Çexova görə danlanan əsgərin dramı

Çexova görə danlanan əsgərin dramı
26 dekabr 2016
# 11:28

Mən cəbhə bölgəsində, Füzulidə əsgərlik çəkirdim. Soyuq havalar təzəcə girmişdi, postda dayananda burnumuz donurdu. Aşağıdan kənd evlərini görürdün, arı pətəkləri kimi ard-arda düzülmüşdülər. Mülki adamlar səhər tezdən iki bir, üç bir gözümüzə dəyirdilər. Təpənin üstündə əllərimizi bir-birinə sürtüb nəfəsimizlə isidə-isidə onlara baxıb əsəbiləşirdik. Axı bu adamlar niyə evlərində oturub çay içmirlər.

Xidməti bitirməyimə 3 ay vaxt qalmışdı. Yeni əsgərlər gələndə necə sevinmişdim, təsvir etməkdə acizəm. Onları ilk görən mən oldum. Nəzarət Buraxılış Məntəqəsindən keçdilər. Köhnə əsgər kimi hamısını yığıb sıraya düzdüm. Soyuqdan, ya da qorxudan əsirdilər. Gülümsündüm: "Aranızda ali təhsilli var?" Biri "Mən" dedi. "Kitab gətirmisən?" - soruşdum. Sellofandan Robert Qrinin "Hakimiyyətin 48 qanunu" kitabını çıxardıb göstərdi. "Bu gün naryaddayam, gecə burda olacam. Oxuyub səhər qaytararam" -dedim. "Molodoy"lar həmişə köhnə əsgərlərdən çəkindiklərindən bir şey demədi. Həmin gün o kitabı acgözlüklə oxudum, başımı qaldıranda hava açılmış, iki-bir, üç bir mülki adamlar gözə dəyirdi.

Ondan sonrakı gün qərargah naryadı oldum. Mənə dedilər ki, qərargah rəisinin otağı təmizlənməlidir. Əlimdə əski içəri girdim, gözümə kitablar sataşdı. Əskini bir kənara qoyub aydan gəlmiş adam sayaq kitablara heyranlıqla baxdım. Çox keçmədi ki, təəssüfləndim, çünki kitabların hamısı hərbiyə aid idi. Amma bir kitab... Bu nəsə hərbi kitaba oxşamır. Özü də hərbi kitabların arasında büzüşüb qalıb. Dartıb onu ordan çıxardım. Gözlərimə inana bilmədim. Çexovun hekayələr kitabı. İndi sizə gülməli gələ bilər. Ancaq hər an atışma başlanacaq bir yerdə, suyun belə güclə tapıldığı, yeməyin güc-bəla postlara daşındığı düzənlik bir yerdə belə bir kitabı əlimdə tutmağım möcüzə idi. Yadıma, Stefan Svayqın "Şahmat" novellası düşdü. Orda həbsə düşmüş biri qəfil kitabla qarşılaşır. Eynən həmin qəhrəmanın vəziyyətinə düşmüşdüm, kitabı öpüb qoxlayır, tamaşa etməkdən doymurdum. Duyuq düşməsinlər deyə kəmərimin altına keçirib işimə başladım. özü də elə həvəslə işləyirdim ki... Axşama kitabım var. Nə gözəl!

Çexovun hekayələr kitabını hər gün kazarmada boş vaxtımızda oxuyurdum. Bəlkə beş dəfə başdan-ayağa oxudum, amma yenə də doymurdum. Sonra uşaqlara verdim, sıra-sıra hamı oxudu. Təsəvvür eləyirsiniz? Mülki həyatda heç bir kitabı üzü açmayan, işi-gücü çayxanada domino oynayan bu uşaqlar Çexovun kitabını acgözlüklə oxuyurdular. Sanki əllərinə qızıl balıq düşmüşdü. Çexovun kitabı üstündə dava düşmüşdü. Hamı qabağa düşüb ən birinci oxumaq istəyirdi.

Belə günlərin birində qərargah rəisi kazarmanı yoxlamağa gəldi. Kimsə yadından çıxarıb hərbi kitabların arasına Çexovun kitabını qoymuşdu. İçimdə yalvarırdım ki, görməsin, oğurluğum faş olmasın. Amma mayorun gözündən yayınmadı. Diqqətlə kitaba baxıb gülümsündü: "Bu kitab mənə tanış gəlir. Eynisi məndə də var. Kimindi bu". İrəli çıxdım: "Mənim!"

Qərargah rəisi heç nə demədən çıxıb getdi. Artıq bütün kazarmadakılar kitabı oxuyub bitirmişdi. Amma bir gün bu kitab başımıza oyun açacaqdı. Növbəti gün komandirimiz bizi sıraya düzdü, əsəbiydi, əlində Çexovun kitabını tutub danışırdı: "Başa düşürsünüz, biz cəbhə bölgəsindəyik. Hər an müharibə başlaya bilər. Biz hər gün düşmənlə atışa bilərik. Bu kitabı oxuyub passivləşirsiniz. Mən tələbə olanda oxumuşam Çexovu. Humanizmi təbliğ edir, insan ölümünə “yox” deyir. Sizdə belə bir yerdə bu kitabı oxuyursunuz. Siz indi hərbi kitabları oxumalı, düşmənlə döyüşə daha hazırlıqlı olmalısınız. Evinizə gedəndə doyunca Çexov oxuyarsınız" - komandir sözünü qurtarıb kitabı mənə uzatdı. "Bir də əsgərlərə humanizmi təbliğ eləmə!"

O gün Çexovun kitabı öz yerinə qoydum.

# 2299 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #