Namus anlayışının gətirdiyi fəlakət

Namus anlayışının gətirdiyi fəlakət
22 iyun 2018
# 10:30

Aliyə

Məlumdur ki, bizdə və bizim kimi cəmiyyətlərdə bir insanın zorakılığa məruz qalması, yalnız psixoloji və fiziki təzyiqə məruz qalması deyil, zorlama bir ailənin faciəsidir, ölümdən betər “rüsvayçılıq”dır. Zorlanan qıza “kaş ki, ölsəydi” deyirlər, ataya “bədbəxt” deyirlər.

Lerikdə baş verdiyi ehtimal olunan zorlama əhvalatı aydın insanları ümumiyyətlə, elliklə hamını hansı halda ailənin, zərərçəkənin bu hadisədən daha az zərərlə çıxacağı barədə düşündürdü, ailənin isə adətən belə məsələlərdə həll yolu olan “zorlayanı, zorlananla evləndirmək” kimi çıxış yolunu seçdiyi bildirildi:

Bu çıxış yolunda adətən ailənin şərəfi gözlənilir, “rüsvayçılığ”ın üstü örtülür və yaşamağa davam edilir. Zorakılığa məruz qalanın ona təcavüz edən adamla hansı travmalarla yaşayacağı, nələr çəkəcəyi hesaba alınmır; “ən azı ölümdən bu yaxşıdır”.

Az sonra ailə bütün əhvalatı təkzib etdi. Məsələ bu hadisənin olub-olmamasında deyil. Bu hadisə yeganə həll deyil və belə hadisələr onlarladır.

Amma belə hadisələrdə problem harada gizlənir? Faciə haradadır?

Gün kimi aydındır ki, faciə kişimərkəzçi cəmiyyətin faciəsidir. “Şərəf”, “namus” anlayışının yaratdığı dəhşətdir. Bu yanaşmada qadın kiminsə namusudur.

Bəs qurbanın-zorlananın faciəsi nədir? Çünki o, özü də, özünə eynən elə yanaşır və rüsvayçılıq mənbəyi kimi görür. Bu kişimərkəzçi cəmiyyət ona ən böyük dəyərinin bədəni olduğunu anladıb.

Əlbəttə, heç kim demir ki, bədən boş şeydir, bakirəlik önəmsiz məsələdir. Amma axı bu, fərdin məsələyə öz yanaşması olmalıdır, daha başqalarının ona sunduğu yanaşma yox.

Ona görə, ədəbiyyat kitablarındakı zorlanan qızlar özlərini kirlənmiş, ləkələnmiş sayır. Bu yalnız zorakılığa məruz qalmanın yaşatdığı psixoloji travma deyil, bu həm də cəmiyyətin, ətrafın belə yanaşmasının yaratdığı travmadır.

Ailənin necə bu hadisədən həll yolu tapıb yaşamalı olduğunu bilmirəm, amma zorlanan üçün həll yolu bircədir; zorlayanın cəzalanması və zorlanana onun, həyatının yeganə dəyərinin bədəni ilə məhdudlaşan “namus” anlayışından ibarət olmamasını öyrətmək, onun bir ruhsal varlıq kimi dəyərli olduğunu anlatmaq, hiss etdirmək. Ona ətrafın göstərdiyi “korlanmış mal” yanaşmasına tüpürüb keçməyi öyrətmək. “Kiminsə sənə təcavüzü səni korlaya bilməz, korlanmaq əşyaya aiddir” – deyə onu inandırmaq.

Hər şeydən əziz övlada bu yolda ailə dəstək verməlidir. Busa, asan deyil, ailənin də psixoloji travmaları var. Sağlam düşünə bilməyən cəmiyyət ona daim bir psixoloji diskomfort yaşadacaq. Milli-mənəvi dəyərlərə görə, zorlama hadisəsi bütün cəmiyyətin namus məsələsi olmalı idi. Amma əksi baş verir, bu “mentalitet” mənəvi dəyərlərə sahib çıxmır, əksinə, əzilənə təzyiq edir, onu qınayır, onu utandırır.

Belə çıxır ki, deputatların, dövlət komitəsinin rəhbərlərinin örnək bildiyi mentalitet hamının işinə yaramır. İstifadəyə yararlı olmaq üçün onu ayırmaq lazımdır: Varlılar üçün mentalitet, kasıblar üçün mentalitet, güclülər üçün, gücsüzlər üçün mentalitet, deputatlar üçün mentalitet, rusdillilər üçün, elitlər və kəndlilər üçün və s. Belə olanda hər kəs işini bilər. İki üzlülük də olmaz. Yoxsa əziləni qınayan milli mentaliteti necə rahatlıqla tərifləyəsən?

# 2156 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #