Ehtiyatlı, qorxaq, hiyləgər rus qızı

Ehtiyatlı, qorxaq, hiyləgər rus qızı
14 may 2015
# 12:28

Şahmatda belə bir qayda var: İki yüngül fiqur bir ağır fiqura bərabərdir. Yüngül fiqur deyiləndə at və fillər, ağır fiqur deyiləndə isə toplar nəzərdə tutulur.

Uşaqlıqda bununla heç cür barışa bilmirdim. At və topları çox sevirdim, onlarla yaxşı oynayırdım. Di gəl ki, o hiyləgər fillərlə oyunum heç cür alınmırdı. Nə hücum qura, nə fərli müdafiə oluna bilirdim.

İdman müəllimimiz iddia edirdi ki, məhz bu səbəbdən mən riskli oynayıram, atlarım meydanda tək qalır, oyunun axırına-topları meydana çıxarana qədər güclü oyun qura bilmirəm.

Bir dəfə rayon birinciliyi uğrunda final oyunu idi. Özümdən bir yaş kiçik olan on bir yaşlı rus qızı Valya ilə oynayırdım. Bu sarışın, çilli qız ən zəhləmgedən rəqib tipi çıxmışdı, olduqca ehtiyatlı, qorxaq oynayırdı. Xüsusən də sevmədiyim fillərlə ağ və qara diaqonalları tutub oyunu ağırlaşdırırdı. Yeganə çıxış yolum çox sevdiyim topların birini o iki fillə dəyişib, nəticəni özüm üçün sığortalamaq idi. Əlimi bir neçə dəfə topa aparıb, sonra çəkdim. Başımı qaldırmasam da, uzaqdan oyunu seyr edən idman müəllimimizin acıqlı baxışlarını hiss edirdim. Amma bu oyunu öz cəsarətli və mərd topumu rəqibin o fürsətcil fillərinə qurban vermədən udmaq qərarına gəlmişdim.

Oyun uzun çəkdi. Komanda yoldaşlarımdan biri udmuş, o biri uduzmuşdu. Belə çıxırdı ki, birinciliyin taleyi mənim oyunumdan asılıdı. Vasvası Valya xeyli fiqur və mövqe üstünlüyünə malik idi, amma mat alınmırdı. Buna görə də oyun patla bitdi.

Heç- heçə bizim komandaya sərf edirdi. Ümumi xal sayına görə birincilik qazandıq. Amma müəllimimiz yarım saat məni danladı: “Sənə demişdim”-dedi, “risk” dedi, “hücum” dedi, “müdafiə” dedi və nəhayət çıxışını həmin o sözlərlə bitirdi: “İki yüngül fiqur bir ağır fiqura bərabərdi”.

Onda anladım ki, şahmat mənlik deyil, bu oyun təkcə cəsarət, ağıl və məntiq tələb eləmir, həm də qorxaqlıq, ehtiyat, vasvasılıq, hiyləgərlik tələb edir. Bunlar isə mənim cəngavər xarakterimlə (o vaxt elə düşünürdüm) heç cür tutmurdu.

Gerçəkdən də ömrüm boyu elə davam elədi. Heç vaxt, heç nə xətrinə həyatımdakı ağır fiqurları yüngül fiqurlara qurban vermədim. Kəmiyyət məni heç vaxt maraqlandırmadı. Həmişə ağır fiqurlarla özümü güclü və güvəndə hiss elədim.

Bu xatirəni danışmaqda bircə məqsədim var. Nəsihət olmasın, heç vaxt həyatınızdakı ağır fiqurları yüngül fiqurlara dəyişməyin. Bəlkə risk etməli olacaqsız, bəlkə pat vəziyyətinə düşəcəksiz, amma sonunda zəhmətiniz itməyəcək, xal hesabıyla da olsa, qələbə yenə sizin olacaq. Həm də təkcə özünüzün yox, sizin komandanın.

# 1145 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #