Şəhidləri anladıq, bəs fərarilər?

Şəhidləri anladıq, bəs fərarilər?
28 mart 2014
# 13:22

İki gün öncə məni ANS-in “Adam içində” verilişinə dəvət etdilər. Mövzu milli-mənəvi dəyərlər idi. Verilişdə təxminən bunları dedim və ya demək istədim:

1. Azərbaycan xalqının milli dəyərləri ilə ədəbiyyat yaratmaq olmur, ən azı bu dəyərlərə ironiya edib maraqlı nəsə yazmaq olar.

2. Mən həmişə özümü ağsaqqallaşmaqdan, müdrikləşməkdən qorumuşam, imkan verin, səhv danışım, imkan verin, hisslərimi ifadə edim.

3. Bu gün “vətəni sevməyən insan olmaz”, “vətən mənə oğul desə nə dərdim” – dəyərləri ilə yaşamaq mümkün deyil. Mənim üçün vətən onda vətən olur ki, vətən də sənin qeydinə qalsın. Bu vətəndə adam olduğunu hiss eləyəsən.

4. Mən cinayətkarı da başa düşürəm, anlayıram, şəhidin içindəki vətən sevgisini hiss elədiyim kimi fərarinin içindəki həyat sevgisini də duyuram. Ədəbiyyat şəhiddən çox bəlkə də fərarini anlamaqdır.

5. Azərbaycan mədəni mühiti dünyada gedən proseslərdən çox kənarda qalıb. Təsəvvür eləyin, dünya hansı mədəniyyətləri, hansı ədəbiyyatları, hansı kəşfləri edir, görün biz nə işlə məşğuluq, köhnə milli-mənəvi dəyərlərimizi daha da möhkəmləndirməyə çalışırıq. Halbuki dünya yeni dəyərlər yaradır.

6. Seyran Səxavətin tay-tuşları böyük əsər yazıb “Nobel” mükafatı alır, Seyran müəllim də gəlib ANS-in efirində yengəlikdən danışır.

7. Azərbaycandakı restoranların əksəriyyətinin sahibi Milli Məclisin deputatlarıdır. O deputatlar öz restoranları haqqında nə qəbul eləyə bilərlər ki, xalqın xeyrinə olsun?

8. Allah məni ortabab (məsələn, Seyran Səxavət kimi) bir yazıçı edəcəksə, ondansa zürafə kimi nadir bir heyvan eləsin.

Təsəvvür edin, çıxışıma bu cür cümlələrlə başlayan kimi Seyran Səxavət bir tərəfdən, Şeyx Əbdül bir tərəfdən, Rəşad Kəsəmənli bir tərəfdən, İkram Mehbalızadə bir tərəfdən, Gülxanım Anaxanımqızı bir tərəfdən, aparıcı Elgiz bir tərəfdən üstümə elə hücum çəkirdilər ki, niyə belə fikirləşdiyimi axıra kimi izah etməyə imkan tapmadım. Sonda nə demək istədiyim özümün də yadımdan çıxırdı. Yaxşı ki, axırda bircə onu deyə bildim ki, nolar, gözlərimə baxın və məni başa düşün.

Hələ peşəkar olmaya bilərəm, lap ola bilsin ki, atam mənə yaxşı tərbiyə də verməyib, ancaq az–çox adam bilir ki, mənim öz düşüncələrim, fikirlərim var və verilişə öz xoşuma deyil, onların dəvəti və xahişi ilə gəlmişəm.

Bütün məsələlərə rəğmən hesab edirəm ki, bu veriliş heç olmasa ortadan bir az aşağı səviyyədə keçdi. Çünki orda ən azı bir adam vardı ki, mən danışdıqca başını aşağı-yuxarı qaldırıb-endirirdi. Düzü, bəlkə də başqa mənada qalıdırıb-endirirmiş, nə bilim, bəlkə də məni hədələyirmiş.

Və səhəri gün məni həmin verilişə yenə dəvət etdilər. Bir neçə dəfə zəng eləyib məni necə həvəsləndirdilərsə, məsələn, dünənki verilişə görə bütün Azərbaycan səndən danışır, əməlli–başlı populyar olmusan... Düzü, vallah qanım da qaynadım. Təsəvvür edin, eşşək batdığı yerə bir də girmir, ancaq Kəramət Böyükçöl batdığı yerə həmişə həvəs göstərir. Getdim. Mövzu müasir ailə modelidir. Ay Allah, bunlar nə danışır? Aparıcı Elgiz müəllim kişi necə olmalıdır məsələsindən danışırdı. Və bir şeir oxumaq istədim, şeirimi də yarımçıq kəsdilər. Həmən ayağa qalxıb dedim ki, məni tanıyan bütün adamlardan bu verilişə gəldiyimə görə üzr istəyirəm. Verilişdən çıxandan sonra bir dostumun sözü məni çox təsirləndirdi. Dedi ki, sən bu cəmiyyətdə hər il bir roman yazmaqdansa, hər il bir veriliş tərk eləsən daha uğurlu yazıçı olarsan.

# 5209 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #