Jurnalisti hədələyən xalq artisti

Jurnalisti hədələyən xalq artisti
7 yanvar 2016
# 10:50

Ötən gün Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun işdən azad edilməsi xəbərini oxuyanda xeyli mütəəssir oldum. Çünki İsrafil müəllimi bir neçə dəfə müxtəlif verilişlərin qonağı olarkən dinləmişdim. Geniş mütaliəsi və elmi savadı mənə həqiqətən də xoş təsir bağışlamışdı. Ancaq yenə də bu xəbərdən sonra özümü, “Axır ki” deməkdən saxlaya bilmədim...

Düşündüm ki, az qala iki ilə yaxındır davam edən teatr qalmaqalları axır ki səngiyəcək, aktyorlar başlarını aşağı salıb arzuladığı teatr atmosferində yeni-yeni obrazlar yaratmağa hazırlaşacaqlar. Amma çifayda.

Mən bir də onda ayıldım ki, aktyorlar teatrın bufetində toy-bayram edirlər. Etsinlər. Kim nə deyir ki, istəməyən kor olsun. Onlar keçmiş direktorlarının gedişini toy-bayram etmək istədikləri kimi hər bir mətbuat nümayəndəsinin və söz adamının da bu cür əhvalatlara münasibət bildirməyə, yazı yazmağa ixtiyarı çatır.

Akademik Milli Dram Teatrının xeyli aktyorundan müsahibə götürüb onlarla həmsöhbət olmuşam. Son beş ildə teatrda oynana tamaşalara baxmışam, həmişə də itirdiyim vaxta görə təəssüf hissi keçirmişəm.

Bizim dram teatrı hesab etdiyimiz teatrda aktyorların fəaliyyəti həqiqətən də ürək ağrıdıcıdır. Adam fikirləşəndə ki, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov və digər azman sənətkarların qurub-yaratdığı böyük məktəb bu cür tənəzzülə məruz qalıb, həqiqətən də təəssüflənməli olursan.

Xırda istisnaları kənara qoysaq, Akademik Dram Teatrında istər yaşlı nəsildən, istərsə də gənc nəsildən olan aktyorlar intellektuallıq çatışmazlığından ciddi əziyyət çəkirlər. Nə sirdirsə, teatrın aktyor və aktrisaları 50 yaşı adlayandan sonra mənəm-mənəmlik azarına tutulurlar.

Günlərin bir günündə yaşlı nəsil aktyorların biri ilə zəngləşib, müsahibəyə gedirsən. Sual hazırlayıb, cavab istəyirsən. Di gəl, özləri demişkən, bu sənət fədailəri elementar suallara cavab verməkdə aciz qalırlar. Başlayırlar çevir tatı-vur tatı ilə 1985-ci ildə “Şahbəyimin dumanlı dağları” adlı tamaşadakı baş rolları barədə müfəssəl danışmağa. Xahiş edib, arzulayırsan ki, müsahib bir az üzü bəri, iyirmi birinci əsrə doğru gəlsin. Amma nafilə. Xalq artisti iki ayağını bir başmağa dirəyib Cəlil Məmmədquluzadənin Xudayar bəyi kimi deyir: gəlmənəm ki, gəlmənəm!

Bu sənət adamları nəinki öz həmkarlarına, onları hər zaman təbliğ etməklə məşğul olan mətbuat nümayəndələrinə qarşı da güclü aqressiya nümayiş etdirirlər. Tənqidə tənqid yox, birbaşa təhqirlə cavab verirlər. Misal üçün, ötən gün Kulis saytında yazar Sevda Sultanovanın teatr kollektivinin “bufet selfisi”nə aid yazdığı yazıya xalq artisti Ramiz Məlikin münasibəti... Sözün əsl mənasında ürək bulandırır. Açığı Ramiz Məlik heç vaxt mənim aktyorum olmayıb. Ancaq yenə də onun keçmişdə ifa etdiyi bir neçə rolunu dumanlı olaraq xatırlayıb təəssüfləndim.

Yaşı və karyerası ilə öyünən bir aktyor jurnalistlə hədə ilə danışır, onu az qala “razborka”ya çağırıb qələmə əl atmaqda günahlandırır.

Ramiz müəllim, sizin fikrinizcə mətbuat nümayəndəsi qələmə əl atmayıb nə etməlidir? Bəlkə üstünüzə silahla gələk?!

Sizin nəzərinizə ərz edim ki, “Ağlını başına yığ” deyə xitab etdiyiniz yazar Sevda Sultanova artıq 20 ilə yaxındır ki, mətbuatda qələm çalır. Yüzlərlə məqalənin müəllifidir. Geniş mütaliə bazasına malik olan bu xanım, təsəvvür edə bilməyəcəyiniz şedevr filmlərin izləyicisidir.

Eləcə də sizin varlığından belə xəbəriniz olmayan klassik və müasir dünya rejissorlarının avtobioqrafiyası və filmoqrafiyası ilə yaxından tanışdır. Səmimiyyətimə inanacağınızı arzu edərək bildirim ki, Sevda Sultanova məmləkətdə olan bir çox aktyoru qarşısına qoyub onlara teatr və kino tarixindən master-klass keçmək gücünə malik bir yazardı. Gələcəkdə belə səhvlərə yol verməmək üçün cavab verəcəyiniz şəxsin kimliyini, yaradıcılığının hansı səviyyədə olduğunu araşdırmağınız yaxşı olardı. Bunun üçün otuz dəqiqə internetdə vaxt itirmək sizə kifayət edər. Bəlkə də artıq olar.

Nəhayət gələk neçə illərdi dillərdən düşməyən dram söhbətinə...

Yazının əvvəlində dediyim kimi bir çox aktyorlarla həmsöhbət olduğumdan yaşlı aktyorların gənc aktyorlar üzərində müəyyən basqıları olduğunu da bilirəm. Həmin o qədim zamanlarda Ramiz Məlik və onların digər çiyindaşları teatra gələndə qırx, əlli yaşlarına qədər artıq xeyli sanballı və baş rolların ifaçısı olmuşdular. Böyük teatr məktəbinin ardıcıllığı və dram sənəti də onlarla birgə davam edirdi. Çünki o vaxtın yaşlı nəsli onların qarşısını kəsmirdi. Onlar üçün müxtəlif maneələr törətmirdi. Hər halda kəssəydilər, gözümüz görən tamaşalarda onlar baş rolları çox erkən yaşlarda ifa edə bilməzdilər. Bu gün isə teatrdakı gənclərin vəziyyəti acınacaqlıdır.

Teatrda elə gənc aktyorlar var ki, əslində onlar artıq gəncliklə vidalaşma dönəmlərini yaşayırlar. Amma bu vidalaşma əsnasında onlar heç bir tamaşada baş rol ifa edə bilməyiblər. Şəlalə Şahvələdqızı, Rəşad Bəxtiyar (hər iki aktyor ancaq ötən il qoyulan iki tamaşada baş rola ifa ediblər) Mətləb Abdullayev, Şəhla Əliqızı, Vüsal Mustafayev, Ramin Şıxəliyev və s. Şəxsən mən tamaşa etdiyim tamaşalarda bu aktyorlar çox xırda rollarla çıxış ediblər. Halbuki azı on ildir onları Akademik Milli Dram Teatrının aktyorları kimi tanıyıram.

Səbəb isə çox sadədir. Yaşlı nəsil gənc nəslin irəli çıxmasına imkan vermir. Hətta nəinki onlara teatrda, teatrdan kənarda da onların mətbuata verdikləri müsahibələrə, bildirdikləri fikirlərə göz gəzdirib, söhbətlərini təftiş edirlər.

Yetmiş yaşlı aktyor səhnədə otuz yaşlı cəngavərə çevrilmək istəyir. Altmış yaşa çatmasına lap azca qalmış aktrisa Zemfira Nərimanova isə Napoleonun qızılgül kimi pardaqlanmış gənc Josefinasına iddialıdıır. Necə olur ki, həmin rola uyğun gələn gənc aktrisa Şəhla Əliqızı Jozefina ola bilmir, amma Zemfira Nərimanova olur? Bu cür xırıltılı Jozefinalığın nəticəsi də göz qarşısındadır.

Uğursuz tamaşalar, özlərini artıq realizə edə bilməyən hikkəli, qərəzli aktyorlar, onları təbliğ etməklə məşğul olan mətbuat nümayəndələrini “razborka”ya çağıracaq qədər kasad və bəsit biliyə, dünyagörüşə malik xalq artistləri... Əsl problem məhz buradadır.

Məncə, yaşlı aktyorlar bir-birləri ilə tamaşaçıların gözü qarşısında yumruq davalarına və mətbuata qəzəb püskürmələrinə ara verərək oturub bu haqda ciddi-ciddi düşünsünlər.

Əks halda Akademik Milli Dram Teatrının bundan sonrakı vəziyyəti həqiqətən də dramatik olacaq.

# 2816 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #