Adamdöyən müəllimdən şagirdin qisası

Adamdöyən müəllimdən şagirdin qisası
17 mart 2013
# 11:28

Murad Köhnəqala

Yaxınlarda dostlarla şagird-müəllim münasibətlərindən danışırdıq. Yadıma orta məktəb illərinin bir-iki hadisəsi düşdü.

Sovet-müsəlman məktəblərində müəllimlər şagirdi döyürdü. Mən aşağı siniflərdə oxuyanda atam qonşu rayonda işlədiyindən, təhsilimlə nənəm maraqlanar, valideynlər iclasına da o gedərdi. Müəllimlərə deyərdi, oxumasa döyün bunu. Müəllimlər də istədikləri vaxt məni kötəkləyib yumruqlayardılar. Psixikası yerində olmayan müəllimlərimiz də az deyildi.

Normalda, uşaq bağçalarındakı tərbiyəçilərdən tutmuş ali məktəb müəllimlərinə qədər, hamısı tibbi müayinədən keçməli, aqressivlər sinif-auditoriyalara buraxılmamalıdı.

Yadımdadı, hərdən müəllimlərimiz şagirdi elə döyürdü, qonşu sinifdən gələn həmkarları uşağı onun əlindən güclə alırdı. Şəxsən, məni müəllimlər doyunca döyüb gözlərinin qurdunu öldürmüşdülər.

Yadımdadı, dördüncü sinifdə oxuyanda əmək təlimi dərsini deyən riyaziyyat müəllimi yersiz güldüyümə görə məni yazı taxtasının qarşısına çıxarıb xeyli döydü. Nədənsə, onun hirsi soyumurdu, axırda məni başı üzərinə qaldırıb yerə çırpdı. Onda həmin müəllimin 35-40 yaşı olardı. Məni yaxşıca əzişdirib sakitləşəndən sonra pencəyinin döş cibindən daraq çıxarıb dağılmış tellərini geri daradı və nəhayət ki, ləhləyə-ləhləyə keçib oturmağıma icazə verdi...

Birini də danışmaq istəyirəm. Beşinci sinifdə oxuyanda qış vaxtı məktəbin həyətində qartopu oynayırdıq. Məktəb binası köhnə tikililərdən idi. Buranı sovet hökuməti hansısa varlının əlindən alıb elm ocağına çevirmiş, özünü də sürgün eləmişdi.

Mən atdığım qartopu təsadüfən bir sinif otağının zirzəmisinin təxminən 30-40 sm ölçülərində olan şüşəsini sındırdı. Elə bu ərəfələrdə zəng içəri vuruldu.

Məktəbin dərs hissə müdiri, yekəpər, qırmızısifət coğrafiya müəllimi məni boş müəllimlər otağına apardı. Özü kresloda oturub mənə düz qarşısında dimdik durmağı əmr etdi. Mən onun qarşısında dayanıb əllərimi yanıma saldım. Özünü həmişə atamın dostu kimi qələmə verən bu qırmızısifət məndən sakitcə soruşdu: “Şüşəni niyə qırmısan?” Dedim, müəllim, vallah, qəsdən qırmadım, təsadüfən dəydi. Yanağıma sağ əlilə möhkəm bir şillə!

Yenə soruşurdu: “Deyirəm, niyə qırmısan?” Dedim, müəllim, evdə deyəcəm, sabah yerinə ayrı şüşə alıb salarıq. Bu dəfə sol əlilə o biri yanağıma bir şillə! “Dedim, şüşəni niyə qırmısan?” Deyirdim, müəllim, vallah, qəsdən qırmadım, təsadüfən dəydi. Yenə bir şillə!..

O, manyak kimi dalbadal eyni şeyi soruşur, cavablarıma məhəl qoymadan var gücü ilə sifətimə şillə vururdu. Şillələrdən müvazinətimi itirib bir az geri duranda: “Yaxında dur!” – deyə fısıldayırdı.

Beləcə, “atamın dostu” məni bir 45 dəqiqə döydü. O şaxtalı qış günü oğraşın şillələrindən yanaqlarım od tutub yanırdı. Tənəffüs zəngindən sonra dərsdən qayıdan qocaman fizika müəllimi məni bu peysərin əlindən güclə aldı. O qırmızısifəti bu gün də nifrətlə xatırlayıram.

Bəs, müəllimimdən heyfimi necə aldım? O öləndə dostlarımı başıma yığıb həmin əhvalatı danışdım, bütün günü yeyib-içərək şənləndik.

Gücüm yalnız buna çatdı...

# 5021 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #