdur. Onu oxuyanda hər şey həm uzaqlaşır, həm də yaxınlaşır. Axşam çökən alacaqaranlıq kimidir Borxes. “Bəlkə də bu dünyada bizim insan olaraq həyatımız gecə vaxtı ekvator ormanında səssizcə irəliləyən bir aslanın beynindən keçənlərdir” – Ədəbiyyat ormanının Tarzanıdır Borxes…

Bir İstanbul axşamında İrfanla mən postmodernizmin usta yazarlarından olan Kamal Abdullanın Borxes variasiyalarına qulaq asırdıq kirimişcə… (ayna.az)

# 3004 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #